Azərbaycanın xalq artisti, kino aktyoru və rejissor Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncə şəhərində anadan olub. O, 9 yaşında ailəsi ilə Bakı şəhərinə köçür. Orta təhsilini başa vuran Şahmar valideynlərinə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə vermək niyyətindədir. Qəti olaraq marağının aktyorluq sənətində olduğunu qeyd edən Şahmar Ələkbərov tuttuğu yoldan geri dönmür. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olan Şahmar hələ üçüncü kursda oxuduğu zaman Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülür. Həmin dövrdə ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edir. Uğur qazandığı "Ustalar" tamaşasından sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmağı bacarır.
Məşhur sənətkar Adil İsgəndərоvun diqqətini çəkən Şahmar onun istəyi ilə kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət olunur. Bundan sonra "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərməyə başlayır. Çox savadlı və istedadlı olan Şahmar Ələkbərоv ali təhsilini başa vursa da, institutda müəllim-assistent kimi saxlanılır. Teleradio sahəsində də fəaliyyət göstərən aktyor radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edir. Şahmarın fəaliyyətində ən yadda qalanı televiziya tamaşasında yaratdığı obrazlar olur. "Molla Nəsrəddin" radio verilişinin bir müddət aparıcısı olan görkəmli aktyor bir çox filmlərin dublyajında da iştirak edir. Şahmarın yaradıcılığında elə filimlər yer alıb ki, həmin filimlər milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələridir, deyə bilərik.
Cəmi 49 il ömür sürən aktyor həyatının 20 ilini yaradıcılığa həsr edərək çəkdiyi flimlərlə adını əbədi olaraq kino tariximizə yazmağı bacarıb. Bu illər ərzində müxtəlif rejissorlarla işləyən Şahmar Ələkbərovun ilk aktyor olaraq fəaliyyəti “Dağlarda döyüş” filmi ilə başlamışdı. Görkəmli aktyorun yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, müxtəlif insanlardır. Bu oynadığı rollarda Şahmarın istedadı və sənətinə böyük sevgisi duyulur.
Kinoda rejissor kimi də özünü təsdiq edən Şahmar Ələkbərov bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olur. Sonra "Sahilsiz gecə"ni çəkən aktyorun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınır. Fəaliyyəti dövründə əməyi qiymətləndirilən Şahmar Ələkbərov əvvəlcə əməkdar, sonra isə xalq artisti adına və Dövlət mükafatı laureatına layiq görülür. Hələ çoxlu uğurlara imza atma şansı olan Şahmar vaxtsız gələn xəstəliyi ilə uzun müddət mübarizə aparmalı olur. Ancaq hər nə qədər nüalicə olunsa da, sağala bilmir. Görkəmli aktyor 1992-ci il avqustun 12-də dil xərçəngi xəstəliyindən vəfat edir.
Dəyərli aktyor vaxtsız dümyasını dəyişsə də, Azərbaycan xalqı onun xatirəsini qəlbində yaşadır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı