Bu gün uşaq yazıçısı, pedaqoq Süleyman Sani Axundovun doğum günüdür

A- A A+

Azərbaycan dramaturqu, nasir, pedaqoq Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. O, atasının ölümündən sonra dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyür. Təhsilini 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında davam etdirən Süleyman Sani Axundov sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyir. Uzun müddət pedoqoji fəaliyyət göstərən görkəmli yazıçı Qarabağ vilayəti Maarif şöbəsinin müdiri və sonra 8 ilə qədər də Bakıda məktəb müdiri vəzifələrində çalışır. Bu illər ərzində xalqın maariflənməsində böyük xidmətləri olur. O, 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilir. Pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən ədib “Əmək qəhrəmanı” adına layiq görülür. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınan Süleyman Sani Axundov XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafına da xüsusi xidmətlər göstərir. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi əlindən gələni əsirgəməyən ədib gələcək nəslin maariflənməsi və hər bir gəncin təhsil alması üçün çalışır. O, 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edərək ərəb əlifbasının islahı üçün təkliflər irəli sürür. O, qurultaydan sonra həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edir.

Yaradıcılığa "Tamahkar" əsəri ilə başlayan görkəmli yazıçı bu əsəri Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alır. O, əsərdə dövrün bir sıra mənfiliklərini, əsasən də, qadın azadlığına qarşı çıxanları tənqid edir. Bundan başqa, yazıçı "Dibdat bəy", "Türk birliyi" komediyalarının, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin, bir sıra uşaq əsərlərinin və "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələrin də müəllifidir. O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini qələmə alıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Yazıçının “Qorxulu nağıllar” əsəri təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”. “Qaraca qız” hekayəsi də oxucular tərəfindən xüsusi sevilir. Hekayə əsasında eyniadlı film çəkilib. Əsərdə insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti daha təsiredici mənada verilib.

XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri olan Süleyman Sani Axundov yaradıcılığı müddətində bütün əsərlərində geriliyi və cəhaləti tənqid edir.

Ömrünün 40 ildən çoxunu xalqımıza xidmət etməyə adayan yazıçı, pedaqoq Süleyman Sani Axundov 1939-cu ildə, 63 yaşında Bakı şəhərində vəfat edib.

Görkəmli yazıçı, nasir, maarif xadimi Süleyman Sani Axundov Azərbaycan xalqının mədəni inkişafında və uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətlərinə görə xalq tərəfindən hər zaman böyük ehtiramla anılıb, xatirəsi əziz tutulur.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: