Maarifçi realist, satiranın banisi - Qasım bəy Zakir

A- A A+

Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi Qasım bəy Zakir yaşadığı zəmanənin qüsurlarını aşkara çıxaran, feodalizim cəmiyyətini qamçılayan satiraları ilə tanınan görkəmli şairlərimizdən biri olmuşdur. O, söz ustası kimi şöhrət qazanmışdır. Zakir dövrünün şairlərindən fərqlənərək Azərbaycan bədii dilini inkişaf etdirmiş, yazdığı satirik şeirləri, gəraylı və qoşmaları ilə ustad sənətkar kimi diqqəti cəlb etmişdir.

Qasım bəy Zakir Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində 1784-cü ildə anadan olmuşdur. Şair mollaxanada təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Zakir uşaq yaşlarından bədii ədəbiyyatla maraqlanmış, Şərq poeziyasını və aşıq sənətini dərindən öyrənmişdir.

1806-1813-cü illərdə Rus-İran müharibəsində iştirak edən Zakir döyüşlərdə fərqləndiyinə görə çarın əmri ilə gümüş medalla təltif olunmuşdur. Müharibənin hər cür çətinliyini görən şair yurdundan didərgin düşən kəndçilərin evlərinə qayıtması üçün əlindən gələni etmiş və bu çətin vəziyyəti mayor Abxazova yazdığı ərizəsində bildirmişdir. Müharibədə iştirakı Zakirin yaradıcılığına təsirsiz qalmamışdır. O, Baba bəy Şakirə yazdığı “Çar müqəddiməsi” şeirində gördüklərindən və Car-Balakən ətrafında döyüşlərdə Qarabağ atlı dəstəsinin tərkibində olduğunu qeyd edir.

Şair ömrünün çoxunu Qarabağın hakimi Mehdiqulu xanın yanında keçirmiş və ona bağışlanan Xındırıstan kəndində yaşamışdır.

İnsanpərvər və xeyirxah olan şair ədalətli və iti ağlı ilə Qarabağda hörmət qazanmışdır. O, camaatla bərabər əkin əkib-biçər, onlarla birlikdə süfrə arxasına əyləşərdi. Onlara ağıllı məsləhət verib, işlərinə əl atması Qarabağda rəiyyətin hesabına yaşayan bəylərin qəzəbinə səbəb olurdu. Zakirin bu münasibəti ona zamanla çoxlu düşmən qazandırır. Bununla şairdən qisas almağa çalışan Qarabağ bəyləri xain yola əl ataraq Zakirin qardaşı oğlunu qaçaqçılıqla günahlandırıb həbs edib, öldürürlər. Bundan qəzəblənən qardaşı Behbud çar məmurlarına və bəylərə qarşı qaçaqçılıq etməyə başlayır. Şair qardaşının qaçaqçılığına görə çar çəmurları tərəfindən həbs olunaraq Bakı şəhərinə sürgün edilir. Ailəsi dağılan şair düşdüyü çətin vəziyyətdə yenə də mətanətli dayanaraq dövrünün haqsızlığına aid gördüklərini şeirlərində qələmə alır. Həyatının ağır günlərini Bakı şəhərində keçirən şair Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı və Şamaxı vilayətinin rəisi M.P.Kulyabkin kimi şəxsiyyətlərə müraciət edərək, düşdüyü haqsızlıqdan qurtulmaq üçün kömək istəyir. Sürgün müddətində səhhəti pisləşən qoca şair Mirzə Fətəli Axundovun ciddi müraciəti ilə Şuşa şəhərinə qaytarılaraq ömrünün sonuna kimi polis nəzarətində yaşayır. Qasım bəy Zakir həyatın ona verdiyi bu əzablara dözməyib 1857-ci ildə vəfat edir və Şuşa şəhəri Mirzə Həsən qəbiristanlığında dəfn edilir.

Şair yaradıcılığında şifahi xalq ədəbiyyatından və klassik şeir ənənələrindən istifadə etmişdir. XVIII əsrdə Azərbaycanda realist xalq şeiri geniş yayılmışdır. Qasım bəy Zakirdə öz şeirlərində, xüsusilə də, qoşma gəraylı və bayatılarında şərq poeziyasından istifadə edərək yaradıcılığını inkişaf etdirmişdir. Şairin “Ağlaram”, “Öyrənib”, “Ay mədəd” və sair rədifli qoşmalarını aşıq şeirindən ayırmaq olmur. Şair bundan əlavə olaraq, bir çox qoşmalarında sujetli lirikanın gözəl nümunələrini yaratmışdır.

Qasım bəy Zakir yaradıcılığında yaratdığı lirik qəhrəmanı yüksək duyğularla yaşayır və gözəlliyə pərəstiş edir. Şeirlərində bildirir ki, bədniyyət, qədirbilməz gözəllər çoxdur. Şairə görə gözəllərdə müsbət keyfiyyətlər olmalıdır.

Gözəl olan gərək biar olmasın,

Təmiz təriq olsun, yassar olmasın,

Heç kafər bəndəyə düçar olmasın,

Ev-eşiyi mürdar, bihünər gözəl.

Zakir məhəbbət şeirlərində çəkdiyi cəfanı qələmə almaqla bərabər, vəfa, fədakarlıq haqqında da öz fikirlərini bildirərək şifahi xalq yaradıcılığına uyğun sadə dillə yazır.

Məhəbbət damini yırtıb çıxmağı,

Ovçuların xanimanın yıxmağın,

Yeriyib-yeriyib durub baxmağı,

Ahunun balası səndən öyrənib.

“Gözüm yolda qaldı könül intizar”, “Dost yolu bağlandı, ümid kəsildi”, “Dərd bilməzlər qınar məni, heç deməz”, “Qadir Allah səbəb salar araya”, “Dost yolunda cəfa çəkdim, can üzdüm”, “Nə müddətdir, iştiyağın çəkirdim”, “Fələk səndə nə adətdir”, “Nə müddətdir dost yolları” misraları ilə başlayan qoşma və gəraylılarda məhəbbət mövzusuna müraciət edilsə də, şair dövrün haqsızlığı və zülmündən şikayət edir.

Bakıda sürgündə olarkən qələmə aldığı “Durnalar” şeiri də Zakir yaşadığı dövrün çətinliyini durnalara danışaraq tənqid edir.

Bilmirəm neçin ölmürəm,

Bərkiyibdir üzüm sənsiz,

Həqq bilir ki, öz işimə,

Təəccübəm özüm sənsiz.

Azərbaycan ədəbiyyatında yeni, realist meyillərin qüvvətlənməsində Zakir heca vəzni və sadə üslubda yazdığı şeirləri mühüm rol oynamışdır. O, yaradıcılığında həmçinin qəzəl, qəsidə, müxəmməs kimi bədii formalara müraciət edərək şeirin bu ənənələrinə də biganə qalmamışdır. Azərbaycan və Şərq şairlərini mükəmməl bilən Şair əsərlərində Firdovsi, Xaqani, Nizami, Hafiz, Füzuli kimi sənətkarların adlarını əsərlərində hörmətlə çəkir.

Satiraları ilə Azərbaycan ədəbiyyatında realizmin formalaşıb inkişaf etməsində xüsusi rolu olan Zakir qələmə aldığı satirik şeirlərində Azərbaycan həyatına geniş yer verərək, dövrün ictimai və siyasi məsələlərini ümümləşdirmiş , feodal-idarəsinin nöqsanlarını tənqid atəşinə tutmuşdur. Şairin ifşa etdiyi tiplər “Dövləti-malı əndazədən çıxanlar”, mahalı “çapıb,talayanlar” idi. Onların bir taun xəstəliyi kimi ölkənin hər yerinə yayıldığını bildirir. Şairin növbəti lənətlədiyi insanlardan biri də çar hakimləridir. Onların rüşvətxorluğunu pisləyərək əhaliyə zülm etdiklərini qələmə alır.

Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət,

Verməz bir içim su sana ta almaya dərya,

Simü zər ilə doldurasan ta gərək ovcun,

Ondan sonra zahir qıla şaəd yədi-beyza.

Qasım bəy Zakirin digər tənqid hədəflərindən biri də din adı altında əhalinin gözünü açmağa qoymayan ruhanilər olub. Dinə inamı böyük olan şair ruhanilərin başıpozuqluğu və dələduzluğunu hər gördüyündə açıq aşkar tənqid edərək onların iç üzünü açmışdır.

Satirik şeirin xeyirlərindən bəhs edən şair öz müasirlərinin gözünü açmaq üçün ədəbi növün bu janrının münasib olduğunu bildirir. Şairlik sənətini uca tutan Zakir zəhmətkeş kütlənin arzularına uyğun iş görərək, onların dərdi və kədərini özününkü bilərək qələmə almışdır.

Dövrünün böyük sınaqları ilə qarşılaşan şair çətin həyat yaşasa da, ömrünün sonuna kimi Azərbaycan ədəbiyyatında satiranı qüvvətləndirmək üçün çalışmış, onun ədəbiyyatımızda müəyyən cərəyan halına düşməsinə xidmət göstərmişdir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: