Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirov 1922-ci ildə noyabr ayının 22-si Gəncə şəhərində, bəstəkar, tarzən Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində dünyaya göz açıb. Fikrət ailəsinin və yaşadığı mühitin təsiri ilə uşaq yaşlarından marağını musiqi sənətinə yönəldir. Bəstəkar atasının qəfil ölümündən sonra böyük bacısı Yaxşı xanımla birgə musiqi ilə məşğul olur. Bacısı ilə Bakı şəhərinə gələn Fikrət Əmirov Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, burada dahi bəstəkarlardan – Üzeyir Hacıbəyov və Zeydman Boris İsaakoviçdən dərs alır. Böyük çətinliklərlə üzləşən bəstəkar istəyindən dönməyərək əzmlə oxuyub, yazıb-yaradır. Bu illərdə əmək fəaliyyəti ilə də məşğul olan Fikrət Əmirov 1942-1943-cü illərdə Gəncə Dövlət Filarmoniyasında bədii rəhbər, 1947-ci ildən isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifələrində çalışır. 1948-ci ildə təhsilini başa vuran görkəmli bəstəkar həmin dövrdə Azərbaycan musiqi tarixində ilk simfonik muğam janrını yaradaraq “Şur”, “Kürd Ovşarı” sinfonik muğamları ilə böyük şöhrət qazanır. 1956-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsində çalışan Fikrət Əmirov uzun keşməkeşli yol qət edərək yaradıcılığı ilə uğurlara imza ataraq - SSRİ Bəstəkarlar İttifaqının katibi, Respublika Ali Sovetinin deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir.
Bəstəkar yaradıcılığına dəyərli səhifələr əlavə edərək - “Gülüstan Bayatı-Şiraz”, “Nizami” simfoniyası, “Azərbaycan süitası”, “Azərbaycan kapriççiosu”, “Azərbaycan qravürləri” əsərlərini yaradır. O, “Sevil” operası ilə Azərbaycanda ilk lirik-psixoloji operanın əsasını qoyur. Eyni zamanda musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” maraqlı əsərlər yaradır.
“Nəsimi”, “Min bir gecə”, “Nizami” baletlərinin də müəllifi olan Fikrət Əmirov Azərbaycanda konsert janrının ilk nümunələrini yaradıb. O, “Fortepiano üçün 12 miniatür”ün, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və başqa romans və mahnıların müəllifi olaraq dram tamaşalarına “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və bir sıra başqa filmlərə musiqi bəstələyib.
Dahi bəstəkar Azərbaycan musiqisinə verdiyi misilsiz xidmətlərə görə SSRİ Dövlət Mükafatına, Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti və “Min bir gecə” baletinə görə Sosialist Əməyi Qəhrəmanı adlarına, Respublika Lenin Komsomolu Mükafatına, “Lenin” ordeni, “Oraq və Çəkiç” qızıl medalı ilə təltif olunub.
Ömrünü Azərbaycan musiqisinin inkişafına adayıb, bu sahədə bir çox ilklərə imza atan Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat edib. Görkəmli bəstəkar I Fəxri Xiyabanda dəfn edilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı