COP 29-a Naxçıvan teatrının töhfəsi - FOTOLAR
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi tanınan tədbiri bu il Bakıda keçirilir. Demək olar ki, bu tədbirə görə dünya Azərbaycanda toplaşıb. Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, 169 ölkədən olan 72 min nəfər nümayəndə qeydiyyatdan keçib. Onların 80 nəfəri müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və vitse-prezidentləridir. Bu göstərici onu deməyə əsas verir ki, Azərbaycan çox mühüm və əhəmiyyətli bir tədbirə ev sahibliyi edir. Bundan başqa son illər sürətlə inkişaf edən ölkəmiz həm də dünyanı narahat edən iqlim dəyişikliyi ilə mübarizədə digər ölkələrlə birlikdə əməkdaşlıq edir və bu istiqamətdə öz səylərini əsirgəmir. Doğurdan da, bəşəriyyəti narahat edən problemlər indi dünyaya inteqrasiya edən Azərbaycanda hər bir vətəndaşın da qayğısına çevrilib. Günümüzdə istehsal olunan alternativ enerji mənbələrinin sayının artması, bununla bağlı dövlət səviyyəsində həyata keçirilən layihələr vətəndaşlarımızı razı salır. Elə buna görə də dövlət tərəfindən bu istiqamətdə görülən işləri dəstəkləmək hər bir vətəndaşın borcudur. Elə Bakıda keçirilən COP29-un da işində bütün insanlar, müvafiq təşkilatlar öz köməklərini əsirgəmir. Noyabr ayının 17-də Konfransın “Yaşıl zona”sında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı Eluca Atalının “Odunçunun nağılı” tamaşasının nümayişini də bu baxımdan atılan uğurlu addım hesab etmək olar. Bu tamaşanın mövzusu doğurdan da günümüzün aktual problemini əks etdirir. Tamaşada planetimiz qalaktikada yaşıl ada kimi təsvir olunur. Bu “yaşıl ada”da ekologiyanın qorunması, günəş işığının, suyun və küləyin önəmi xüsusi olaraq diqqətə çatdırılır. Onların əhəmiyyəti, insanların, təbiətin və digər canlıların var olmasında vacib əhəmiyyəti izləyicilərə çatdırılır. Əsərin rejissoru Mir Qabil Əkbərovdur. Gənc rejissorun yozumunda incə nüanslar və mühüm detallar təbiətin qorunması üçün hər kəsi səfərbər olmağa çağırır. Hətta bununla bağlı həyəcan təbili çalır. Əsərdə xala Atanura nağıl danışır. Xalanın nağılları təkcə Atanuru deyil, elə izləyiciləri də mistik bir aləmə salır. Bu aləmdə isə başqa bir dünya var. Bu təbiətin dünyasıdır. Burada ağaclar da insanlar kimi rəqs edir, sanki öz fikirlərini bu rəqslərin dili ilə çatdırır. Burada təbiətə ziyan vurmağa çalışan odunçunun obrazı diqqəti çəkir. O meşədə ağacları kəsib onları bazarda satmaq istəyir. Lakin Xala və Atanur ona mane olurlar. Eyni zamanda odunçuya başa salırlar ki, hər bir ağac nə qədər faydalıdır, bunu israrla ona izah edirlər və onu inandıra bilirlər ki, meşələri qorumaqla biz öz sağlamlığımızı və gələcəyimizi qoruyuruq. Uşaq nağılı kimi yazılsa da bu tamaşa vasitəsilə Naxçıvan teatrının kollektivi sanki bütün dünyanın insanlarına çağırış edirlər. Bu həm də bu cür rəsmi tədbirdə insanların diqqətini sənətin dili ilə ekoloji problemlərə çəkməkdir. Bu isə daha uğurlu bir yoldur. Əsərdə Azərbaycan Respublikasının Əməkdar artisti Nazlı Hüseynquluyeva, gənc aktyorlar Uğur Nəsirli, Ləman Vəliyeva və İsmayıl Mirzəcanov iştirak edirlər. Qeyd edək ki, təqdimatında isə onu yüzlərlə insanın maraqla izlədiyi bu tamaşa Naxçıvan Dövlət Milli Dram Teatrının Naxçıvan Dövlət Energetika Xidmətinin birgə layihəsidir və məhz COP 29 çərçivəsində tamaşaçılar üçün hazırlanıb. Eyni zamanda “Odunçunun nağılı” ilk tamaşadır ki, “Yaşıl zona”da COP 29-un iştirakçılarına təqdim edilib.
Rza Xudiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti