Kinq-boksçular muzeyi gəziblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Kinq-boks Federasiyasının kollektivi Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Muzeylə tanışlıq zamanı məlumat verilib ki, burada Şərur rayonunun tarixini, mədəniyyətini, etnoqrafiyasını və təbiətini əks etdirən 7 mindən çox eksponat var.
Vurğulanıb ki, ekspozisiyada ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərur rayonuna səfərlərinin fotoları, XIX-XX əsrlərdə rayon ərazisində istifadə olunmuş məişət əşyaları və kənd təsərrüfatı alətləri, Şərurun tanınmış şəxsiyyətləri və şəhidləri haqqında məlumatlar və fotolar nümayiş etdirilir. Şərur rayonunun kəndlərində, o cümlədən Günnütdə toxunmuş xalçalar qonaqlarda maraq doğurub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılan Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ötən il yeni binası istifadəyə verilib.
Mədinə Rəhimli