Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponat təqdim olunub - FOTOLAR
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muzeylərə son illərdə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, bu mədəniyyət müəssisələrində 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq saxlanılır. Son illərdə yeni muzeylərin yaradılması da artıq ənənə halını alıb. Ötən il Naxçıvan Duz Muzeyi istifadəyə verilib, Qarabağlar Türbə Kompleksi bərpadan sonra öz qapılarını ziyarətçilərinin üzünə açıb. 2018-ci ildə Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyi və Qarabağlar Türbə Kompleksinin internet saytları fəaliyyətə başlayıb.
Nazir bildirib ki, son illərdə muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il muxtar respublikanın muzeylərini 592 min 683 nəfər ziyarət edib. Onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikanın muzeyləri ilə orta məktəblər arasında distant dərslər təşkil olunur. 2018-ci ildə muzeylərdə 371 açıq, 12 distant dərs keçirilib.
“Eyni zamanda, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Ötən il muzeylərə 1564 ədəd yeni eksponat daxil olub. 2018-ci ildə, ümumilikdə, 8 eksponat təqdimatı keçirilib”, – deyən nazir vurğulayıb ki, təqdimat mərasimlərinə gənc nəslin – məktəblilərin qoşulması da təqdirəlayiqdir. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən növbəti eksponat təqdimatı da bunun sübutudur. Muğanlı kənd tam orta məktəbin müəllim və şagirdləri tərəfindən təqdim olunan 75 eksponat muzeyin fondunda və ekspozisiyasında yer alacaq.
Natəvan Qədimova çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bu sahədə çalışan insanlar adından dərin minnətdarlığını bildirib.
Şərur rayon Muğanlı kənd tam orta məktəbinin direktoru Salman İmanov çıxış edərək bildirib ki, bu eksponatların şagirdlər tərəfindən muzeyə hədiyyə edilməsi yeni ənənənin başlanğıcını qoyacaq. Bu, həm də gənc nəslin tariximizə və mədəniyyətimizə ehtiramının ifadəsi kimi qəbul edilməlidir.
Həmin məktəbin XI sinif şagirdi Nərmin Babayeva çıxışında bu ənənənin gələcəkdə də davam etdiriləcəyindən danışaraq qeyd edib ki, mədəni sərvətlərin qorunması və yaşadılması hər bir gəncin vətəndaşlıq borcudur.
Sonda muzeyin ekspozisiyasına baxış olub.