Xalqın dahi bəstəkarı…

A- A A+

Musiqişünas, alim, publisist, dramaturq, pedaqoq Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli operanın və Şərqdə ilk operanın banisi, eyni zamanda milli bəstəkarlıq məktəbinin təməlini qoyubdur.

Bəstəkar 1885-ci il sentyabrın 18-də Ağcabədidə ziyalı ailəsində dünyaya göz açıb. Atası Əbdülhüseyn Hacıbəyov və anası Şirinbəyim xanım Əliverdibəyova təhsilli, dünyagörüşlü, ədəbiyyatsevər olmaqları ilə dörd övladının gələcək həyatlarına təsirsiz qalmayıblar. Xüsusi ilə də Üzeyir və qardaşları Zülfüqar, Ceyhunun musiqi istedadının formalaşmasında ailənin böyük rolu olub. Üzeyirinin ilk musiqi müəllimi dayısı Ağalar bəy Əliverdibəyov olub. Bəstəkar ailəsinin dəstəyi ilə Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində yetişmişdir. Xalq musiqisini və muğamatı dərindən mənimsəyən Üzeyir mütəmadi olaraq musiqili səhnəciklərdə xorda iştirak edir. Orta təhsilini ikisinifli rus-Azərbaycan məktəbində oxuyan Üzeyir Hacıbəyov sonra 1899-1904-cü illərdə Gürcüstanda yerləşən Qori müəllimlər seminariyasında təhsilinə davam edir. Burada bir çox dünya ölkələrinin mədəniyyəti ilə tanış olmuş, klassik musiqi əsərləri ilə yaxından maraqlanmış, skripka və bariton musiqi alətlərini çalmağı öyrənərək xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı başa vuran bəstəkar bir müddət Hadrudda və Bakı şəhərində pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycan dilində “Hesab məsələləri” dərsliyini yazır. Həmin dövrdə bəstəkar rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Şinel” povestini Azərbaycan dilində tərcümə edir. Publisist kimi fəaliyyət göstərən Üzeyir Hacıbəyov “İttihad”, “Həyat”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Filankəs”, “U”, “Üzeyir” imzaları ilə “Ordan-burdan”, “O yan-bu yan” başlığı altında çoxlu məqalə, felyoton və satirik miniatürlər dərc etdirir. XX əsrin əvvəllərində Bakı şəhərinə xarici artislərin gələrək göstərdikləri dram, komediya və opera tamaşalarını, konsertlərini maraqla izləyən bəstəkar görüb-öyrəndiklərindən milli mədəniyyətimizin və musiqinin inkişaf etdirib, yüksək zirvəyə qaldırmaq üçün əlindən gələni əsirgəmir. Bu xidmətlərində bəstəkarın qardaşları Zülfüqar və Ceyhun, ən yaxın dostları dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüsenqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev və başqaları ona çox yaxından kömək edirlər. Beləliklə, 1908-ci il yanvarın 25-də Bakı şəhərində Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun” operasının ilk tamaşası Hacı Zeynalabdin Tağıyevin teatrında verilir. Bu əsərlə Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyulur. Operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazan Üzeyir Hacıbəyov operanın musiqisini əsasən, muğam və təsniflər üzərində qurur. Ölkəmizdə ilk opera olan “Leyli və Məcnun” xalq tərəfindən çox sevilərək müasir günümüzə qədər Azərbaycan opera və balet teatrının səhnəsində yaşayır. Bəstəkar “Şeyx Sənan”, ”Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını 1909-1915-ci illərdə yaradaraq librettolarını xalq dastanları və rəvayətlər əsasında yazır. Bundan əlavə, Üzeyir Hacıbəyov musiqili komediya janrında da əsərlər yaradır. Bunlara “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və sair tamaşaları aiddir ki, həmin musiqili komediyaların mətnini də özü yazır. Əsərlər tamaşaya qoyulduğu gündən yüksək rəğbət qazanaraq xalqın dilində əzbərə çevrilir. “Arşın mal alan” musiqili komediyası həmin dövrdə 40-dan artıq dilə tərcümə olunaraq dünya teatrlarının səhnəsində tamaşaya qoyulur.

Üzeyir Hacıbəyov bəstəkar kimi təhsilini artırmaq istəsə də, bunu başa çatdırmaq nəsib olmur. 1912-1914-cü illərdə Moskva və Peterburq konservatoriyalarında görkəmli musiqi müəllimlərindən dərs alan bəstəkar Birinci Dünya Müharibəsinin başlanması səbəbindən düşdüyü maddi çətinliklərə görə təhsilini yarım qoyub vətənə qayıdır.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir dövrdə Üzeyir Hacıbəyov ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib “Azərbaycan” qəzetinin redaktoru olur. O, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və ideya istiqamətini müəyyənləşdirməsində köməklik göstərir. Onun həmin dövrdə yaratdığı “Milli marş”, “Çırpınırdın Qara dəniz” musiqiləri bu gün bütün türk dünyasının himninə çevrilib. Həmçinin hər səslənəndə musiqisi ilə qəlbimizi coşa gətirən “Azərbaycan marşı” bu gün dövlət himni kimi xalqın ruhunu oxşayır.

1920-ci ildən ölkəmizdə qurulan sovet hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyov musiqi sahəsində təşkilati işləri görməklə bərabər, Azərbaycan xalq maarif komissarlığı yanında incəsənət idarəsinin musiqi şöbəsinə rəhbərlik edir. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası yaradıldıqdan sonra bəstəkarın rəhbərliyi ilə Bakıda azərbaycanlı tələbələr üçün ilk Azərbaycan Dövlət Türk Musiqi məktəbi təşkil edilir. Məktəbdə musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərslər tədris edilirdi. Həmin dövrdə Üzeyir Hacıbəyovu xalq musiqisinin və muğamların nota yazılması və qornub saxlanması məsələsi onu düşündürürdü. Üzeyir Müslüm Maqomayevlə birlikdə “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirməklə xalq mahnılarının ilk nota alınmasını həyata keçirir.

Dahi bəstəkarın yaradıcılıq zirvəsini “Koroğlu” operası təskil edir. Opera 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulub. O, Böyük Vətən müharibəsi illərində “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət bacısı”, “Döyüşçülər marşı” vətənpərvər mahnılarını və xalq çalğı alətləri orkestri üçün “Cəngi” pyesini, “Vətən və cəbhə”kantatasını bəstələyib.

Üzeyir Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmiş və ancaq operanı bitirə bilməmişdir. Ömrü əsərini tamamlamağa yetməyən bəsəkar 1948-ci il noyabrın 23-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

Xatirəsi əziz tutulan Üzeyir Hacıbəyov musiqi sahəsində xidmətləri ilə xalqın unudulmaz bəstəkarı olaraq yaddaşlara həkk olub. Əsərləri ilə ölümsüzləşən bəstəkarın Şuşada və Bakıda ev-muzeyləri açılmış, heykəlləri ucaldılmışdır. Adı Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycan Dövlət Simfonik Orkestrinə və Bakı şəhərində yerləşən küçələrdən birinə verilib. Üzeyir Hacıbəyovun xatirəsinə bəstəkar və şairlər tərəfindən əsərlər yaradılmış, həyat və yaradıcılığına həsr olunmuş iki seriyalı “Üzeyir ömrü” bədii filmi və sənədli filimlər çəkilmişdir. Əlavə olaraq, UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyləri beynəlxalq miqyasda keçirilmişdir.

Üzeyir Hacıbəyovun doğum günü respublikamızda hər il – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: