Bu gün bəstəkar Tofiq Quliyevin doğum günüdür

A- A A+

Azərbaycanının görkəmli şəxsiyyətlərindən olan bəstəkar Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olub. Ailəsinin müsiqisevər olması Tofiqin uşaq yaşlarından musiqiyə marağını yaradıb. O, 12 yaşında Azərbaycan Konservatoriyası nəzdində məktəbin fortepiyano sinfinə daxil olur. Burada təhsil aldığı dövrdə bəstəkar kimi yetişməsində Asəf Zeynallı böyük təsir göstərir. Müəllimləri Aysberq və Ştrasserdən dərs alan Tofiq Quliyev çox keçmir ki, Rudolfdan bəstəkarlığın sirlərini öyrənir. Gənc bəstəkar folklor musiqisinin nümunələrini toplayaraq, “15 xalq rəqs” işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarını sənətkar Bülbül ilə birgə işləyir. Bəstəkar 1931-ci ildə Mirzə Ələkbər Sabirin “Dərsə gedən bir uşaq” şeirinə ilk mahnını yazır. Təhsilini davam etdirən bəstəkar 1934-cü ildə Azərbaycan Konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə qəbul olur. Bir il sonra Tofiq Quliyev Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır. Həmin dövrdə o, bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayır. Fəaliyyəti ilə Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirən bəstəkar, Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində də fəallıq göstərir.

Bir müddət Moskva şəhərində olan Tofiq Quliyev burada klassik musiqi ilə yanaşı estrada musiqisi və xüsusən də, caz ilə məşğul olur. Sonra vətənə qayıdan bəstəkar Böyük vətən müharibəsinin başlanmasına görə könüllü döyüşə gedərək 402-ci diviziyada xidmət edir. 1939-cu ildə Bakıya qayıdan bəstəkar 1941-ci ildə “Qırmızı ordu” ansanblını yaradır və onun üçün müxtəlif patriotik mahnılar yazır.

Müharibə bitəndən sonra Bakı şəhərində bir çox teatrlarla əməkdaşlıq edən Tofiq Quliyev eyni zamanda kinoda da işləməyə başlayır. Bəstəkar yartdığı Estrada orkestirini bərpa edərək mahnıları ilə tezliklə şöhrət qazanır. Səs-sədası respublikadan kənara yayılan bəstəkarın əsərləri Moskva şəhərində müğənnimiz Rəşid Behbudovun dəstəyi ilə daha da məşurlaşır. Təhsili yarım qalan bəstəkar Moskva Konservatoriyasında dirijorluq və bəstəkarlıq fakültələrində təhsilini davam etdirir. Konservatoriyada aspiranturanın dirijorluq sinfini uğurla başa vuran Tofiq Quliyev fəaliyyətinə dirijor kimi davam edir. Bəstəkar bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun əsas uğurları teatr və kinematoqrafa aiddir. Bütün bunlara baxmayaraq Tofiq Quliyevin yaradıcılığında aparıcı rol mahnı janrıdır. Onun yaratdığı yeni üslubda milli folklorun əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələri ilə üzvi şəkildə uyğunlaşır.

Bəstəkarın bəstələdiyi mahnıları Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova ifa ediblər. Yaradıcılığı boyu 200-dən çox mahnı bəstələyən Tofiq Quliyev Azərbaycan musqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirib. O,bəstəkarlıq məktəbinin ənənələrindən bəhrələnərək Azərbaycan Estrada musiqisinin yaradıcılarından biri olub. Bu fəaliyyətləri ilə bərabər, bəstəkar birinci katib vəzifəsində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən isə ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Tofiq Quliyev həm pianoçu, həm dirijor, həm çox yüksək səviyyəli böyük istedada malik bəstəkar, həm də xalqın sevgisini qazanan Azərbaycan musiqisi tarixində böyük iz qoymuş sənətkar olub. Yaradıcılığı ilə böyük məktəb yaradan bəstəkar qoyduğu irslə yeni nəslin bəhrələnib, tərbiyələnməsində xüsusi rol oynayıb. Onun yaradıcılığına üz tutanlar təbiəti və həyatı sevməyi, gördüyü gözəlliyin qədrini bilməyi, Vətəni sevib, onun verdiyi hər bir nemətə hörmət etməyi öyrənib.

Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən Tofiq Quliyev yüksək dövlət mükafatlarına layiq görülüb. O, 1964-cü ildə Azərbaycan SSR xalq artisti, Azərbaycan əməkdar incəsənt xadimi adlarına layiq görülərək 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və “Şərəf” nişanı ordeni ilə təltif olunub.

Görkəmli bəstəkar 2000-ci ildə Bakı şəhərində vəfat edib. Onun xatirəsini əziz tutan ölkə Prezidenti İlham Əliyevin 2003-cü il 7 noyabr tarixli sərəncamı ilə Tofiq Quliyevin yaşadığı binaya xatirə lövhəsi vurulub. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş “Ecazkar bəstəkar” adlı kitab nəşr olunub. Adı əbədiləşdirilərək Bakı şəhərinin küçələrindən birinə və 12 saylı musiqi məktəbinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: