Özbəkistan portalında işğal olunan ərazilərimizdə memarlıq və islam abidələri haqqında məqalə yerləşdirilib
Daşkənddəki interpress.uz portalında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdə memarlıq və islam abidələri haqqında məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə 25 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ölkənin müxtəlif rayonlarında məskunlaşdığı qeyd olunur.
Yazıda bildirilir ki, Ermənistanın işğal etdiyi ərazilərdə çoxsaylı tarixi memarlıq və islam abidələri olub və onların demək olar ki, hamısı ermənilər tərəfindən qarət olunub və dağıdılıb.
Məqalədə bu ərazilərdə 700-dən artıq tarixi memarlıq və islam abidələrinin olduğu bildirilir, şəhər və rayonların hər birində olan abidələrinin sayı, onların tikilmə tarixi və indiki vəziyyəti haqqında söhbət açılır.
Şuşada 200-dən artıq tarix və mədəniyyət abidələrinin olduğunu bildirən yazıda bu nadir abidələr haqqında da məlumat verilir.
Məqalədə 2016-cı ildəki Aprel döyüşləri haqqında da danışılaraq qeyd olunur ki, Azərbaycan bu müharibədə öz gücünü göstərdi.
Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrdə deyib ki, biz sülh tərəfdarıyıq, ancaq torpaqlarımız sülh yolu ilə azad olunmazsa, ərazilərimizi nə yolla olursa-olsun qaytaracağıq.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.