Daşkənddəki uchildiz.uz portalında böyük Azərbaycan memarı Əcəmi haqqında rus dilində “Böyük Əcəminin yaradıcılığı: bütün dövrlərin şedevri” sərlövhəli geniş məqalə yer alıb.
Material coğrafiya elmləri doktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun baş elmi işçisi Seyran Vəliyev və professor, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin məqalələrindən istifadə edilməklə hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Əcəminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, bildirilir ki, 1976-cı ildə Azərbaycanda böyük memarın 850 illik yubileyi qeyd olunub. 10 il sonra isə onun şərəfinə Bakı metropoliteninin stansiyalarından birinə “Memar Əcəmi” adı verilib.
Yazıda bildirilir ki, XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı, həm də ölkənin siyasi, iqtisadi sənətkarlar şəhəri kimi tanınıb. Memarlıq sənəti burada öz çiçəklənmə dövrünü yaşayıb. Belə ki, şəhərdə və şəhərin ətrafında çoxsaylı memarlıq abidələri - məscidlər, saraylar, karvansaralar, dini məktəblər tikilib.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.