126 il öncə yaranan Azərbaycan Kinosu… - FOTOLAR
Bu gün 126 il öncə yaranan Azərbaycan Kinosu günüdür. Ulu Öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü və kino işçilərinin peşə bayramı - kimi qeyd edilir.
Yolumuzu saldığımız Naxçıvan Dövlət Filim Fondunda bu gün peşə günü olan əməkdaşları təbrik etdik. Gəlişimizi həm ziyarət, həm də ticarət edib Azərbaycan Kinosu Günü ilə bağlı Naxçıvan Dövlət Filim Fondunun direktoru, kinoşünas Akif Seyidovla həmsöhbət oluruq. Müsahibimiz bizə Azərbaycan kinosunun yaranması və Naxçıvan Dövlət Filim Fondunun fəaliyyəti ilə bağlı geniş məlumat verir. Həmin müsahibəni dəyərli oxucularımıza təqdim edirik.
- Bildirim ki, Azərbaycan kinosu dünya kinosu yarandıqdan qısa zaman sonra yaranıb. 1898-ci il 2 avqust tarixində Bakıda ilk dəfə bakılı fotaqraf və naşir Aleksandr Mişonun çəkdiyi kino xronikalarının nümayişi ilə Azərbaycan kinosunun əsası qoyulub. “Balaxanıda neft fontanı”, “Bibiheybətdə neft fontanı yanğını”, “Şəhərdə xalq gəzintisi”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi” və “İlişdin” adlı kino sujetlər ilk xronikalarımızdır. Azərbaycan kinosunda daha çox xarici mütəxəssislərin əməyi vardır. Və onların iştirakı ilə bir sıra xronikalar və filimlər çəkilib. Azərbaycan kinosu tarixində ilk tam metrajlı bədii film 1916-cı ildə istehsal olunmuş “Neft və milyonlar səltənətində” filmidir ki, bu film İbrahim bəy Musa Bəyovun eyni adlı povesti əsasında ekranlaşdırılmışdır. Bu filmin rejisoru Boris Svetlov idi. Lakin təəssüflə bildirim ki, bu film 1918-ci il hadisələri zamanı məhv edilmişdir.
Qeyd edim ki, Azərbaycanda ilk milli kino kadrlarının çəkilməsi 1925-ci ildə “Bismillah” adlı bədii filmdir ki, filmin rejisoru Abbas Mirzə Şərifzadə idi. Diqqətə çatdırım ki, Sovetlər ölkəsində eyni zamanda Azərbaycanda ilk səsli film 1935-ci ildə çəkilib. Rejisoru Səməd Mərdənov olan filmin adı “Mavi dənizin sahilində” olmuşdur. Bununla da Azərbaycanın səsli kinosunun əsası qoyulub. 1945-ci ildə “Arşın mal alan” filmi Azərbaycan kinosu tarixində ən çox izlənilən filmdir. Belə ki, dünyanın 136 ölkəsində izlənmiş və 86 dilə tərcümə olunmuşdur.
1956-ci ildə Azərbaycan kinosu tarixində rejissor Hüseyn Seyidzadənin rəhbərliyi ilə ilk rəngli film “O olmasın bu olsun” ekranlara verilib. 1960-cı ildə ekranlara verilən “Koroğlu” filmi isə ilk geniş ekranlı filmdir. Bundan başqa qeyd edim ki, uşaq filmlərinin çəkilməsi şərqdə ilk qadın rejisor, həmyerlimiz Qəmər Salamzadənin fəaliyyəti ilə bağlıdır. 1935-ci ildə çəkdiyi “Rəqs edən dalğa” və özünün quruluş verdiyi 1937-ci ildə “Dəcəl dəstə” filmi də uşaq filmlərinin istehsalına təkan verib. Qeyd edim ki, Azərbaycan kinosunun intibah dövrü 60-80-ci illəri, xüsusi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır. Həmin dövrdə Azərbaycan kinosuna xüsusi qayğı ilə yanaşılır. Ulu Öndərin təşəbbüsü ilə 1969-cu ildə “Bir cənub şəhərində”, “Babək”və “İstintaq” filmləri ekran həyatı qazanıb.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində sovetlər ölkəsi dağıldıqdan sonra bütün sahələrdə olduğu kimi, kino sahəsində də tənəzzül baş verir və filimlərin çəkilişi azlaraq keyfiyyəti də aşağı salınır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra 1998-ci ildə “Kinomatoqrafiya ” haqqında qanun qəbul edilir. Bununla da Azərbaycan kinosunda yüksəliş dövrü başlayır. 2008-ci ildə Prezident İlham Əliyevin qəbul etdiyi “2008-2018 Dövlət Proqramı” çərçivəsində Azərbaycan Film Kino Studiyasının maddi texniki bazası zənginləşdirilmişdir. Həmçinin xarici ölkələrlə birlikdə filmərin çəkilməsi, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması və müstəqil kino şirkətlərinin dövlət dəstəyi nəzərdə tutularaq həyata keçirilmişdir.
Kino həyatı təkcə film çəkməkdən ibarət deyil, çəkilən filmlərin qorunub saxlanılmasından ibarətdir. Bu baxımdan Film Fondlarının olması labüddür. 1996-cı ildə Ümummilli Liderin Sərəncamı ilə Azərbaycanda Film Fondu yaradıldı. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75-illiyi münasibəti ilə həmin fondun Naxçıvan filialı yaradıldı. 2006-cı ildən isə həmin fond müstəqil Naxçıvan Dövlət Film Fondu kimi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Fondumuz unikal filmlərlə zəngindir. Azərbaycan və xaricdə istehsal olunan 5000-dən artıq bədii, sənədli-kütləvi və animasiya filmləri fondda qorunub saxlanır. Unikallığı ondan ibarətdir ki, bizdə olan bəzi filmlər yeganə və orijinal nüsxələrdir. Həmin filmərin orijinalı Azərbaycan Dövlət Film Fondunda belə yoxdur. İki il öncə biz 1963-cü ildə Zeynəb Kazımova tərəfindən ekranlaşdırılan filmi arxivimizdə aşkar etmişik. Bildirim ki, sovet dövründə çəkilən filmərin çoxu Moskva Kino Arxivində qorunub saxlanılırdı. Ancaq bu filmin yeganə orijinal nüsxəsi bizim arxivimizdə qorunur. Həçinin bir sıra cizgi filmər də burada qorunur. Biz Azərbaycan Film Fondu ilə yaxından əməkdaşlıq edirik.
Naxçıvan Dövlət Film Fondunda bu gün sovet və müstəqillik dövründə çəkilən filimlərin həm çəkiliş, həm də filimlərdən ibarət 11000-dən artıq foto arxivi vardır ki, bu da filmlərin çəkilişi zamanı səhnə arxasında həm portre həm də filmlərin özünü əks-etdirən görüntüləri və 100 yaxın filmin mantaj ssenarisi yazılı şəkildə də arxivdə qorunub saxlanır.
Xüsusi olaraq diqqətə çatdırım ki, Naxçıvan Dövlət Film Fondunun nəzdində Heydər Əliyev auditoriyası var ki, burada Ulu öndərin həyat və yaradıcılığına dair film, foto şəkillər, kitablar, eyni zamanda incəsənət xadimləri və kinoşünaslar ilə görüşlərindən kadrlar öz əksini tapıb. Fond bu materialların hər birini qoruyub -saxlayır.
Respublikada yeganə kino muzeyi də məhz Naxçıvan Film Fondunun tərkibində fəaliyyət göstərir. Baxmayaraq ki, onun rəsmi muzey statusu yoxdur, burada Azərbaycan filmlərinin çəkilişi zamanı istifadə edilmiş geyimlər, silahlar, budaforlar, müxtəlif növ eksponatlar qorunub saxlanılır. Bura gələn qonaqlar da kino muzeyinə xüsusi maraqla yanaşır ve eksponatlara heyranlıqla baxır.
Buradakı ən qədim sərgi nümunəsi 1939-cu ildə çəkilmiş “Kəndlilər” filmində istifadə edilmiş çarıq və papaqdır. Bu sıraya “O olmasın, bu olsun” filmindəki hambalın palanı, “Uzaq sahillərdə” filminin əfsanəvi xarakteri Mixaylonun geyindiyi alman zabiti forması da daxildir ki, bu kimi unikal eksponatlar ziyarətçilərin marağına səbəb olur. Muzeydə Naxçıvanla bağlı nümunələr də sərgilənir. “Babək” filminin çəkilişlərində istifadə edilmiş qalxan, Babəkin və cəlladın qılıncı, “Əzablı yollar” filmində istifadə edilmiş əmud, xanın tacı, papaq, “Dədə Qorqud ” filmində istifadə edilmiş ox-yay, “Nəsimi” filmindəki papaq da bura aiddir. Muzey daha zəngin eksponatları özündə birləşdirə bilər, lakin rəsmi muzey statusu almaması və eyni zamanda sərgi üçün ayrılmış ərazinin məhdud olması buna mane olur. Muzeyin idarə heyəti arzu edir ki, yaxın zamanda muzey üçün ayrılmış yer daha geniş olacaq və onlar Azərbaycan film-kino studiyasının anbarlarında itib-batan tarixi nümunələrin gələcək nəsillər üçün qorunub saxlanmasını və bunların ötürülməsini təmin edə biləcək.
Nəzərinizə çatdırım ki, Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti təkcə filmərin qorunub saxlanmasından ibarət deyil, həçinin kinomuzun təbliğatı ilə və respublikamızda müxtəlif müsabiqələrin, viktorinaların keçirilməsi ilə də fəaliyyət göstərir. 2016-cı ildən başlayaraq muxtar respublikada biz kino sahəsində gənclər arasında marağa səbəb olacaq müxtəlif müsabiqələr həyata keçirmişik. Bunlara “Naxçıvandan dünyaya”, “Gənc istedad” və “Öz fəaliyyət dram kollektivlərinin baxış müsabiqəsi” kimi müsabiqələr keçirmişik. Sosial çarxlar, qısametrajlı filmlər həmçinin ədəbi ssenari müasbiqələri və 2017-ci ildən isə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil və orta məktəb şagirdləri arasında, ali və orta ixtisas tələbələr arasında kinoviktorinalar keçiririk ki, gənclər arasında kinonun təbliğini apararaq Azərbaycan kinosuna olan marağı daha da yüksəldək. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Kino dünyası”, “Dünya kinosu” və “Azərbaycanın kino günləri” çərçivəsində muxtar respublika ərazisində dəfələrlə həftədə bir dəfə olmaqla, film nümayişləri təşkil etmişik və yay aylarında “Əyləncə Adası” istirahət mərkəzində açıq havada kino nümayişini də təşkil etmişdir.
Geniş və maraqlı müsahibə verdiyi üçün Naxçıvan Dövlət Filim Fondunun direktoru, kinoşünas Akif Seyidova çox sağ ol deyib, işlərində uğurlar arzulayırıq.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı