Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür. Dünyaşöhrətli yazıçı Çingiz Aytmatov deyirdi: “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik”. Müasir Azərbaycan ədəbiyyatının böyük siması İsa Muğanna milli bədii fikrin inkişafında mühüm rol oynayıb. Azərbaycan nəsrinin əsaslı şəkildə yeni mərhələyə keçid etməsində onun xidmətləri əvəzsizdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Xalq yazıçısını ədəbi cizgilərlə xarakteriz edərək deyirdi: “Yazıçı həyatın və insan mənəviyyatının dərinliklərinə qədərki axtarışlarında son dərəcə səmimi, təbii, inandırıcı, real və eyni zamanda obrazlı görünür”.
O, 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olsa da, İsa Hüseynov Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbulunu yarım buraxıb. Sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olaraq təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.
İlk işinə Azərbaycan Dövlət Nəşriyyatının Ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov sonralar jurnalda Nəsr şöbəsinin müdiri, kinostudiyada redaktor, baş redaktor, ssenari kollegiyasının üzvü və Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlayan Xalq yazıçısının “Ana dil ötən yerdə” adlı oçerki 1949-cu ildə, ilk kitabı isə 1950-ci ildə nəşr olunub. Onun müxtəlif illərdə “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitabları oxuculara təqdim edilib. Yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və sair filmləri ekran üzü görüb.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub. Yazıçı altmış illik bir dövrdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Xalqının, millətinin ədəbi dəyərlərinin qorunmasında yorulmadan fəaliyyət göstərən yazıçı aydın mövqeyi, parlaq ziyası ilə hər zaman oxucusunu heyrətləndirib.
Azərbaycan nəsri daha çox poeziyaya yaxındır, amma İsa Muğanna qoyulan məsələləri məhz insan kontekstində araşdırıb. O sanki öz əsərlərində öz dövrünün insanının fotosunu çəkib və həmin foto ilə o dövrünü tanıtdırıb. Bax ədəbi güc budur: fotoqrafik ədəbi qəhrəmanların yaradılması. Onun dili, şərhləri asan və sanballı idi. Dostoyevski rus nəsri üçün nə qədər dəyərlidirsə, bizim üçün də İsa Hüseynov elədir. Bir zamanlar Məmməd Səid Ordubadinin oxumağa alışdırdığı insanlar sonralar İsa Hüseynov yaradıcılığının həqiqi qiymətini verə bildi.
Azərbaycanın Xalq şairi Fikrət Qoca İsa Hüseynovun yaradıcılığının Azərbaycan ədəbiyyatında baş verən dönüşün başlanğıcında meydana gəldiyini bildirirdi. Bu dövr ədəbiyyatımıza Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə, və müasir Azərbaycan oxucusunun qəbul etdiyi onlarla yazıçı, tənqidçi və yaradıcı adamlar bəxş edib. Onlar öz gəlişi ilə ədəbiyyatımızda səs saldığı kimi, yetəri qədər diqqəti cəlb etməyi və gündəmdə qalmağı da bacardılar. Müəyyən dövrdən sonra İsa Hüseynov öz yerini İsa Muğannaya verdi. Özünün də dediyi kimi, “İdeal” romanı və ondan sonra yazılmış bütün əsərlərdə İsa Muğanna İsa Hüseynovun deyə bilmədiklərini dedi. Amma diqqətli oxucu Muğannada da Hüseynovu tapmağı bacarır.
Onun əsərlərini oxuduqca hiss olunur ki, o yalnız öz dərdlərini çəkmir. Onu məşğul edən problemlər yalnız Azərbaycan oxucusunun problemləri də deyil. O, bəşəriyyətin yazıçısıdır. Çünki onun dərdi bəşəriyyətin, insanlığın dərdləri ilə ortaqdır. O, təkcə “altmışıncılar” nəslinin ustadı deyil, yüz, iki yüz il sonra da baxanda İsa Muğanna ustad kimi daim zirvədə görünəcək. Onu oxumadan, onu öyrənmədən Azərbaycanda nəsrlə məşğul olmaq etik olmaz.
İsa Muğanna deyir ki, mən “Məhşər”i yazanda bir də baxıb gördüm ki, əlim işləyir, beynim işləmir. Niyə İsa Muğannanın eləyə bildiyini o biri yazıçılar edə bilmədi? Çünki İsa Muğanna Nəsimiyə, Nizamiyə qayıtdı. Sufizmi öyrəndi. Götürsək məhz Nizaminin “İsgəndərnamə” əsərində orada Muğannanın “İdeal” romanının bütün konturları var.
İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, “Xalq yazıçısı” fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib. Görkəmli yazıçı 2014-cü il, aprelin 1-də ömrünün müdriklik çağında, 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 31 may tarixli Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkədə geniş şəkildə keçirilmişdi.
Ədəbiyyatımızda özünəməxsus nəsr məktəbi yaratmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru