Azərbaycanın ilk professional qadın rəssamı...

A- A A+

Rəssamlıq təhsili almış Azərbaycanda bu sənətin ilk yaradıcısı, azərbaycanlı qadın Maral Rəhmanzadə ölkəmizdə müasir milli rəngkarlıq məktəbinin inkişafında böyük xidmətlər göstərmiş və təsviri sənətimizin ənənələrini yaşadaraq yetmiş ildən artıq bu sahə üzərində geniş fəaliyyət göstərmişdir.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, respublika Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Yusif qızı Rəhmanzadənin həyat və yaradıcılıq yoluna nəzər salaq.

1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olan Maral Rəhmanzadə orta təhsilini başa vurub Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur. Texnikumu bitirən Maral Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilinə davam edir. Yaradıcılığı və istedadı ilə seçilən gənc xanım rəssam yaratdığı əsərlərində dolğun, təbii və gözoxşayan lövhələri ilə Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Professional rəssam olan Maral xanım yaratdığı müxtəlif mövzulu əsərləri ilə mədəniyyətimizə qiymətli nümunələr bəxş etmişdir. Qrafika üzərində xüsusilə çalışan gənc rəssam yaratdığı silsilələrdə vətənin füsunkar təbiəti  böyük ustalıqla tərənnüm edilmişdir.

Bölgələrimizin ayrı-ayrı guşələrindən, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Qubanın qədim tarixi abidələrini və təbiət gözəlliyini əks etdirən yaratdığı milli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir. 

 Kitab qrafikası sahəsində fəaliyyət göstərən xanım rəssam klassik şairlərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm”, Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin”, M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə çəkdiyi illüstrasiyalar, həmçinin portretlər yüksək sənətkarlıq nümunəsidir.

Gənc xanımın çəkdiyi dəzgah rəsimlərində Azərbaycan qadının xüsusiyyətləri öz əksini tapmışdır. Onun təsvir etdiyi qadınlarımızın gözəlliyi və zərifliyi “Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”, “Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” rəsm əsərlərində təsvir olunub. Bununla bərabər, Maral xanım bir çox xarici ölkələrin həyatından bəhs edən çoxlu eskizlər çəkərək yaradıcılığına yeniliklər gətirmişdir.

Gənc rəssam əsərlərində silsilə qravürlər yaratamışdır. Onun əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər salonlarda sərgilənmişdir. Bu sərgilərdə Azərbaycan mədəniyyəti təbliğ olunmuş və Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət qazandırmışdır.

Ömrünü incə, zərafətli rəsm əsərləri yaratmağa adayan görkəmli rəssam Maral Rəhmanzadə bu illər ərzində milli təsviri sənətin inkişafına da böyük xidmətlər göstərmişdir. Bu xidmətləri qiymətləndirilən rəssam bir çox mükafatlara, “Şöhrət” ordeninə layiq görülmüşdür.

Həyatının son günlərinə kimi rəsmlər çəkib, əsrarəngiz əsərlər yaradan Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da, 92 yaşında vəfat etmiş, Mərdəkan qəbiristanlığında dəfn edilmişdir.

 

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: