"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib - FOTOLAR
“Naxçıvan istedadları” incəsənət festivalında fərdi nominasiyalar üzrə 378 şagird, kollektiv nominasiyalar üzrə isə 55 kollektiv iştirak edib. Onlardan fərdi nominasiyalar üzrə 126 şagird, kollektiv nominasiyalarda isə 17-si II turda iştirak etmək üçün haqq qazanıb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan istedadları” incəsənət festivalının mükafatlandırma mərasimində deyib.
Nazir müavini bildirib ki, festivalın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadını üzə çıxarmaq, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə marağını və fərdi musiqi bazasını daha da artırmaq, gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanmasıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərini vurğulayaraq, mədəniyyət sahəsinə göstərilən qayğıdan bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunmasından, dövlətin uşaqlara verdiyi dəyərdən danışıb, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda mədəniyyətin inkişafı ilə bağlı qarşıda duran məsələlərin uğurla həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra festival qalibləri mükafatlandırılıb. Fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonda final mərhələsində qalib olmuş şagirdlər konsert proqramında müxtəlif kompozisiyalarla çıxışlar ediblər.