Bir çox milli dəyərlərimiz kimi, bu gün milli musiqilərimiz də tarixin arxivinə gömülməkdədir. Bir vaxtlar “Xan nənə” şeiri ilə böyüyən bizi Qambolun heyrətamiz dünyası ilə yuxudan duran nəsillər əvəzləyir. Elmi-texniki tərəqqi nə qədər çox inkişaf edirsə, milli dəyərlər də yavaş-yavaş sıradan çıxır bir-bir, tək-tək. Yadımdadır, atamın zaporejisində həmişə yola çıxarkən radioda, kasetdə ilk səslənən musiqilər sırasında Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Arif Babayev, Alim Qasımov, Amaliya Pənahova, İlhamə Quliyeva, Nəzakət Teymurova, Könül Xasiyeva, Polad Bülbüloğlu, Flora Kərimova, Niyaməddin Musayev dayanmadan bir-birlərini əvəz edirdi. O səslərdəki həlimlik, zərafət və qəlb oxşamaları bu gün saralmış-solmuş, bəlkə, bizlər tərəfindən sonuncu dəfə təkrar-təkrar dinlənilməkdədir. Nə tez unutduq, “Uşaqlığın son gecəsi” filmində Polad Bülbüloğlunun “Gəl ey səhər”ini, “Dədə Qorqud” filmində Yalçın Rzazadənin “İncə bellim”ini, “Nizami” filmində Müslüm Maqomayevin “Sənsiz”, “Ögey ana” filmində Məsumə Atamovanın “Kəndimiz”, “Görüş” filmində Şövkət Ələkbərovanın “Axşam mahnısı”, “Telefonçu qız” filmində Mirzə Babayevin “Gəlmədi” və daha neçə ölümsüz səsləri.
Bu gün marşrutlarda, taksilərdə, dükan-bazarlarda adı, mənşəyi bəlli olmayan, sözü ilə musiqisi tamamlanmayan müğənnilər, ədabazlar, hoqqabazlar zəbt edib gənc nəslin qulaqlarını, ruhunu. Dj Roşkalar, Kənan Lənkəranlılar, Marallar, Balaəlilər, Əlibalalar. Mənasız, məntiqsiz söz yığını ilə...
Milli musiqimiz pandemiyaya məruz qalıb. Özüdə Çox sürətlə, heyrətlə xarici və “bir gecəlik” studiyalarda öz-özünə ərsəyə gələn mahnıya oxşar zümzümə pandemiyasına. Bu studiyalarda qətlinə fərman verilib milli musiqilərin sanki. Hara gedirsən vur çatdasın, çal oynasın mahnılar, meyxanalar, bozbaşlar, replər. İlk başdan sümüyünə düşür insanın pis vərdişlər kimi. Sonra baxırsan ki, sən də bir gecəlik studiyaların qapısında növbə tutanlarla eyni cərgədəsən.
Həyatda belədir, yaxşı bir yazı ərsəyə gətirirsən heç üzünə baxmırlar nədən bəhs edir, büküb atırlar arxivin tozlu rəflərinə. Elə ki göyərtidən, otdan, ələfdən yazırsan hamı başlayır tərifləməyə ki, “yaşıl dünya naminə” həmrəy olaq. Milli musiqilər də bu hala düşüb. Sözə, səsə fikir verən yoxdur. Çoxluq ritmə uyur. Ritm yerindədirsə, hər şey var deməkdir. Atalar demişkən: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”.
Bəs çıxış yolu nədir?
Bu günlərdə sakinlərin çoxu nəqliyyat vasitəsindən istifadə edir. Beləliklə, ruhunuzu dinləndirmək üçün Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında 104.1 FM, Şərur, Kəngərli rayonlarında 107,5 Culfa və Ordubad rayonlarında 103.7, Sədərəkdə isə 99 FM tezliyi üzərindən Naxçıvan radiosunu dinləyin. Bundan başqa, ntv.az və nuhcixan.az saytlarında yuxarı sağ küncdə 104.1 FM bölməsinə daxil olub dünyanın istənilən yerindən internet üzərindən də radionu canlı dinləmək olar. Həmçinin “onlineradiobox”, “radionet”, “fmscan” kimi 20-dən çox internet platforması üzərindən də canlı yayımlanır. Həftənin, demək olar ki, hər günü saat 15:10-da, bazar günü isə 16:00-da milli musiqilərlə efirdə olur Naxçıvan radiosu. Qulaqlarınızın pasını atmaq, keçmişə dönmək, incə zövqlərlə yaşamaq istəyirsinizsə, doğru seçimlər edin. Doğru etdiyiniz hər seçim sizi bir az da milli mentallara bağlı qırılmaz və sınmaz edəcək.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru