Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
NUHÇIXAN bu barədə Əqli Mülkiyyət Agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilib.
Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılmış və bu halın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.
"Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinmişdir.
Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilmişdir", - deyə Agentlikdən vurğulanıb.