Muğamımızın Xan Şuşuniskisi

A- A A+

Əsl adı İsfəndiyar Cavanşirov olan Xan Şuşinski 1901-ci ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir sülaləsindən olan İsfəndiyar Aslan bəyin ailəsində dünyaya göz açıb. Doğulduğu ailənin musiqiyə bağlılığı, evlərində tez-tez musiqi məclislərinin təşkil edilməsi İsfəndiyarın musiqi duyarlılığını daha da atırır. Ətrafında dövrünün ustad xanəndələrindən – Keçəçi Məhəmməd, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Şuşinski və başqalarının olması onu xanəndəliyə daha sövq edir. İsfəndiyarın əsas ustadı İslam Abdullayev idi. Gənc xanəndə ilə məşğul olan ustad onu mütəmadi musiqi məclislərinə aparıb həmin mühitlə yaxından tanış edirdi. İsfəndiyarın iştirak etdiyi Novruzlu kəndində təşkil olunan məclisdə İslam Abdullayevin istəyi ilə ev sahibi qrammofonu quraraq Təbrizli Əbülhəsən Xanın ifasında "Kürd Şahnazı"nı dinləyirlər. Heyranlıqla dinlənilən ifadan sonra İslam Abdullayev üzünü İsfəndiyara tutaraq "Bəlkə, sən də bizim üçün "Kürd Şahnazı" oxuyasan?"– deyir. Müəlliminin sözünü yerə salmayan gənc xanəndə bir neçə dəfə oxunan ifaları dinləyib, məclis əhlinə ikinci dəfə "Kürd Şahnazı" ifa edir. İsfəndiyarın ifasına heyran qalan məclis iştirakçıları onun adını həmin gündən “xan” adlandırırlar. Ustadının xeyir-duası ilə gənc xanəndə həmin gündən “Xan Şuşinski” adını qazanır. Şuşada toy-musiqi məclislərinin xanı olan Xan Şuşinski tezliklə ifası ilə bütün bölgədə məşhurlaşır. O, tez-tez Bakı, Moskva şəhərlərinə, İran və Gürcüstana konsertlərə dəvət olunur. Şuşanı çox sevən xanəndə burada yaşayıb sənətini inkişaf etdirmək niyyətində olur. Ancaq 1939-cu ildə Azərbaycanın kommunist rəhbəri olan Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsi əmrini verir. Xan Şuşinski Bakıya gəlməyə məcbur olur. Elə həmin ildən də Azərbaycan Dövlət Filarmoniyasının solisti olaraq fəaliyyət göstərir. Səsi və sənəti ilə qəlbləri ələ alan xanəndə 1940-cı ildə Xalq artisti adına layiq görülür. Azərbaycan xanəndəlik sənətinin inkişafında xüsusi rolu olan sənətkar sənətin yeni simalarının yaranmasına maraq göstərərək pedaqoji fəaliyyətlə də məşğul olur.

Azərbaycan milli musiqisinin inkişafı yolunda böyük xidmətləri olan Xan Şuşinski geniş səs diapazonuna sahib olaraq Azərbaycanın mədəniyyətini bütün dünyaya tanıtmağı bacaran əsl xanəndə oldu. Ən çətin və mürəkkəb muğamların mahir bilicisi olan Xan Şuşinski hər zaman ifa etdiyi muğamların ruhuna uyğun qəzəllər seçər onu dinləyən tamaşaçıya təkrarlığı hiss etdirməzdi. Onun ən çox sevdiyi mahnı “Qarabağ şikəstəsi” idi. Xan Şuşinski bütün çıxışlarının ilkində bu muğamı ifa etməklə başlayardı.

“Qarabağ şikəstəsi”ni Xan Şuşinskinin ifasında dinləyən Cabbar Qaryağdıoğlu xanəndəyə baxaraq bildirir ki, “Seyidlə üç-dörd il idi Qarabağa getmirdik. Dedik, sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turşsuyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk. Çox sağ ol. Gəzdik gəldik”.

Azərbaycanın görkəmli xadimi Xan Şuşinskinin yaradıcılığında “Şahnaz”, “Qarabağ şikəstəsi”, “Kürd-şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur”, “Heyratı”, “Şur”, “Mirzə Hüseyn segahı” və digər muğamlar əsas yer tutur. Görkəmli xanəndə yaradıcılığı müddəti mahnılar bəstələmiş və həmin mahnılar öz aktuallığını qoruyaraq xalqın dilinin əzbəri olmuşdur. Onun bəstələrinə “Şuşanın dağları”, “Ceyran”, “Qəmərim”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnıları aiddir. Özünü müəllif saymayan Xan Şuşinski hər zaman qeyd edib ki, “xalqdan aldığımı xalqıma qaytarıram”. Rəvayət olunur ki, “Şuşanın dağları” mahnısının sözlərinə görə onu çək-çevirə də salıblar – “Şuşanın dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?” Xan Şuşinski də bu sualın cavabında bildirir ki: “Şuşa dağlarının başı həmişə dumanlı olur”. Yenə əl çəkmirlər. Bəhanə də bu olur ki, “duman” deyərkən Müsavatın xiffətini çəkirsən yəqin... Axırı Xan Şuşinski məcbur olub, bir müddət bu mahnının sözlərini dəyişərək, “Şuşanın dağları deyil, dumanlı” kimi oxuyur.

Musiqi tariximizdə ilk duet ifa böyük sənətkarın adı ilə bağlı olmaqla bərabər, ilk dəfə simfonik orkestrin müşayiəti ilə simfonik muğamlarda solo hissəni də Xan Şuşinski oxuyub.

Bəstəkarlar içərisində ancaq Üzeyir Hacıbəyovun yaradıcılığına müraciət edən Xan Şuşinski 1926-cı ildə bəstələnən “Qaragöz” mahnısının da ilk ifaçısı olub.

Görkəmli xanəndə çox sadə, səmimi, yoldaşlıqda sədaqətli, qayğıkeş və mehriban insan olub. Fəaliyyəti müddətində heç zaman kimliyini tanıtmayan Xan Şuşinski, sadəcə, ölüm yatağında olarkən bildirir ki, “Mən İbrahim xanın nəslindənəm”. 1979-cu il mart ayının 18-də vəfat edən Azərbaycanın görkəmli xadimi Xan Şuşinski Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: