Naxçıvanın tarixində ictimai-siyası həyatda kişilərlə bərabər qadınlarımızın da rolu danılmazdır.
Tarixin bütün dönəmlərində Naxçıvanlı qadınlar istər siyasət, istər ədəbiyyat, istərsə digər sahələrdə öz fəallıqları, zəhmətkeşlikləri ilə seçiliblər. Bu sahədə uğurlu tədqiqatları ilə seçilən tarix elmləri üzrə fəlsəfə doktoru Sevinc Abbasova 20-ci əsrdə nəinki Naxçıvanın, ümumilikdə ölkənin ictimai həyatında mühüm rol oynayan Şahtaxtinslikaya qadınlarının fəaliyyəti ilə bağlı araşdırma aparıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil edilən “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsində fərqlənən həmin yazını NUHÇIXAN təqdim edir.
1905-ci il... İki qadın miz arxasında əyləşib nəsə yazırdı. Bu gün burada tarixin yeni bir işıqlı səhifəsi yazılırdı. Əqidəcə, əməlcə bir-birinə bağlı olan bu iki qadının əli və səyi ilə yeni bir mədəni addım atılırdı.
Bu qadınlar kimdir? Tarix onların adını nə ilə yaşadır?
Tanış olun: biri İsa Sultanın ömür yoldaşı Sofiya xanım Şahtaxtinskaya, o birisi onun əziz qonağı, məslək dostu, Qarabağın müqtədir qadınlarından Həmidə xanım Cavanşir.
Haşiyə: İsa Soltan kimdir? 1851-ci ildə İrəvanda zadəgan ailəsində doğulub. 1865-ci ildə Tiflisdə D. Kipianinin pansionunda oxuyub, 1871-ci ildə «Realnı gimnaziya»nı bitirib. 1872-1875-ci illərdə Peterburqda Əkinçilik İnstitutunda oxuyub. Parisdə və Londonda iki il siyasi iqtisada, Sürixdə isə təbiətşünaslığa dair mühazirələrə qulaq asıb, 1875-ci ildə «Təbiət və cəmiyyətin inkişafında meşənin əhəmiyyəti» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Payızda Tiflisə qayıdıb, mətbuatda çalışmağa başlayıb. «Tiflisski vestnik» qəzeti redaksiyasında siyasi məsələlər şöbəsinin müdiri olub. 1877-ci ildə «Kavkazski almanax»ı nəşr etdirmişdir. Almanaxda Qafqazın coğrafiyası, inzibati bölgüsü, dövlət idarələri, maarif işçiləri haqqında maraqlı məlumatlar verilib. Onun «Şərq böhranı» adlı çox sanballı məqaləsi də almanaxda dərc olunub. 1880-ci ildən ömrünün axırınadək Qarsda işləyib. İnzibati işlərdə məmur, hərbi quberniya dəftərxanasında müdir olub. Rus dilində çıxan «Kars» qəzetində əməkdaşlıq edib. Həmin qəzetə əlavə olaraq gündəlik teleqraf bülleteni buraxıb.
İsa Sultan Nəcəf oğlu Şahtaxtinskinin ölümü haqqında « Kafkaz » qəzeti 1894-cü il noyabrın 7-də nekroloq dərc edib.
* * *
Sofiya xanım Həmidə xanımla gələcək xeyriyyə cəmiyyətinin özül daşlarını qoyurdular. Onların gözünə yuxu getmirdi. Baxışları gülür, ürəkləri coşurdu.
Sofiya xanım Tiflisin bütün ziyalı qadınlarını tanıyırdı. O, xeyriyyə cəmiyyətinə cəlb ediləcək qadınları yadına salır, Həmidə xanım isə siyahı tuturdu.
Onlar sonra faytona əyləşib bu xəbəri Tiflisin ən nüfuzlu qadını Gövhər xanım Qacara çatdırırlar. Gövhər xanım Peterburq Qızlar İnstitutunda xüsusi kurs bitirmiş, o zamanın açıq fikirli, xalqının mədəni yaşamasını, maariflənməsini istəyən görkəmli qadınlardan idi. Xeyriyyə cəmiyyətinin yaradılmasını o hamıdan çox bəyəndi. Elə həmin gündən bu işə qoşuldu. O, oxumuş ziyalı ailələrlə yaxın idi. Təkcə Tiflisdə deyil, bütün quberniyada yaşayan mədəni azərbaycanlı qadınları tanıyırdı.
Həmin gün üç nəfər azərbaycanlı qadın - Sofiya, Həmidə və Gövhər xanım faytondan düşmədi. Onlar Tiflisin daş döşənmiş küçələrini gəzib-dolandılar, öz müsəlman bacılarını tapıb xeyir xəbər söylədilər, cəmiyyətin ilk iclasına çağırdılar. Axşam Qori şəhərində yaşayan Firudin bəy Köçərlinin arvadına və başqa qadınlara məktub yazdılar.
Bu xəbər qadınların ürəyindən oldu. Kimə məktub yazılıbsa, xəbər göndərilibsə, belə bir cavab gəldi: «Bu, Şərq qadınlarının həyatında ilk mədəni addımdır. Belə bir cəmiyyətin yaradılmasına məmnuniyyətlə razıyam...»
1905-ci il inqilabının dalğalandığı bir vaxtda Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaradıldı. Cəmiyyətin məqsədi yoxsullara yardım etmək, qız məktəbləri açmaq, Qafqazda qadınlar arasında maarif, mədəniyyət işləri aparmaq idi. «Qafqaz Müsəlman Unas Cəmiyyəti Xeyriyyə»sinin nizamnaməsində göstərilirdi: cəmiyyət müsəlman məktəbini müdafiə edir. Yeni açılan məktəblərə köməklik göstərir, onların ali ibtidai məktəblərə çevrilməsinə çalışır...
Yoxsullara, ehtiyacı olanlara təqaüd verir, onları işə düzəldir...
Aclıq, xəstəlik, yanğın kimi təbii hadisələr olduqda yardım edir. Xəstəxanalar, məsləhətxanalar, yetimxanalar və digər xeyriyyə ocaqlarını idarə edir.
1910-cu ildə «Qafqaz Qadın Xeyriyyə Cəmiyyətinin Nizamnaməsi» təsdiq edildi. Cəmiyyətin bütün mədəni tədbirlərində Sofiya xanım və qızları da həvəslə iştirak edirdilər.
Sofiya xanım dövrünün savadlı, tərəqqipərvər qadınlardan biri idi. Ərinin maarif və mədəniyyət sahəsindəki hər bir işi ona qol-qanad verirdi. Lakin sevimli həyat yoldaşının vaxtsız ölümü onu maddi və mənəvi çətinliklər qarşısında qoydu. O, beş qız uşağı ilə qaldı. Ailəni dolandırmaq, uşaqlara təhsil vermək, onları ailə sahibi etmək bir qadın üçün necə də çətin idi. Ancaq Sofiya xanım həyatın ağırlığına, sərtliyinə mətanətlə dözüb, qızlarını böyütdü. Onlara ömür yoldaşının istədiyi kimi təhsil verə bildi.
Böyük qızı Leyla Zaqafqaziya Qızlar İnstitutunu qurtardı. Bakı milyonçusu H.Z.Tağıyevin maddi yardımı ilə ali təhsil almaq üçün İsveçrəyə getdi, Lozanna Universitetinin tibb fakültəsinə daxil oldu. Üçüncü kursda ikən Tiflisə ana ürəyini dağlayan bir xəbər çatdı: Leyla qəfildən öldü. Nədən? Axı, o, sağlam qız idi? Ömrünün iyirminci baharını yaşayırdı. Bu xəbər təkcə Sofiya xanımı deyil, Qafqazın mədəni müsəlman ictimaiyyətini də kədərləndirmişdir. «Molla Nəsrəddin» satirik jurnal olmasına baxmayaraq, 1908-ci ildə 52-ci nömrəsində Leyla xanım Şahtaxtinskaya haqqında nekroloq dərc etdi. Burada deyilirdi: «... İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi.
Əfsus, qismət olmadı. Leyla xanım keçən il İsveçrədə soyuqdəymədən vəfat elədi.
Avropaya elm dalınca gedən müsəlman qızlarından Leyla xanımdan savayı bir özgəsini eşitməmişik.
«Molla Nəsrəddin»in arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün təskinsiz bir dərddir.
Jurnalımızın səhifəsini mərhumənin surəti ilə bəzədik ki, gələcəkdə Leyla xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın? Rəvadırmı bundan sonra İsveçrədə elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş? Dəxi dünyada müsəlman qızı yoxdur, bəlkə dünyada heç müsəlman yoxdur!..
Rəvadırmı?»
Böyük arzularla ali təhsilli, xoş istiqballı balasının yolunu gözləyən ananın ümidi qırıldı. Bu vaxtsız ölüm haqqında bir neçə sətirlik məlumat «Molla Nəsrəddin» jurnalında tarixi fakta çevrildi. Amma ürəklərdə gizli bir sirr açılmamış qaldı. Leylanın soyuqdəymə xəstəliyindən ölməsinə Mirzə Cəlil də inanmamışdı. Bəlkə də o, müəmmalı sirri açmamaq üçün belə yazmışdı?! Doğrudanmı Leyla belə yüngül xəstəlikdən ölmüşdü?! Bu suala cavab haradan tapmalı?
Molla Nəsrəddinin yanıqlı harayını sanki ilk dəfə Sofiya xanımın kiçik qızı Ədilə eşitdi. O, nakam ölmüş bacısının arzularını yaşatmağı, həyatda onun yerini tutmağı ömrünün qayəsinə çevirdi.
Atası dünyadan köçəndə Ədilənin heç bir yaşı olmamışdı. Ədilə ana qayğısı ilə böyüdü. 1912-ci ildə Tiflisdə «11 qız gimnaziyası»nı qurtardı. Tale onu Bakıya gətirdi. Ədilə burada Azərbaycanın maarifpərvər qadınlarının əhatəsinə düşdü. O, bir müddət H. Z. Tağıyevin Birinci Rus-Müsəlman qız məktəbində əvvəlcə müəllim, sonra müdir oldu, ikiillik pedaqoji kursda dərs verdi.
1919-cu ildə Tiflisə gedib tibb institutuna girdi. Lakin təhsilini tamamlamaq ona Bakıda qismət oldu. O zaman ali təhsilli müsəlman qızlarının barmaqla sayıldığı bir vaxtda - 1922-ci ildə Ədilə ali tibb təhsilini başa vurub, həkimlik ixtisasını qazandı. «Şərq qadını» jurnalı 1924-cü il fevral nömrəsində Azərbaycan Dövlət Universitetini bitirmiş ilk dörd azərbaycanlı qızın - Ceyran xanım Sultanovanın, Sona xanım Axundovanın, Kəbirə xanım Bağırbəyovanın və Ədilə xanım Şahtaxtinskayanın portretlərini dərc etməklə bunu o dövrün nailiyyəti, əlamətdar hadisəsi sayırdı. Bəli, indi bizə qəribə görünsə də, o zaman təkcə bir qadın həkim yetişməsi də fərəh doğururdu. Ədilə xanım azərbaycanlı qadınlar arasından çıxmış ilk təhsilli ginekoloq idi. Mərhum professor Rizvan Cavadovun təbirincə desək, «o, kafedraya od parçası kimi düşdü. Amma bu işıq şöləsinə gələnləri yandırmadı, kama yetirdi, yaşatdı».
Ədilə xanım işləyə-işləyə elmi tədqiqat işləri ilə də məşğul oldu. O, 1930-cu ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdi. Professor rütbəsinə də yüksəldi. Bacısının arzularını yerinə yetirdi, minlərlə anaya övlad sevinci bəxş etdi. Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra müdiri, dekan işlədi. Biliyini, təcrübəsini gənclərə öyrətdi. Moskvada, Kiyevdə, Daşkənddə, Bakıda, Tiflisdə və ölkəmizin digər şəhərlərində keçirilən elmi məclislərdə iştirak etdi, sovet tibb elminə yeniliklər gətirən məruzələr və çıxışlar etdi. Azərbaycanda səhiyyənin və tibb elminin inkişafında nəcib xidmətlər göstərdi. Sevildi, elin-obanın hörmətini qazandı.
Amma bu od parçası bəzi bədxah adamların ürəyini yandırdı. Onun alim ziyası xain, xəbis gözləri qamaşdırdı. Qara fikirlər, uydurmalar, çuğullar işə düşdü. Şirin həyatına zəhər qatıldı. Əri 1934-cü ildə tutulanların cərgəsində getdi. Ədilə xanım bütün meylini, ürəyini, hərarətini bircə balasına salıb öz ailəsi, öz yaradıcı elmi işi ilə məşğul oldu. Ginekologiyaya aid kitab yazdı. Oxucu üzü görməmiş səhifələrində şübhəli yerlər axtarılmağa başlandı. Tibb elminə aid kitabın müəllifi millətçilikdə təqsirləndirildi.
1937-ci ilin qasırğası onu da yerindən sovurub cəhənnəm oduna atdı. İkinci əri Qulam Sultanov Azərbaycan kino-foto sənaye idarəsinin rəisi işləyirdi. M. C. Bağırovun şərindən qurtarmaq üçün o, xalq maarif komissarı Məmməd Çuvarlinski ilə Moskvaya şikayətə gedəndə hər ikisi Beriyanın adamları tərəfindən Kursk vağzalında yaxalandılar, həbs olunub ciddi mühafizə dəstəsi altında geri qayıdan qatarla Bakıya göndərildilər. Onları M. C. Bağırov şəxsən özü dindirdi və güllələdi...
Ədilə xanımın həyatı böyük təhlükə qarşısında qaldı. Azərbaycanın ilk professor qadınlarından biri həbsxanaya salındı. Onun nə müdrik zəkası, nə nəcib xidmətləri, nə də bu xalqın gələcəyi üçün perspektivləri nəzərə alınmadı. O, üfunət iyi verən kameradan öz etiraz səsini qaldırdı, M. C. Bağırova neçə kərə ərizə yazdı. Fəqət, elə bil, atılan daş quyuya düşdü.
Bir neçə aydan sonra Azərbaycana lazımlı bir adam Azərbaycandan çox-çox uzaqlara mal-heyvan daşınan vaqonda Potmadakı qadın həbs düşərgəsinə sürgün edildi. Burada beş il cəza müddətini başa vurmalı idi. Hansı günaha görə, özü də bilə bilmədi. Ürəyi Tiflisdə anasının və bircə balasının yanında qaldı.
Bircə orada təskinlik tapdı ki, sürgün yerində də insanlara gərəkli oldu. Onun gözəl həkim-cərrah olmağı nəinki düşərgədə, hətta ətrafdakı yaşayış yerlərində də bilindi. Ədilə xanımı tez-tez köməyə çağırırdılar.
Lakin sürgün həyatı çox ağırdı. O, göz yaşıdı, intizardı, niğarançılıqdı, mənəvi sarsıntıdı. Ədilə xanım bunlara sinə gərib sürgün müddətini başa vurdu. Özündə bir yüngüllük hiss etdi. Böyük ümid və arzu ilə Vətənə döndü. Ancaq gözlədiyi kimi olmadı. Bu fədakarlıqda professorun, hətta həbs düşərgəsində azad, sərbəst dolanmağa mənəvi haqq qazanmış bir insanın Bakıda yaşamağı qadağan edildi. Ədilə xanımın yaralı qəlbinə elə bil qaynar su tökdülər. O, incidi, küsdü. İnsanlardan uzaqlaşmaq istədi. Anası yadına düşdü. Uşaq vaxtı yaşadığı, gəzib-dolaşdığı yerləri xatırladı. Kövrək hissləri onu Tiflisə çəkib apardı. Anasının, bacılarının, doğmalarının yanında ürəyi bir qədər açıldı, elə bil ürəyi yenidən pərvazlandı. Axı, həm yaşamaq, həm də oğlunu boya-başa çatdırmaq üçün işləmək lazım idi. Ədilə xanım yenə əyninə ağ xalat geyinib insanların sağlamlığı keşiyində dayandı. Lakin həyatının dinclik, sakit məcrasına yönəldiyi bir vaxtda, 1951-ci ildə bir bahar günü bu dünyanı tərk etdi. O, bu dünyaya bahar kimi gəldi, öz əməli, həyatı, insanlara qayğısı ilə ürəklərdə bahar sevinci oyatdı. Özü də bahar çiçəyi kimi tez soldu.
Nazlı Şahtaxtinskaya da ata-anası kimi ömrünü maarif və mədəniyyətin tərəqqisi işinə həsr etmişdi. Zaqafqaziya Qızlar İnstitutunda təhsil almış Nazlı ilk müəllimlik fəaliyyətinə Tiflisin Şeytanbazar deyilən məhəlləsində Puşkin adma Birinci şəhər ibtidai məktəbində başladı. Burada o, Tiflisin ziyalı qadınlarından Sara xanım Talışinskaya, Firuzə xanım İsmayılova, Mina xanım Məmmədova ilə birlikdə azərbaycanlı uşaqlara rus dilini öyrətdi, bilik verdi. Ömrünün 45 ilini Azərbaycan məktəbində səmərəli pedaqoji fəaliyyətə həsr etdi, uzun illər tədris hissə müdiri işlədi.
Şahtaxtinskilər ailəsində Fatma və Cəmilə adlı iki qız da pərvazlandı. Cəfakeş ananın sayəsində Fatma qızlar institutunda, Cəmilə isə gimnaziyada təhsil alıb o dövrün ziyalı qadınlarının cərgəsinə qoşuldular. Tiflisin tərəqqiyə üz tutan mədəni mühitində gələcəyə addımladılar.
Sofiya xanım cəhalətin hökm sürdüyü bir vaxtda İsa Sultanın arzularını beləcə həyata keçirirdi. Özü də o dövrün bir çox müsəlman qadını kimi dörd divar arasında naçar qalmayıb Tiflisin ən görkəmli qadınları sırasında oldu, ictimai-siyasi həyatda fəal iştirak etdi. O, bir çox ziyalı qadının sələfi kimi mədəniyyət tariximizdə özünəməxsus rol oynadı.
Sofiya xanım Şahtaxtinskaya Azərbaycanın ilk maarifpərvər qadınları, o cümlədən Həmidə xanımla dost və mehriban rəfiqə idi. Həmidə xanım hər dəfə Tiflisə gedəndə onun evində qalırdı. Böyük ədib Cəlil Məmmədquluzadənin Həmidə xanımla xoşbəxt ailə qurmasının da səbəbkarı Sofiya xanım idi.
Bu işıqlı yolda o, tək qalmadı. Kamala yetirdiyi beş qızı da bu yolda ananın başını uca etdi. Şahtaxtinskilər ocağının istisini, nurunu gələcək nəsillərə ötürdü.
Onun Tiflisin ziyalı müsəlman qadınları ilə xeyriyyə cəmiyyəti vasitəsilə mədəni həyatda səpdikləri toxumlar cücərdi, çiçək açdı. Bu çiçəklərin ətrində Sofiya xanım Şahtaxtinskayanın öz ətri duyuldu.
Sevinc Abbasova