Naxçıvan Muxtar Respublikasının 100 illiyi Ege dənizinin sahilində qeyd edilib - FOTOLAR
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin İzmir vilayətinin Foça şəhərində keçirilən 3-cü Beynəlxalq Meddah və Masal Festivalında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirliyindən NUHÇIXAN-a verilən xəbərə görə, Egey dənizinin sahilində yerləşən qədim Foça şəhərində 5 gün davam edən festivalda Səməd Canbaxşiyev tamaşaçılar qarşında “Naxçıvan Muxtar Respublikası 100, Azərbaycan və Türkiyənin diplomatk zəfəri” mövzusunda tarixi hekayə danışıb.
Sonra qədim amfiteatrda “Edama məhkumun son günü” tamaşasından bir hissəni, tanınmış aktyor, rejissor, pedaqoq, məddah Rasim Aşınla birlikdə “Kitabi Dədə Qorqud”dan “Dəli Domrul” boyunu improvizə olaraq bir tamaşa kimi izləyicilərə təqdim etmiş, Foça Midilli Kültür Sənət Mərkəzində uşaqlar üçün oreqami üsülu ilə “Bir dəniz sahilində” nağılını danışıb və kağızın köməyi ilə nağılın necə hazırlanmasını onlara öyrədib.
Bildirilib ki, “Yarın dərnəyi və Həqiqət Məddahları” Birliyinin rəhbəri məddah Mehmet Ümit Görgülünün rəhbərliyi ilə, Türkiyə Kültür və Turizm Nazirliyi,Foça Bələdiyyəsinin dəstəyi ilə keçirilən, Azərbaycan, Türkiyə və onlayın şəkildə Yaponiyadan sənət adamlarının çıxış etdiyi tədbirin məqsədi qədim türk aktyor sənətinin bir növü olan məddahlığın və uşaqlar üçün nağıl anlatma ustalığının yenidən inkişafına dəstək olmaqdır. Daha çox xalqın arasında, geniş meydanlarda, insanların toplandığı müxtəlif məkanlarda öz bacarıqlarını sərgiləyən məddahlar həm də ilk türk milli teatrının aktyorları idilər. Yazıya alınmayan nağıllar, adı-bəhsi kitablarda keçməyən xalq qəhrəmanları, baməzə adamların hazırcavablığı bu sənət növünün əsas mövzusudur. Bir hekayəni, hadisəni əlində olan əsa, başındakı papaq, boynundakı dəsmal və sairədən istifadə etməklə ustalıqla tamaşaçıya çatdırma bacarığı istedad tələb edir. Türkiyədə bu sənət növü uzun illərdir ki yaşadılır. Bir neçə il əvvəl isə türk xalqına məxsus olan qeyri-maddi miras kimi UNESKO-nun siyahısına salınıb və qorunur.
Festival Türkiyənin kütləvi informasiya vasitələrində, yerli televiziyalar, agentliklərlə yanaşı TRT Xəbərdə geniş şəkildə işıqlandırılıb.