Azərbaycan xalçaçılığının inkişafına böyük töfələr verən Lətif Kərimov 1906-cı il noyabr ayının 17-də Şuşa şəhərində anadan olub. Ailəsinin toxuduğu xalçaların Qarabağda “Allahverənlər” xalçası adı ilə məşurlaşması elə Lətif Kərimovun uşaq yaşlarından bu sahəyə marağının yaranmasına səbəb olub. 6 yaşında ailəsi ilə İranın Məşhəd şəhərinə köçən Lətif Kərimov burada da xalçaçılığa böyük maraq göstərir. Məşhur xalçaçı Mirzə Ələkbər Hüseynzadənin şəhərdə yerləşən emalatxanasında ilk dəfə xalçaçılıq sirlərini öyrənən Lətif Kərimov eyni zamanda, Təbriz və Ərdəbildə klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil alaraq, rəssamlıq bacarığını da təkmilləşdirir. Sonra Vətənə qayıdan Lətif Kərimov Şuşa şəhərində "Qarabağxalça" artelində təlimatçı işləyir. Burada da milli xalçaçılıq sənətinin sirlərini mənimsəyən sənətkar sonra xalça sənətinin mütəxəssisi olaraq "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışmağa başlayır. Bu peşəkar çalışma nəticəsində ilk dəfə olaraq Bakıda və Qubada Lətif Kərimovun təşəbbüsü ilə xalçaçılıq məktəbləri açılır.
Təkcə xalçaçılıq sahəsində deyil, eyni zamanda dekorativ tətbiqi sənətin başqa sahələri üzrə də çalışıb uğurlar qazanan sənətkar yaradıcılığını daha da inkişaf etdirir. 1930-cu ildən başlayaraq Lətif Kərimovun yaratdığı xalçalar ölkə daxilində və xaricində böyük marağa səbəb olur. Buna sənətkarın şair Firdovsiyə həsr etdiyi xalçanı misal çəkə bilərik. 1934-cü ildə Parisdə keçirilən dünya sərgisində nümayiş olunan xalça Lətif Kərimova böyük uğur qazandırır.
Lətif Kərimov rəssamlardan - Kazım Kazımzadə və İsmayıl Axundovla birlikdə 1940-1941-ci illərdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş ədəd xalça hazırlayır. Xalçaya nəzər yetirənlər burada şairinin "Xəmsə"sinə daxil olan poemalardan götürülən bir-birindən maraqlı epizotlarla qarşılaşdığını qeyd edirlər. O, yaratdığı eskizlər əsasında "Əfşan", "Qonaqkənd", "Ləçəkturunc", "Şuşa", "Göygöl", "Qarabağ", "İslimi", "Butalı", "Bahar", "Ağaclı", "Şəbi-hicran" və onlarca başqa süjetli xalçaları öz rəhbərliyi ilə toxutdurur. Sənətkar sevdiyi bu sahəyə ömrünü adayıb, minbir əziyyətlərə qatlaşaraq əsrlərin dərinliklərindən son dövrlərə qədər gəlib çıxan Azərbaycan xalçalarının növlərinə aid müxtəlif kompozisiya və naxışları toplayır. Bunlara - Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyası aiddir. Onun apardığı bu tədqiqatlar Azərbaycanın xalça sənətinin tarixinə əvəzolunmaz iz qoyub. Həmçinin Lətif Kərimovun uzun müddətli çalışma sonrası ərsəyə gətirdiyi "Azərbaycan xalçalarında ornament" adlı kitabı gələcəkdə xalçaçılıqla məşğul olanlar üçün naxışların, ornamentlərin öyrənilməsində böyük əhəmiyyətə malik tarixi bir mənbədir. Sənətkar yaratdığı bu elimi əhəmiyyətli əsərə görə 1950-ci ildə Leninqrad şəhərində sənətşünaslıq namizədi, alimlik dərəcəsinə layiq görülür. Görkəmli sənətkarın ən böyük uğurlarından biri də üçcildlik "Azərbaycan xalçası" adlı kitabıdır. Xüsusən də kitabın birinci cildi çap olunandan sonra kitab bütün dünyaya yayılaraq sənətkara yüksək rəğbət qazandırır. Şərq ölkələrinin ən məşur xalçaşünas alim və ekspertləri Lətif Kərimova məktublar ünvanlayaraq kitab haqqında dəyərli fikirlərini bildirirlər. Lətif Kərimovun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Bu sahə üzrə ölkədə bir çox ilklərə imza atan sənətkar 1972-ci ildə Bakıda Xalça muzeyinin yaradılmasına da təşəbbüs göstərib.
Fəaliyyəti dövrlərində xalçaçılıq sənəti və rəssamlığın inkişafında etdiyi xidmətlər yüksək qiymətləndirilən Lətif Kərimov "Azərbaycan SSR Xalq rəssamı", "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adlarına, "Stalin" mükafatına, 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenlərinə, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medallarına və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülüb.
Ömrünü bu peşəyə həsr edib, özündən sonra böyük xalçaçılıq məktəbi qoyan dəyərli alim Lətif Kərimov 1991-ci il sentyabr ayının 8-də Bakı şəhərində vəfat edib. Görkəmli sənətkar I Fəxri Xiyabanda dəfn edilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı