Yaşasaydı 73 yaşı olacaqdı. Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür.
“Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram, daha doğrusu, bu yorğunluqdan ləzzət alıram”, – deyən bir Yaşar Nuri keçdi bu dünyadan. Biz onun hansı rolunu sevmədik ki, Makintojla, İsrafillə böyüdük. Ən çox da “səni axtarıram” televiziya tamaşasında oynadığı Elçin roluna görə. Bəlkə də, bu roldan sonra Firəngiz Mütəllibova ilə yarandı aralarındakı qırılmaz bağlar. Ən böyük arzusu kuklaların əhatəsində Məşədi İbad obrazını oynamaq oldu. Qızı Ülviyyə xatirələrini danışarkən deyib ki, atam dünyasını dəyişəndən sonra heç zaman onun məzarını ziyarət etmədim. Çünki onu torpaq altında görmək istəmirəm.
Qəlbən çox həssas olan Yaşar Nuri 20 Yanvar hadisələrindən sonra çox sarsılır və saçının bir hissəsi arxa tərəfdən ağarır. Sevənləri hədsiz çox idi. Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, indiyə qədər burada bir tək Nazarbayev yatanda belə böyük izdiham yaşanmışdı.
1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açan Xalq artisti lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, xalqın sevimlisi idi. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə, sonra isə televiziyada “Yelkən” verilişində aparıcılıq edib. Teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olan sənətkarın teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və sair rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb. O həmçinin Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam” tamaşalarının bənzərsiz aktyoruna çevrilib. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkar “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və sair filmlərdə rol alıb. Teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkən Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib. O, yaşatdığı obrazlar ilə daima yaddaşlarda yaşayacaq. Ruhun şad olsun, dəyərli sənətkar!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru