İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izləri” sənədli filminin premyerası keçirilib.
Tədbir 8 Noyabr Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib ki, “Nuhun izləri” filmi Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən bəhs edir. əfsanəyə görə, gəmisi Gəmiqaya dağına enmiş Nuh Peyğəmbərə gedib çıxan tarixdən bəhs edir.
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı bu günlərdə iki mühüm hadisəni qeyd edir: Zəfər Bayramı və Naxçıvan Muxtar Respublikasının 100 illiyi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında əldə olunan zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verir. "Azərbaycan mədəniyyətinin əsl vurğunu olan əziz dostumuz Mikael Silkeberg Naxçıvana səfər edərək onun zəngin mədəniyyətini və tarixini şəxsən öyrənmək və möhtəşəm sənədli film çəkmək üçün gəlmişdir”, – deyə diplomat bildirib.
O həmçinin məlumat verib ki, bu, Mikael Silkebergin Azərbaycana həsr etdiyi üçüncü filmdir. Digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odinin kodu” cümə axşamı, 7 noyabrda Parisdə nümayiş olunacaq.
Daha sonra çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi yüksək səviyyədə qeyd edildilir. Yeni film də Naxçıvanın mədəni irsinin qorunması və təşviqinə verilən dəyərin daha bir ifadəsidir.
Filmin quruluşçu rejissoru Rəhim Sadıxbəyli çıxış edərək filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə və Naxçıvan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin İsveçdə akkreditə olunmuş diplomatları, diaspor nümayəndələri, yerli KİV nümayəndələri və xarici qonaqlar olmaqla yüzdən çox insan iştirak ediblər.