Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
NUHÇIXAN xəbər verir ki, TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.
Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.
Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.
TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi iki dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirib. Ötən il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirib.
Hər il təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur.