Əbu-Dabidə beynəlxalq festivalda Azərbaycan pavilyonu maraq doğurub - FOTOLAR

A- A A+

Əbu-Dabi şəhərində 40-a yaxın ölkənin iştirakı ilə keçirilən Şeyx Zayed İrsi Beynəlxalq Festivalı bu il də iki milyondan artıq ziyarətçinin əyləncə yerinə çevrilib.

NUHÇIXAN xəbər verir ki, festivalda Azərbaycanın məhsul və xidmətlərindən ibarət pavilyonda ölkəmizin istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, turizm xidmətlərinin satışı həyata keçirilib.

Ölkəmiz festivalın mədəni hissəsində də fəal təmsil olunub. Festivalda Azərbaycan mədəniyyət və incəsənətini tərənnüm etmək məqsədilə ölkəmizdən dəvət olunmuş, Elşən Sadıxovun rəhbərlik etdiyi “Səma” rəqs qrupu iki həftə boyunca festivalın əsas səhnəsində, həmçinin Azərbaycan pavilyonu qarşısında milli rəqslərimizi ifa edib. Tədbir çərçivəsində təşkil edilən mədəni paradlarda pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirərək, ziyarətçilərlə şəkillər çəkdirib, Azərbaycan barədə geniş məlumat veriblər.

Qeyd olunmalıdır ki, sözügedən tədbir BƏƏ aparıcı televiziya kanalları tərəfindən nümayiş etdirilib, həmçinin tədbir haqqında geniş reportaj ölkənin bütün elektron mediasında geniş yayımlanıb.

Festivalın təşkilatçısı olan, BƏƏ Prezidentinin adını daşıyan Xəlifə Fondu ilə sıx əməkdaşlıq əlaqələri qurmuş Azərbaycan səfirliyi gələn il festivalda ölkəmiz üçün daha əlverişli şərtlərin və yerin ayrılması barədə razılıq əldə edib. Festivalın imkanlarından istifadə edərək öz məhsul və xidmətlərini nümayiş etdirmək niyyətində olan Azərbaycan şirkətləri səfirliyə və Xəlifə Fonduna birbaşa müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: