Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti Hacıbaba Ağarza oğlu Bağırovun bu gün doğum günüdür
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində anadan olub. Orta məktəb illərindən teatra olan marağı onun yolunu 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyorluq studiyasına salır. Yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayan aktyor 10 il burada işlədikdən sonra Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunur. Burada fəaliyyəti dövründə Fuad (“Almas”), Şahsuvar (“Komsomol poeması”), Rəşid (“Anacan”) kimi müxtəlif səpgili rolları oynayır. 1962-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 1989-1996-cı illərdə özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrında bədii rəhbər olaraq işləsə də, yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdaraq bədii rəhbər və direktor vəzifələrində fəaliyyət göstərir. Burada 26 il fəaliyyət göstərən Hacıbaba Bağırov Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Z,Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, S.Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Ə.Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, E.Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli Könül”də Fərzəli, V.Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, S.Hacıbəyovun “Qızılgül”ündə Nadir, A.Məşədibəyovun “Toy kimindir?”ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın “Bankir Adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” triollogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi rollarda oynayaraq tamaşaçıların dərin rəğbətini qazanaraq milli mədəniyyətimizin inkişafına xidmət edib.
Azərbaycan gülüş mədəniyyəti tarixində yaradıcılığı ilə xüsusi yer tutan Hacıbaba Bağırov özünəməxsus yumorla oynadığı rollar musiqili komediya teatrımızın tarixinə həmişəlik daxil olub. Onun sənətinin əsas xüsusiyyətlərindən biri də incə məqamları komik canlandıraraq tamaşaçının sevgisini qazanmasıdır. Xalqımızın ən sevimli aktyorlarından biri olan Hacıbaba Bağırov çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Azərbaycan kinematoqrafiyasının inkişafına da öz töhfəsini verən Hacıbaba Bağırov kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar ilə tamaşaçının yaddaşında özünəməxsus yer tutub. Kino sahəsində də fəaliyyəti uğurlu olan aktyorun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsində əvəzsiz xidmətləri olan Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycan mədəniyyətinin zənginləşməsində əlindən gələni əsirgəməyib. Hacıbaba Bağırovun Azərbaycan mədəniyyətinin inkişafı yolunda göstərdiyi xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə “Azərbaycanın Xalq Artisti” fəxri adlarına layiq görülüb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Bundan əlavə 2001-ci ildə “Bankir adaxlı” tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Bütün həyatını Azərbaycan mədəniyyətinə həsr edən Hacıbaba Bağırov ömrünün 75-ci ilində, 2006-cı ildə vəfat edib, 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Xalqın düşüncəsində gülüş yaradan aktyor olaraq qalan Hacıbaba Bağırov hər zaman xatirələrdə səmimi çöhrəsi ilə yaşayacaq.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı