Azərbaycanın ilk peşəkar rejissorlarından biri olan Baxşı Qələndərlinin bu gün doğum günüdür

A- A A+

Əsl adı Baxış olan, ancaq xalq arasında Baxşı Qələndərli kimi tanınan rejissor İrəvan Azərbaycan Dram Teatrı və Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşçu rejissoru, baş rejissoru və baş inzibatçısı vəzifələrində işləyib. Bu illər ərzində Naxçıvan səhnəsində çoxsaylı pyeslərə uğurlu səhnə həlli verən rejissor kimi yaddaqalan Baxşı quruluş verdiyi tamaşalarda həssaslıq tələb edən məqamları böyük ustalıqla təqdim etməyi bacaran sənətkar kimi özünü tanıdıb.

 Əməkdar incəsənət xadiminin sənət yoluna nəzər salaq.

20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açan Baxşı Həsən oğlu Qələndərli orta təhsilinin ilk dörd ilini bu şəhərdə alır. Sonra ailəsi ilə Bakıya köçən Baxşı yarım qalan təhsilini burada başa vurur. Uşaqlıqdan teatra olan marağı onu Bakı Teatr Texnikumuna gətirir. Burada dörd il təhsil alan rejissor 1930-cu ildə sevdiyi sənəti müvəffəqiyyətlə bitirir. Onun ən böyük arzusu bu sahə üzrə ali təhsil almaq olur. Ona görə də Leninqrad Səhnə Sənəti İnstitutuna qəbul olaraq təhsilinə davam edir. Dörd il sonra sənətinin peşəkarı olaraq təhsilini bitirib İrəvan şəhərinə gələn Baxşı Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor olaraq əmək fəaliyyətinə başlayır. İlk gündən işinə məsuliyyətlə yanaşan baş rejissor burada bir-birindən maraqlı tamaşalar səhnələşdirərək püxtələşir. Onun hazırladığı “Otello” tamaşası 1944-cü ildə İrəvanda Vilyam Şekspirin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında birinci yerə layiq görülür. Qeyd edilib ki, həmin gün münsiflər heyətinin üzvlərindən biri olan professor Mixail Morozov pyesin Azərbaycan dilində mətninin üzərində bu sözləri yazıb: “Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların “Otello” tamaşasından aldım”.

1948-1950-ci illər… Ermənistanın İrəvanla bağlı planları və azərbaycanlıların bölgədən deportasiya edilməsi üzrə addımlarını atmağa çalışarkən həmin dövrdə Azərbaycan teatrının nüfuzunun artması onları daha da narahat etməyə başladı. Ermənilər ənənəvi məkrli niyyətləri ilə 1949-cu ildə Azərbaycan teatrı İrəvandan Göyçə mahalının Basarkeçər rayonuna köçürüldü. Çox keçmədən teatrın fəaliyyəti dayandırılaraq onun bazasında xalq teatrı təşkil olundu.

Bütün bunlar Baxşının sənət həyatına təsirsiz qalmır. 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına rejissor dəvət olunan Baxşı Qələndərli bu dəvəti qəbul edərək sənətinin yarım qalan fəaliyyətinə Naxçıvanda davam edir. Burada maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanan rejissor “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə), “Od gəlini” (C.Cabbarlı), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Cehizsiz qız” (A.Ostrovski), “Dördüncü” (K.Simonov), “Səadət nəğməsi” (Ə.Yusifli), “Qəmli günlər” (N.Əliyev) və sair tamaşaları ilə naxçıvanlıların görüşünə gəlir. Tamaşalar yerli əhali tərəfindən maraqla qarşılanır. Bundan əlavə, Baxşı Qələndərlinin şair-dramaturq Kəmalənin “Məhsəti” pyesi əsasında hazırladığı eyniadlı tamaşa Məhsəti Gəncəviyə həsr edilən ilk səhnə əsəri kimi sənət tariximizə yazılır. Sonralar baş rejissor vəzifəsində işləyən Baxşı Qələndərli Naxçıvan teatrında aktyor nəslinin yetişməsində xüsusi xidmətlər göstərir. Teatrlarda göstərdiyi fəaliyyətləri yüksək qiymətləndirilən baş rejissora iki dəfə “Şərəf nişanı” ordeni verilir və “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. Ömrünün böyük bir hissəsini teatr sahəsinin inkişafına həsr edən Baxşı Qələndərli 1985-ci il 14 sentyabrda, 82 yaşında vəfat edir və İrəvan şəhərində dəfn edilir.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: