Avropanın turizm saytında Naxçıvanla bağlı məlumat verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Avropa ölkələri üçün nəzərdə tutulan onlayn turizm portalı olan itinari.com saytında Naxçıvan haqqında məlumat yerləşdirilib. Nilufər Məhəmməd Cəmil adlı istifadəçi muxtar respublikanın gəzməli və görməli yerlərinin fotolarını və video görüntülərini izləyicilərə təqdim edir. İki hissədən ibarət məqalədə əvvəlcə Əshabi-Kəhf ziyarətgahi, burada yaradılan rahat infrastruktur və insanların bu müqəddəs məkana olan marağı qeyd edilir. Müəllif yazısının ikinci hissəsində vurğulayır ki, Əshabi-Kəhf ziyarətgahından sonra Naxçıvanın ən çox diqqət çəkən yerlərindən biri Batabatdır. O, burdakı üzən ada, dağlar, yaşıllıqların, çiçəklərin yaratdığı əsrarəngiz gözəllik, təmiz hava, dumduru bulaqlar, ümumiyyətlə nadir təbiət incisinin coğrafiyası haqqında məlumat verir və turistləri bu yeri səyahətə dəvət edir. Nülufər Məhəmməd Cəmilin fikrincə Naxçıvana gələn hər bir turist və səyahətçi mütləq Möminə xatın türbəsini görməlidir. Çünki 12-ci əsrin yadigarı olan bu abidə Orta əsrlər memarlığı və sənətkarlığı haqqında aydın təsəvvür yaradır. Hündürlüyü 25 metrdən artıq olan bu sənət əsəri qadın şərəfinə ucaldılan ilk abidədir.