Görkəmli alim-cərrah Mustafa Topçubaşovun bu gün doğum günüdür

A- A A+

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan, SSRİ Tibb Elmləri Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, I-X-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı laureatı, professor Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də İrəvan şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra Topçubaşov ali təhsilini Kiyev Universitetinin Tibb fakültəsində alır. 1919-cu ildə Azərbaycana qayıdan gənc həkim tibb sahəsində mövcud olan çətin vəziyyəti aradan qaldırmaq üçün əhaliyə xidmət göstərərək böyük səylə çalışıb. Təkcə tibbi xidmət göstərməklə kifayətlənməyən alim həmçinin yeni tibbi kadırların hazırlanması üçün Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində cərrahlıq fənnindən dərs də tədris edir. O, ordinator kimi fəaliyyət göstəridyi illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının cərrahlıq xəstəxanasının müdiri vəzifəsində də çalışır. Bu fəaliyyəti çərçivəsində respublikanın ucqar rayon və kəndlərinə səfərlər edən görkəmli alim-cərrah bölgələrdə cərrahi şöbələr yaradaraq əhaliyə mütəxəssis xidmətləri göstərib. Bu illər ərzində xidmət dairəsini genişləndirən Mustafa Topçubaşov Almaniyaya ezamiyyətə yollanaraq qabaqcıl iş təcrübəsi və elmi yenilikləri dərindən mənimsəyib Azərbaycan səhiyyəsində müvəffəqiyyətlə tətbiq etməyi bacarıb.

Alimin təşəbbüsü ilə şəhər xəstəxanalarından birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaradılır. Elmi tədqiqatlara böyük maraq göstərən Mustafa Topçubaşov 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu əhəmiyyətli işinə görə cərraha professor adı verilir. Bu fəaliyyəti ilə o, Azərbaycan Tibb İnstitutunun fakültətiv cərrahlıq kafedrasına rəhbər seçilir. Ömrünü Azərbaycan səhiyyəsinə adayan professor həyatının sonuna qədər bu vəzifədə şərəflə çalışır. Onun apardığı elmi axtarışlar 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu-inyeksion efir-yağ narkozunu daxil etməyə imkan verir. Bu üsul inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və sair aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilir. Demək olar ki, bu tətbiq efir-yağ qarışıqlı inyeksiyalar, öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilməyə başlayır. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı elmi-tibbi şurası Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilir. Bununlada Mustafa Topçubaşov bu metodun kəşfi və tətbiqinə görə 1964-cü ildə A.Vişnevski adına mükafata layiq görülür.

İkinci Dünya müharibəsi illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı təyin edilən professor bu işdə də bacarıqlı təşkilatçı, novator cərrah kimi özünü göstərir. Onun təşəbbüsü ilə hospitalların birinin nəzdində ilk "Neyrocərrahiyyə" şöbəsi açılır.  Bu şöbədə ən ağır yaralı döyüşçülərə ixtisaslaşdırılmış yardım göstərilir. 1938-ci ildə Mustafa Topçubaşov "Bədənə qanvurma praktikası" adlı məqaləsində yazırdı: "Qan özünəməxsusluq etalonudur. Qan qrupunun, formalı elementlərinin, serumunun oxşarlığına baxmayaraq, həyatda bir-birinin üstə düşən iki etalon yoxdur. Odur ki, bədənə qanvurmada son dərəcə ehtiyatlı olmaq lazımdır". Professor müharibə bitdikdən sonra Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində cərrahi xidmətinə yenidən başlayır. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasına ilk həqiqi üzv, 1947-1949-cu illərdə isə Azərbaycan Eksperimental İnstitutuna rəhbər seçilib. Alim elmi, praktik fəaliyyətinə görə əvvəlcə SSRİ Tibb Elmləri Akademiyasının müxbiri, sonra isə həqiqi üzvü seçilir. 

Yüksək ixtisaslı həkimlərin, həmçinin savadlı və təcrübəli kadrların hazırlanmasında yorulmadan çalışan alim V cildlik "Xüsusi cərrahlıq" kitabının, 7 monoqrafiyanın, 200-dən artıq elmi işin müəllifidir. Onun rəhbərliyi ilə 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilib. O, cərrahların Lissabonda keçirilən XI konqresində 20 nəfər Sovet tibb alimi ilə birgə Beynəlxalq Cərrahlar Assosiasiyasına üzv seçilib.

Fəaliyyəti dövründə görkəmli siyasi xadim kimi də tanınan akademik,  Azərbaycan SSR EA-nın vitse-prezidenti, Azərbaycan SSR Ali Sovetinin sədri olub. O, I-X çağırışlarda respublika Ali Sovetinə deputat seçilib. Sonrakı illərdə  isə Sülhü Müdafiə Komitəsinin sədri, Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Sovet İttifaqı Asiya və Afrika ölkələri xalqları ilə həmrəylik Komitəsinin üzvü, "Böyük Tibb Ensiklopediyası"nın Baş redaksiya heyətinin üzvü olub. Çoxsaylı beynəlxalq konqreslərdə Sülhü Müdafiə Komitəsinin sədri kimi iştirak edən görkəmli alim vətən qarşısında xidmətlərinə görə 4 dəfə "Lenin" ordeninə, Qırmızı Əmək Bayrağı və Qızıl Ulduz ordenlərinə və fəxri nişanlara layiq görülərək, BXR-in I dərəcəli Kiril və Mefodi adına medalı ilə təltif edilib.

Ömrünün böyük hissəsini Azərbaycan səhiyyəsinə adayaraq müstəsna xidmətlər göstərən dünya şöhrətli, həkim-cərrah, akademik Mustafa Topçubaşov 1981-ci il noyabr ayının 20-də, 86 yaşında Bakı şəhərində vəfat edib. Alimin anadan olmasının 100 illiyi 1995-ci ildə respublika miqyasında təntənəli şəkildə qeyd olunub.

Alimin yubiley mərasimində geniş nitq söyləmiş Ümummilli Lider Heydər Əliyev akademik haqqında səmimi xatirələrini dilə gətirərək, onun müharibədən əvvəl və müharibə dövründə göstərdiyi, eyni zamanda Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində, milli kadrların olmadığı bir dövrdə cərrahiyyənin inkişafında göstərdiyi xidmətlərdən geniş bəhs etmişdir.  

İctimai-siyasi xadim, dünya şöhrətli həkim-cərrah akademik Mustafa Topçubaşovun xatirəsini əziz tutmaq üçün, alimin 100 illiyi ərəfəsində 51 il rəhbəri olduğu Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasındakı iş otağında "Xatirə muzeyi" açılıb.
Bu gün Azərbaycan Səhiyyəsinə töhvələr verən, ictimai-siyasi xadim, pedaqoq, həkim-cərrah akademik Mustafa Topçubaşovun əziz xatirəsi xalqımız və bütün səhiyyə işçilərinin qəlbində əbədi yaşayır.

 

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: