Bu gün milli ədəbiyyat tariximizin tənqidçisi, görkəmli ədəbiyyatşünas Məmməd Arif Dadaşzadənin doğum günüdür

A- A A+

Akademik Şəfaət Mehdiyev 1974-cü ildə “Ən görkəmli elm və mədəniyyət xadimlərindən biri” kimi qiymətləndirdiyi Məmməd Arifə müraciətlə yazırdı: “Keçdiyiniz şərəfli yol bizim üçün də ibrətamizdir. Sizdən təkcə ədəbiyyatşünaslığı və mahir tənqidçiliyi deyil, bəlkə, daha artıq həyatın keçilməmiş təlatümlü yollarında səbir və nəzakətlə, gələcəyə böyük inamla addımlamağı da öyrənmək olar...” O, 50 illik bir dövrü əhatə edən ədəbiyyat tariximizə tənqidi fikrin klassiki kimi daxil olmuşdur. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlının dramaturgiyada, Ordubadinin nəsrdə, Səməd Vurğunun poeziyada gördüyü işi Məmməd Arif tənqiddə görmüşdür. Tənqidin ruhu elə olmalıdır ki, yazıçını əsəbləşdirməsin, yazıçı inansın ki, tənqidçi ona kömək etmək istəyir. Böyük ədəbiyyatşünas tənqidçi deyirdi: “Adam nə qədər bir-birini tərifləyər. Təriflənənlər aldanıb deyilənlərə inana bilər…”

XX əsr Azərbaycan ədəbiyyatşünaslığında ilk yada düşən alimlərdən biri də ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, pedaqoq, nasir, ictimai və dövlət xadimi, akademik 10 iyun 1904-cü ildə Bakı şəhərində anadan olmuş Məmməd Arif Dadaşzadədir. 

Prezident cənab İlham Əliyev böyük alimin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında 2014-cü il  15 aprel tarixli Sərəncamı akademikin irsisinin öyrənilməsinə daha da geniş vüsət açdı. 1920-ci ildə Bakıdakı rus-tatar məktəbini bitirən alim 1920-1930-cu illərdə Süleyman Sani Axundovun müdiri olduğu məktəbdə müəllim işləmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil aldıqdan sonra Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirir. 1923-cü ildə “Molla Nəsrəddin” jurnalında “Məğmun xızılı” imzası ilə “Bədgümanam”, “Belə getsə düzələr”, “Elan”, “Mərsiyə xəbərləri” felyetonları dərc edilir. 1932-1938-ci illərdə Azərbaycan xalq maarif komissarının müavini, Azərbaycan Pedaqoji İnstitutunda Rus ədəbiyyatı kafedrasının baş müəllimi, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri işləyib. 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində çalışıb. 1941-1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri olub. 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilib. Məmməd Arif 1960-cı ildən ömrünün sonunadək akademiyanın vitse-prezidenti olub. Məmməd Arif 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. “Əməkdar elm xadimi” (1960) fəxri adına və “Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasına görə dövlət mükafatına (1974) layiq görülüb. Məmməd Arif 27 dekabr 1975-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 

Xalq şairi Səməd Vurğunun dram yaradıcılığı ilk dəfə Məmməd Arif tərəfindən monoqrafik tədqiqata cəlb olunub. Məmməd Arif Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus ədəbiyyatı klassiklərindən də bəhrələnib, R.Taqor, E.Remark, N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, N.Ostrovski, A.Barbüs, M.Servantes və başqa ədiblərin əsərlərini dilimizə tərcümə edib. Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev və bir çox ədəbiyyatşünaslar elmi əsərlərində alimin yaradıcılığına geniş yer  veriblər.

Öz tədqiqatlarında milli ayrı-seçkilik etməyən alim məqalələrində Nizami, M.Gəncəvi, Füzuli, Natəvan, S.Ə.Şirvani ilə yanaşı, Nəvai, Şekspir, N.Qoqol, İ.Qonçarov, T.Şevçenko, A.N.Ostrovski, M.Saltıkov-Şedrin, İ.Franko, R.Taqor və digər görkəmli şair və yazıçıların əsərlərini ciddi surətdə təhlil edib. Alimin “Cəfər Cabbarlının yaradıcılığı”, “Səməd Vurğunun dramaturgiyası”, “Azərbaycan ədəbiyyatının tarixi” (rus dilində) və digər monoqrafiyaları heç zaman aktuallığını itirməyən dəyərli elmi mənbələrdir. 

Azərbaycan elminin inkişafında böyük xidmətləri olan Məmməd Arif obrazını canlandırarkən daha çox təmkinli tənqidçi, müdriklik və müasirlik xüsusiyyətlərinə daha çox üstünlük verilir. O, ömrü boyu həmişə ən çətin, məsuliyyətli, hətta tarixi məqamlarında da müdrik davranmağa üstünlük vermiş, müasirlik anlayışının genişliyi içərisində ən məqbul olan təmkinli yolu müəyyən etməyi bacarmışdır. Akademik Kamal Talıbzadənin yazdığı kimi o, "öz tənqidlərini səbirlə, sakit və konkret şəkildə söyləməyi sevir, onları inadla, lakin inandırıcı şəkildə sübut etməyə çalışır. Tez hökm vermək, təhlilsiz və sübutsuz nəticə çıxarmaq, yersiz həyəcana qapılmaq onun qələminə yaddır. Ədəbiyyata vətəndaşlıq qürurundan doğan bir məhəbbət və bu məhəbbətdən yaranan həqiqi qayğı Məmməd Arifin tənqidi məqalələrinin pafosunu təşkil edir". Bu baxımdan da Xalq şairi Səməd Vurğunun akademik Məmməd Arifi "tənqidimizin vicdanı" kimi dəyərləndirmişdir. 

Xalq yazıçısı Süleyman Rəhimovun akademik Məmməd Arif Dadaşzadənin tənqidçilik fəaliyyəti haqqında deyirdi:  "Məni təqdir etdiyi zamanlarda xoşhal olmuşam, demişəm, zarafat deyil, Məmməd Arif Dadaşzadə belə deyir. Ancaq onun məni tənqid edən qeydlərini oxuyunca nə deyim, göynəmişəm. Sonralar düşünüb-daşınmışam, balam, kişi doğru deyir". 

Akademik Məmməd Arif Dadaşzadənin elmi ədəbi-tənqidi məqalələri təkcə yazıldığı dövrdə deyil, indi də istinad edilən və müasirlik imkanlarına malik olan mənbələrdir. Alimin Azərbaycan ədəbiyyatının tarixinə, inkişafına, görkəmli klassiklərinə və yeni nəsil yazıçılarına həsr edilmiş elmi məqalələri, aydın, obyektiv və əsaslı elmi qənaətləri ilə sezilir.

Bir neçə nəslin müəllimi, elmi rəhbəri və məsləhətçisi olan akademik Məmməd Arif elmdə də, ədəbiyyatda da yeni nəsli və yeniləşmə proseslərini həmişə dəstəkləmişdir. Xalq yazıçısı Mirzə İbrahimovun haqlı olaraq yazdığı kimi o, ali məktəblərdə dərs deməklə yanaşı, həm də "oxucunun da müəllimi" olmuşdur. İnanırıq ki, müasir ədəbiyyatda öz dəst-xəti ilə ad-san qazanmış tənqidçi ədəbiyyatşünas alimlərimizdə Məmməd Arif Dadaşzadə qələmindən bəhrələnmiş, onun keçdiyi şərəfli yolu davam etdirib ondan sonra da iz buraxacaqlar.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: