Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!

A- A A+

Bu dünyadan Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı deyən bir Məmməd Araz keçsədə o, qəlbimizin eşq adasında daim yaşayır, hər fəsil dəyişdikcə, Günəş batdıqca, Ay çıxdıqca ədəbiyyatımızdan boylanır, anır, yenidən anılır. Ömrü boyu nə şöhrət, nə də şan axtardı. Dünyanın mənliyini, sənliyini və heç kimliyini öz misraları ilə əbədi susdurdu. Bu həqiqət gecə susdurulsa, gündüz, gündüz susdurulsa, gecə oldu.

Ədəbiyyatımızı vərəqlədikcə şairin əsərlərinin bizə boylanmasını görməmək mümkün deyil. Çünki o, təkcə ədəbiyyat səhifələrinə yazılan şeir deyil, başdan-ayağa ədəbiyyatdır, ədəbiyyatın oxudur, məhvəridir, çevrəsidir. Təkcə tarixin səhifələrinə hopan iz deyil, yaddaşın özüdür, özülüdür.

 Görüm bir necədir yerlərə hopub,

 Vətən torpağının şehinə dönmək.

 Kiçik bir qayanın döşündən qopub

 Böyük bir dünyanın mehinə dönmək.

 O, vəznlərin yox, mənaların şairi idi. O, qiymətdə vəznsiz, vəzndə qiymətsiz idi. Özü kimi oxucularıda kasıb olan şair, təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən dərin qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O, bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında. O, bir ümman idi, bir çaya qonşu kəsilən gözlərinin çırağında. O, nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvə idi.

Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın və nəzif görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi, üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi. Xatirələr küləyində xəbirləşən şairin ürək çırpıntılarını küləklər, yazda yaylağa, qışda qışlağa daşıdı.

İstəyirəm yatım qalım yazılarımın arasında deyən şair onu sevən, onu hiss edən oxucularına əsərlərini həlim dildə çatdıraraq yeni yanaşmalara vəsilə olurdu. Bu yol Məmməd Araz yolu idi. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq vardı. Onun şeirləri salvartının dağlarından, şişli qayının mamırından yoğrulmuş mamır qədər yaşayacaqdı. O, şeirin, şeir onun özü idi. Yol gedəndə deyərdin ki, Günəşəcən gedəcəkdi. Öz qəlbinin tufanında təkbaşına avar çəkdi. Bu yurda, bu elə, bu torpağa şirin nəğmə, həzin səz olub səpələndi.

 Keçək dərələrin boğanağından,

 Keçək dolayların doğanağından,

 Günəşin zirvədə doğan anından

 Nur olub bu yurda səpələnməsək,

 Sən kimə gərəksən,

 Mən kimə gərək?!

Ey daşlaşan, torpaqlaşan, qayalara öz daşınla, öz duzunla dibək olan, Azərbaycan torpağında Araz boyda şırım olan, sinələri qayasına yamaq edən, haqq yolunu ayağına dolaq edən, bayrağını Xəzər boyda bayraq edən Şəhriyar haraylı, Bəxtiyar haraylı Məmməd Araz! Oyan ey süsənbər! Səpil quma, göyər yerdə, bit qayada. Xətainin ayağına at yolladın, Səttarxana heykəl yondun, Xudafərin həsrətinə bir dağ çəkdin. Şəhidlərin qəbri üstə yanan səsini, yanan qandı, duyan duydu, bilən bidi, sənin vətən daşının hər zərrəsində “vətəndaş” olduğunu.

 Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq Xəlil Rzaya qismət olmasa da, xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə, ömür-gün yoldaşı Gülxanım xanımı qoluna keçirib sərt çovğunla, qar-boranla üz-üzə dayanan, Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə yuvanmadı. O Vətəndən yazmadı Vətən oldu.

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ olun” da bəsimdi, Vətən!

Bəsimdi hər səhər təltif yerinə

Qapımda küləyin əsibdi, Vətən!

Ünvanına yarpaq-yarpaq şeirlər yağan, hər alqışda qələminə söykənən Murov döyüşçülərindən ayrılmaq istəməyən şair üçün göyün gözləri dolur, buludlar ayrılığa tab gətirmirdi. Son payız yağışları başlayanda “dağ ürəkli” şair ürəyini Murovda qoyub, səsi hıçqırıq, hər ahı bir duman olub onu uğurlayan enişli Murov yoluna səpələndi.

Ey dəvə yal, düşdüm daha belindən,

Ovsar cığır, çıxdın daha əlimdən.

Balam çiçək, bir də öpüm telindən.

Salamat qal, bu dağlarda ürəyim,

Salamat qal,

Salamat!

Bir vaxtlar şairin sinəsində həsrətə, qubara dönmüş Qarabağ yanğısı artıq onun ruhunu əsarətdən qurtarıb cəsarət rəmzinə çevirib. El-oba qeyrətinin Vətənin dar günündə sınağa çəkildiyi bir zamanda “Yer üzünün Qarabağ düzü”, “Qarabağ simfoniyası” adlı yazılarında bu gözəl diyarın taleyinə öz münasibətini bildirmişdi. Şuşanın füsunkar təbiətinin vurğun olan şair yazırdı...

Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü

Bir Şuşa bürcü, tamaşa bürcü...

Xalq şairi ömrünün ən mənalı günlərinə ürəyinin bir parçası adlandırdığı, yayda Günəşi, qışda qarı çox olan, düşmənə aman verməyən sərt qayalar qoynunda Haçadağa, Nəhəcirə, ilmə-ilmə tarix yazmış Gəmiqayaya qucaq açmış Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “Dünya sənin, dünya mənim, dünya heç kimin” imzasıyla Nuh qayaların daş yaddaşına yazdırdı. Şairin yaradıcılığında daş obrazı daha rəngarəng olduğundan onun yaradıcılıq dünyası bizə “Daş qayalar”ı xatırladır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələrinə çevrilərək Məmməd Araz dünyasından baxır dünyaya:

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da

Məmməd Araz indi ana torpağı Naxçıvanda yazdığı misralar ilə heykəlləşib, dillərdə sözə çevrilib. Naxçıvanın ilhamlı suyundan içən şairin şeirləri aşır, daşır, sərhəd tanımır, hüdud bilmir. Araz qədər təmkinli, Araz qədər coşqun, Araz qədər susqun şeirdir Məmməd Araz. O, təmkininə sığınan, coşqunluğa bürünən, susqun görünən misralardan ibarətdir. Söz sənətimizdə ağır çəkisi olan ədib hər zaman el gücündən güc alaraq, ədəbiyyatın ən uca dağlarını yıxaraq hər yerə səs saldı. Naxçıvanın təbiəti yetişdirdi şairi. Naxçıvanın ilhamlı təbiəti, sakit ruhu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti, beləcə, şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi.

Ey ilham pərisi, varsansa əgər,

Bu axşam üstümə qanadını gər,

Qoyma bir anlıq da küsüm dünyadan,

Sevgi ümidimi üzüm dünyadan,

Mənə məhəbbət ver sevim bir kəsi,

Sevim, elə sevim özü bilməsin.

O, Araz qələmi ilə şeiriyyatı şeirə gətirdi. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu. O nə qədər sevilsə də, şeirlərinə güvənib dünəni, bu günü, sabahı bilsə də, narahatlıq çəkdi.

Sahilində küləklər,

Gəzməyib mənim kimi.

Sularında ördəklər

Üzməyib mənim kimi.

... O mənim mürəkkəbim,

Mən onun qələmiyəm.

...Yox, Araz deyəndə mən,

Təkcə çay düşünmürəm.

...Mən Arazın səsiyəm,

Mən onun yatağıyam.

Mən onun sahiliyəm,

Mən onun ləpəsiyəm.

Məmməd Araz şeiri fikir donu hesab edirdi. Onun ədəbi sözləri, misraları, hər dövrünün son modası olaraq dilimizin, ürəyimizin əzbərinə çevrildi. Müharibələri qəbul edə bilməyən şair hər bir şair kimi yurdunun generalı, şeir kimi isə yurdunun əsgəri oldu. Məmməd Araz öz yaradıcılığı ilə ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı. Mövzusu tükənməyən hər zaman bir mövzu olan Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək.

Çox tozanaq atlını təmkin atıınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdin.

Bütün keçilməzliyi, Vətən, adınla keçdim...

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa!

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: