Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, rayonumuzun ərazisində xeyli tarixi və arxeoloji abidələr var. Həmin abidələrin hər biri xalqımızın keçmişini öyrənmək üçün əvəzsiz mənbədir. Uzaq keçmişin izlərini, yadigarlarını özündə yaşadan, zamanın ruzigarına bu günə kimi sinə gərən hər bir abidənin özünəməxsus sirri, sehri var. Qədim memarlıq nümunələri olan abidələrin hər biri öz orijinallığı ilə seçilir. Şahbuz rayonu ərazisində olan Kolanı nekropolu haqqında oxucularımıza məlumat vermək istəyirik. Şahbuz rayonunda eyniadlı kəndin yaxınlığında, Naxçıvançayın sol sahilində e. ə. I minilliyin əvvəllərinə aid arxeoloji abidədir. 1986-cı ildə qeydə alınıb. Abidədə sal daşlardan qurulmuş 16 daş qutu qəbir öyrənilib. Qəbirlərin torpaq örtüyündən və içərisindən xeyli çəhrayı gil məmulatı, tunc silah və bədii tərtibatda hazırlanmış bəzək şeyləri (boyunbağı, üzük, sırğa, bilərzik, muncuq, düymə, quş fiqurları və s.) obsidian (dəvəgözü) lövhələr, ox ucluqları, əqiq və balıqqulağından hazırlanmış muncuqlar aşkar edilib. Son Tunc və ilk Dəmir dövrlərinə aid bir daş qutu qəbirin yan hörgü daşları üzərində sxematik şəkildə çəkilmiş atlı rəsmi və müxtəlif piktoqrafik işarələr sənətkarlıq xüsusiyyətlərinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir. Tapıntılar Şahbuz rayon Tarix-Diyarşünaslıq muzeyində və Naxçıvan Dövlət Tarix muzeyində saxlanılır. Materiallar Naxçıvan ərazisi üçün səciyyəvi olub. Xocalı-Gədəbəy mədəniyyəti abidələrində analogiya tapır.
“Oğuz səsi” qəzeti