Muxtar respublikanın digər bölgələri kimi, ən qədim yaşayış məskənlərindən olan Şərurda da son illər çoxlu sayda maddi-mədəniyyət qalıqları aşkar edilərək pasportlaşdırılıb. Bu baxımdan rayonun Yuxarı Yaycı kəndi ərazisində olan arxeoloji və tarixi-memarlıq abidələri də elmi nöqteyi-nəzərdən böyük maraq doğurur. Burada çoxlu sayda qədim insan məskənləri olmuş sirli-soraqlı mağaralar, qala tipli yaşayış yerləri, küp qəbirlər, dini ziyarətgahlar və digər maddi-mədəniyyət abidələri də öyrənilir.
Kəndin ərazisində mövcud olan arxeoloji abidələrdən biri Cənnətqaya qədim yaşayış yeridir. Bu qədim yaşayış yeri kəndin Şimal-Şərqində, hündür təpənin üstündə yerləşir. Ümumi sahəsi 2 hektardan çox olan Cənnətqayanın yerləşdiyi təpə çoxterraslıdır. Aparılan ilkin arxeoloji axtarışlar zamanı buradan çoxlu yerüstü tapıntılar, xüsusilə müxtəlif ölçülü daş əmək alətləri, qırmızı, qara və qonur rəngli gil qab hissələri, dəvəgözü daşı və sair aşkar edilib.
Ümumi cəhətinə görə Cənnətqaya qala tipli qədim yaşayış yeridir. Bu tipli qalalar muxtar respublika ərazisində, o cümlədən Şərur bölgəsində yetərincədir. Bu baxımdan möhtəşəm Oğlanqala, Qız qalası, Qarasuqala, Ceyranqala, Qalayeri, Sədərək rayonu ərazisində Sədərək qalası, Dəhnə qalası və başqa qədim yaşayış məskənləri arxeoloq-alimlərimizin diqqət mərkəzindədir. Hazırda bu arxeoloji abidələrin bir çoxunda, o cümlədən Oğlanqalada, Qızqalasında, Ovçularda, I Maxta Kültəpəsində arxeoloqlarımız tərəfindən genişmiqyaslı qazıntı işləri aparılır.
Eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərində Naxçıvan ərazisində iri tayfa ittifaqları mövcud olub və bu tayfalar yadelli hücumlardan qorunmaq üçün strateji əhəmiyyətə malik olan hündür təpələrdə məskən salıblar. Həm də qonşu tayfaların hücumlarının qarşısını almaq üçün, yerin relyefindən asılı olaraq, qədim yaşayış məskənlərinin ətrafına iri daşlarla möhkəm qala divarları çəkərək əsrlər boyu burada yaşayıblar. Cənnətqaya qədim yaşayış yeri də bu tipli qalalardandır. Qaladan aşkar edilmiş maddi-mədəniyyət nümunələri onun eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid olduğunu təsdiq edir. Arpaçay vadisi boyu yaşayan qədim türk tayfaları burada tarixən əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar.
Yuxarı Yaycı kəndinin Şərqində, kənddən 2-3 kilometr aralı yerləşən Ağbulaq adlanan ərazidə başqa bir qədim yaşayış yerinin izlərinə rast gəlinir. Yerli əhali həmin yeri şərti olaraq Dəyirman dərəsi (Gavur dərəsi də deyirlər) adlandırır. Ətrafda içərisi oyulmuş iri ölçülü, sal və oval şəkilli daş alətlər diqqəti çəkir. Görünür, qədim sakinlər bu iri daş məmulatlardan taxılı döymək üçün istifadə ediblər. Amma ərazidə gil qab qırıntılarına rastlanmadığı üçün Dəyirman dərəsinin dövrünü müəyyənləşdirmək hələlik mümkün olmayıb. Bəzi tarixçilər bu qədim yaşayış yerinin Antik dövrə aid olduğunu ehtimal edirlər. Qeyd edək ki, Ağbulaq gur suyu olan, eyni zamanda kəndi içməli və suvarma suyu ilə təmin edən su qaynağıdır.
Kəndin ərazisində küp qəbirlər də aşkar olunub bu qəbirlərdən çoxlu sayda maddi-mədəniyyət nümunələri götürülüb.
Yuxarı Yaycı ərazisində mövcud olan qədim abidələrdən biri də Ağzirət ocağıdır. Ziyarətgah kəndin Şimal-Şərqində, meyvə bağlarının yuxarısındakı təpə üzərində yerləşir. Ağzirət çox da böyük olmayan və bir-birinə yaxın ikiotaqlı mağaradan ibarətdir. Ziyarətgaha gələn insanlar ilk öncə mağaranın aşağısında, qayaaltı yerdə, qayadan süzülən bulaq suyu ilə paklanır və sonra Ağzirət ocağına qalxıb ziyarət edirlər.
Ərazidə Karst mağaraları da mövcuddur və 10-a qədər belə mağara var. Bu mağaralar dəniz səviyyəsindən 1.400-1.600 metr, çay yatağından isə 60-350 metr yüksəklikdə yerləşir.
Yuxarı Yaycı mağaraları içərisində ən irisi uzunluğu 40 metr olan Xizəngi mağarasıdır. Girəcəkdə mağaranın ölçüləri nəzərə çarpacaq dərəcədə böyük deyil, eni və hündürlüyü 1 metrə qədərdir. Mağaranın salonu getdikcə böyüyərək eni 8 metrə, hündürlüyü isə 6-7 metrə çatır. Kəndin ərazisində el arasında Hacı Rüstəmli, Hacı Nəbi, Qara və başqa adlarla tanınan mağaralar da mövcuddur.
Son illər muxtar respublika rəhbərinin tapşırığı ilə tarixi abidələrin pasportlaşdırılması və bərpası istiqamətində gərəkli işlər görülür. Bunun nəticəsidir ki, xalqımızın qədimliyini, ululuğunu, mədəniyyətini özündə əks etdirən onlarla tarixi abidə bərpa olunub.
Bəli, hər daşının altında bir tarix yatan qədim abidələrimiz, dünənimizə işıq tutan arxeoloji axtarışlar bu xalqın qədimliyindən, ululuğundan xəbər verir.
Allahverdi Əsgərli
Ələkli kənd tam orta məktəbinin tarix müəllimi