ABŞ-ın Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cəksonun meri Çokvi Antar Lumumba Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə rəsmi bəyannamə imzalayıb.
NUHÇIXAN xəbər verir ki, sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququ tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə, hətta ABŞ-dan da əvvəl qadınlara seçki hüququnun verilməsini təmin edib.
Bəyannamədə, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən Sovet İttifaqının tərkibinə daxil edildiyi, lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməyə nail olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, öz suverenliyini və müstəqilliyini möhkəmləndirən Azərbaycan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Ç.Lumumba bəyannamədə 2018-ci il 28 may tarixini Cəkson şəhərində Azərbaycan Milli Günü elan edib və vətəndaşları dünyada yaşayan miliyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə azərbaycanlı ilə birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırıb. Cəkson şəhərinin meri, həmçinin vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq etməyə səsləyib.