Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcılarıdır. Ümumiyyətlə, rəqslər qədimdən müxtəlif məqsədlərlə icra olunub. Bəzi rəqslərin isə müxtəlif ayin və rituallara məxsus qalıqları daşıdığının şahidi oluruq. Alovu qorumaq, yeli çağırmaq və küləyi yatırtmaq məqsədilə icra olunan inanclarla zəngin olan bəzi Yallı növləri bu baxımdan diqqəti çəkməkdədir.Bunlardan bir neçəsinin necə icra olunduğuna diqqət edək: “meydanda çuxur qazılır, üstü örtülür. Çuxurun sağından və solundan, yerin altından bəzi yerlər müəyyən olunur, lağımlar atılır. Çuxurda beş ocaq qalanır. Sağda və solda, hər tərəfdə 10 nəfər olmaq şərti ilə Yallı gedilir. Yallı qrupunun üzvləri əllərində taxtadan düzəldilmiş yelpiklə lağımların yanından keçərkən əllərindəki yelpiklə qalanmış ocaqdan qalxan alovu yelləyirlər. bir dəfə sağdan, bir dəfə soldan. Sağ tərəfdəkilər atəşi yelpiklə yellərkən, soldakılar pantomim hərəkətlərlə rəqiblərinə işarə edərək oxuyurlar:
Odu at, odu tut,
Odu tut, odu at.
Sol tərəfdəkilər alovu yelpiklə yelləyərkən, sağ tərəfdəkilər Yallı gedərək oxuyurlar:
Odu sal, odu al,
Odu al, atəşi sal.
Yağışlı, soyuq, fırtınalı havalarda belə qruplar tez-tez yer dəyişdirir, atəşi alovlandırır, atəşin sönməsinə izin vermir və atəşi qoruyurlar.Ocağın çevrəsində rəqslər uzun müddət fasiləsiz davam edər. Göründüyü kimi, burada rəqs özəllikləri ilə yanaşı, oyun ünsürləri də özünə yer alıb. Oyun ünsürlərinin vəhdətindən yaranan bu yallıda yerə, göyə, atəşə, suya, küləyə, günəşə xitabən çağırışlar qədim türk mədəniyyəti ilə bağlı olan yallının daha erkən dönəmlərə aid olmasını dəqiqləşdirir.
Naxçıvan ərazisində icra olunan yallılar müxtəlif adlarla bilinir və onların hər birinin adı hər hansı olmuş hadisə, rəvayət və əfsanələrlərlə əlaqəlidir. Məsələn, Naxçıvanda icra olunan “Üçpəncə”, “Turacı” və s. bunun kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülmüşdür. “Üçpəncə” yallısının meydana gəldiyi rəvayətə diqqət edək: “Rəvayətə görə, qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının pəncəsinin üç barmağı üzərində gəzdiyini görür. Ayının pəncəsinin dördüncü barmağı yaralı olduğu üçün ayağını qaldıraraq hərəkət etməyə başlayır. Bu hərəkət rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri ilə “Üçpəncə” yallısını “kəşf edir”. Naxçıvan Muxtar Respublikasının Şərur rayonu və onun ətrafındakı kəndlərdə “Üçpəncə” yallısı icra olunmaqdadır. Yaşlı nəslin nümayəndələrinin icra etdikləri bu rəqs iki tərzdə: ağır və sürətli tərzdə icra olunur.
Onu da qeyd etməliyik ki, Naxçıvanda yallılar el şənlikləri ilə yanaşı müxtəlif mərasimlərdə də icra olunur. Novruz bayramı zamanı Naxçıvanın Ordubad rayonunda “Xanbəzəmə” mərasimi təşkil olunur. “Xanbəzəmə” mərasimində Yallı rəqsinin icrası mütləqdir. Bu mərasimdə müxtəlif yallı növləri icra olunur, onlarda biri də yaşlı nəslin “İlanvarı” adlandırdığı yallı növüdür. Ordubadda icra olunan “İlanvarı” yallısında bəzi oyun elemenləri görünməkdədir. Oyundakı bu xüsusiyyətlərə diqqət edək: “Yeddi-səkkiz gəncdən ibarət iki sıra düzəldilir. Hər sıradakı insanlar qollarını bir-birinin çiyinlərinə keçirərək yallıya başlayırlar. Hər qrupun başında yallıbaşı durur. O, əlində çubuq saxlayaraq oyun zamanı sırasını pozanları cəzalandırır. Bu çubuğa “vən” deyilir. (Vən – qabığı ağ, sərt meşə ağacıdır). Beləcə, oyun başlanır. 1-ci yallı qrupu əyilərək, 2-ci yallı qrupunun hər bir üzvünü ilə digər üzvünü arasından keçməyə çalışır. Keçərkən qrup üzvlərinin cibinə əl ataraq pul, telefon və ya cibdə olan hər hansı bir əşyanı götürməyə çalışırlar. Sonda “oğurlanan” əşyalar ortaya qoyulur. Kimin daha bahalı əşya götürdüyü müəyyən olunur. Əşyanı götürən əşya sahibindən “Qənimo” yallısını təkbaşına icra etməyi tələb edir. Yallını icra etdiyi təqdirdə əşya sahibinə qaytarılır, əks halda əşya ərazidə yaşayan kasıb və ehtiyacı olan kimsəyə bağışlanır. Bunlar ətrafda oyunu seyr edən tamaşaçıların gözü qarşısında icra olunur. Onu da qeyd edək ki, bu yallı kişilər tərəfindən icra olunur. Qadınlar isə oyunu müşahidə edərək nəticənin necə olacağını izləyər, hansı yallı qrupunun qələbə çalacağını öz aralarında müzakirə edərlər. Digər yallıya diqqət etsək görərik ki, buyallı növü də oyun ünsürləri ilə cilalanıb. Bu oyunda da yenə 7-8 nəfərlik 2 qrup təşkil olunur. Qruplar bir-birilə pantomim hərəkətlərlə deyişirlər. Birinci qrupun 1-ci oyunçusu cibindən dəsmal çıxarır. Mütləq o biri qrupdan da qarşılıq olaraq dəsmal göstərilməlidir. 2-ci oyunçu, məsələn, cibindən telefon çıxararsa, o biri qrup da telefon çıxararaq qarşılıq verməlidir. Beləcə, oyuna müxtəlif əşyalar əlavə edilərək davam edilir. Nəticədə, cibindən qarşılıq əşya çıxarmayan qrup məğlub sayılır.
Bu yallının hərəkətlərinə, əyilib əl-ələ tutaraq rəqs etmə növünə Türkiyə Cümhuriyyətinin Kars vilayətində icra olunan “Toyuqbarı” adlı yallıda rast gəlinir. Həm də yallıda bu hərəkətlərə, yəni qrupun əyilərək o biri qrup üzvlərinin arasından keçməsi Şumer gil lövhələr üzərinə də həkk edilmişdir. Tarixi m.ö.3000 ilə dayanan şəkil Nineviyada tapılmışdır. Bu şəkildə gördüyümüz kimi halay rəqsinin eyni hərəkətlərini müasir dövrümüzdə Qars vəQars ətrafında icra edilən Timur ağa halay rəqsinin hərəkətləri ilə eyni olduğunu görürük.
Qədim türklərin yallıları haqqında Türkiyənin tarixçı-etnoqrafı Kazım Mirşam və müasir dövrümüzdə fəaliyyət göstərən etnoqraf Haluk Tarcan geniş bilgilər veriblər.
Bu gün Azərbaycanda, Lənkəranda, Biləsuvarda şahsevənlərin icra etmiş olduğu yallılar var. Naxçıvanın Ordubad rayonunun Kələki kəndinin adı ilə bağlı olan “11 Kələki yallısı” kimi məlum olan yallılar Savə aşıqları tərəfindən icra olunur. M.H.Vəliyev söyləyir ki, şahsevənlər oğuzların Ayrım tayfalarıdır. Bəzi mənbələrdə şahsevənlərin Səfəvilər dövründən olduqları söylənilir. Naxçıvan ərazisində Şahbuz rayonunun Qışlaq kəndində, Ordubad rayonunun Ağrı kəndində bu tayfanın yaşadığı haqqında məlumat var. 1590-cı ilin məlumatına əsasən, İrəvan əyalətinin icmal dəftəri kitabında bu tayfanın həmin kəndlərdə yaşadığı göstərilir.
Yallının etimologiyası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr vardır. Mirəli Seyidova görə yallı-al uca, qadir, qüdrətli sözündən yaranmışdır. “Qırmızı”, “alqırmızı”, “al” sözü Azərbaycan dilində alov, od-alov tərkibində qalmışdır. Alimə görə bu sözün ilkin variantı “yal” olub. Yallı sözünün də əsası yal+od, yal+lı alov+lu, od+lu, günəş+li deməkdir. Ehtimal ki, qədim Azərbaycanlılar odun, alovun şərəfinə həmin rəqsdən istifadə ediblər.
Belə ehtimal etmək olar ki, məşəl ətrafında dövrə vuran insanların mərasim prosesinə kökləndiyi məqamlarda Yallı meydana gəlib. Başqa bir izaha görə alov ətrafında dövrə vurub əl-qol hərəkətləri edən, ekstaz vəziyyətə gəlmiş insanlar qırıq-qırıq səsləri tələffüz edirdilər. Həmin səslər get-gedə hecalara, sonradan da sözlərə çevrildi. Yallı sözünün də məhz belə meydana gəldiyini güman edirik. Məsələn, yal, yal-la, yol-lu, yel-li. Bu fikir professor Füzuli Bayata məxsusdur.
Füzuli Bayat əlavə olaraq söyləyir ki, ilk formasının alay və ya allı (buradan da halay və/vəya yallı) olduğu bilinən bu oyununun ən qədim qayaüstü təsvirinə Qobustanda rast gəlirik. Altayda, Baykal gölündə mərasim oyunlarını əks etdirən təsvirlər də çox güman ki, halay və ya yallı oyunu ilə bağlıdır. Çünki bu təsvirlərdəki oynayanların düzülüşü, əl-ələ vəya qol-qola oynamaları, yarım dairə şəklində durmaları onu halayla, yallı ilə əlaqələndirməyə əsas verir. Ancaq qeyd olunmalıdır ki, alay həm də türk ordu strukturunda döyüşçü dəstəsinə verilən addır. Kişilərin oynadığı halay da türklərin savaş sənətini, döyüş taktikasını əks etdirir. Burada oyunun şeirlə, fəlsəfəylə, mərasimlərlə, xalq təbabətiylə və nəhayət, hərb sənəti ilə bağlılığına da toxunmaq lazımdır. Bu da türklərin hərb sənətinə də oyun kimi baxdıqlarını göstərir. Ona görə də dəstə ilə oynanan oyuna Azərbaycanda, xüsusən də Cənub bölgəsində çoxluq mənasına gələn “halay” deyirlər. Yuxarıda da deyildiyi kimi bir halay adam, bir halay qız çoxlu adam, çoxlu qız mənasında işlədilir. O halda halayın-yallının fəlsəfəsində türklərin musiqili, rəqsli döyüş məşqini əks etdirən ayin- oyun olduğunu qəbul etməmiz lazımdır. Belə ki, yalnız kişilərin oynadığı cəngi rəqsi, əsasən kişilərin oynadığı çovqan, gökbörü, cirit oyunları da əslində bir savaş, savaşa hazır olma oyunudur. Qobustandakı qaval daşı da mahnılı rəqsin oynanılması üçün nəzərdə tutulub. Halayın məzmununun dəyişməsinə baxmayaraq quruluşunda qədimlik qorunub. Belə ki, halayda xorla mahnı oxumaq, rəqs etmək və ritmi əl çalmaqla və yırğalanmaqla tutmaq hələ də qalmaqdadır.
Bir çox növü müxtəlif inanc və etiqadlarla bağlı olan yallılar müasir dövrümüzdə ritmik rəqs sistemini zənginləşdirən oyun elementləri ilə əhatələnərək rəqs ifaçılığında yaşayır. Bu kütləvi rəqslər bir tərəfdən də qədim türklərin mərasim oyunları olub və bu oyunlar müxtəlif dövrlərdə fərqli adlarla adlanıb və daha çox məlum olanı, təbii ki, kökləri eradan əvvəlki dövrlərə qədər gedib-çıxan Yallıdır.. .
Aytən Cəfərova
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı