“Araz sahilində doğan Günəş” tamaşası Milli Qurtuluş Günündə efirə veriləcək - VİDEO
NUHÇIXAN xəbər verir ki, iyunun 15-də saat 14:30-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Televiziyası və Mədəniyyət kanalının birgə layihəsi olan “Araz sahilində doğan Günəş” tarixi dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri Mədəniyyət televiziyası və Naxçıvan Televiziyası vasitəsi ilə tamaşaçılara təqdim ediləcək.
Layihə Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan Günəş” dramı əsasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub. Səhnə əsərinin quruluşcu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.
Xatırladaq ki, dram əsərində ötən əsrin əvvəllərində regionda, həmçinin ölkəmizdə baş verən ictimai, siyasi hadisələrdən, naxçıvanlıların muxtariyyətin qazanılması uğrunda apardıqları mübarizədən,”Moskva” və “Qars” müqavilələrinin tarixi mahiyyətindən, həmçinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəkdən bəhs edilir.