Yaponiyada Azərbaycan xalçaçılığına böyük maraq göstərilir - - FOTOLAR
Mayın 14-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində (ASC) Yaponiyanın “Xalça qalereyası” şirkətinin təsisçisi Katsumi Okumanın rəhbərlik etdiyi nümayəndə heyətlə görüş keçirilib.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən NUHÇIXAN-a məlumat verilib ki, qurumun İdarə Heyətinin sədri Vidadi Muradov qonaqlara Azərbaycan xalçaları, ölkəmizin xalçaçılıq ənənələri, qədim naxışlarımız barədə məlumat verib: “Xalça xalqımızın milli dəyəridir. Min illərdir ki, bu regionda toxunan orijinal Azərbaycan xalçaları bütün dünyaya ixrac olunur. İlk vaxtlar xalça evdə sadəcə bir məişət əşyası kimi istifadə edilib. Azərbaycan türkünün əl əməyinin məhsulu olan xalça sonralar xalqımız tərəfindən təkmilləşdirilərək sənət səviyyəsinə yüksəldilib. Xalqımız gördüyünü, bildiyini, yaşadığı dövrün tarixini xalçalara köçürüb. Keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Azərbaycan xalçalarının naxışları xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını özündə əks etdirir”.
Vidadi Muradov son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 xalçaçılıq emalatxanası tikilərək istifadəyə verilib. Hazırda daha 10 bölgədə xalça emalatxanasının, Sumqayıtda Yun-Əyirici Boyaq Fabrikinin, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması davam etdirilir.
Katsumi Okuma təsisçisi olduğu şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət 30 ildir Şərq ölkələrindən Yaponiyaya xalça idxal edir. Əvvəllər yalnız xalça satışı ilə məşğul olan şirkət sonralar Şərq ölkələrindən alınan xalçaların daha yaxşı təqdimatı üçün araşdırmalar aparmağa, kitablar nəşr etdirməyə başlayıb. Hazırda Böyük İpək Yolu üzərində yerləşən tarixi xalçaçılıq mərkəzlərini araşdıran şirkət, həm də yeni nəşrlər hazırlayır.
“Azərxalça”nın Quba filialı ilə tanış olduqlarını, Azərbaycan xalçalarına heyran qaldıqlarını deyən qonaq, rəhbəri olduğu qurumun yeni nəşrlərdə ölkəmizdə xalçaçılıq sənətinə geniş yer ayıracaqlarını bildirib.
Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğulayan Katsumi Okuma deyib: “Biz Azərbaycan xalçalarının Yaponiyada satışının təşkil olunmasında maraqlıyıq. Şirkətimiz dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun daha çox alıcısı olacağına inanırıq”.
Görüşdə “Azərxalça” ilə “Xalça qalereyası” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə edilib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.