Bu gün rejissor Rasim Ocaqovun doğum günüdür

A- A A+

Kino sənətinə yeni çalarlar gətirən Rasim Ocaqov yaradıcılığı və bacarığı ilə milli kino tariximizə misilsiz töhvələr verib. Bu sahədə gərgin axtarışlar edərək bənzərsiz sənət nümunələri yaradan rejissor həm sovet, həm də ölkəmizin müstəqilliyi dövrlərində çəkdiyi uğurlu filimlərlə kinomuzun inkişafı yolunda xidmətlər göstərib.

Görkəmli rejissor Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. Orta məktəb illərində Rasimin arzusu geoloq olmaq idi. Ancaq təsadüfü tanışlıq rejissorun arzusunu dəyişməklə qalmır, həm də onu gələcəkdə bu sahənin sənətkarına çevirir… Şəki şəhərinə sənədli film çəkənlərin gəlməsi, Rasimin onlarla yaxından tanış olması və burada görülən işlər onda böyük həvəs yaradır. Bu istək gənc rejissora artıq sənət yolunu göstərir… O, böyük maraqla bu sənəti dərindən öyrənməyə başlayır. Orta təhsilini bitirən Rasim Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur. Təhsilini başa vurub “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi əmək fəaliyyətinə başlayır.

Rasim Ocaqov 1961-1967-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alır. O, təhsil və təcrübəsi ilə dünya kinematoqrafiyasının ənənələrindən sənətkar kimi istifadə edərək milli kinomuzun tarixində yeni mərhələyə qədəm qoyur. Maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan peşəkarcasına istifadə edən Rasim Ocaqov bir çox kino və televiziya filmlərinin yaradılmasına nail olur. O, ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alır. “Onun böyük ürəyi” adlı filmi Sumqayıt metallurqlarının həyatından bəhs edir. Bu film rejisorun ilk sərbəst işi olub. Onun lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmləri Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələri sırasında yer tutub.

İstedadlı kinooperator kimi şöhrət qazanan Rasim Ocaqov 1970-ci illərdən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayır. O, rejissor kimi ilk olaraq yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlayır. Sonra “Tütək səsi” “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və “İstintaq” filmləri Rasim Ocaqovun növbəti rejissor işləri olur. O, bu filmlərdə müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa qarşı maarifləndirərək, cəmiyyətdə baş verən mənfi halların nədən yarandığını göstərməyə çalışıb. Filimləri ilə xalqın milli təfəkkürünü və dünyagörünüşünü formalaşdırıb, vətənpərvərlik hissləri aşılayan Rasim Ocaqov dövrün ab-havasını Azərbaycan kinosuna gətirərək böyük tamaşaçı rəğbəti qazanır. Həqiqətən də o, filimləri ilə Azərbaycan kinosunda zirvəyə qalxan sənətkarlar sırasındadır. Onun filmləri dövrlə cəmiyyət arasında əlaqə yaradıb. O, sənətkarlığı ilə insan psixologiyasının ən dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.

Azərbaycan müstəqillik elan etdikdən sonra Rasim Ocaqov “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri çəkib. O, bu filmlərdə cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Görkəmli sənətkarın operatorluq və rejissorluq məharəti həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə ona şöhrət qazandırıb.

Çəkdiyi filmlərlə ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edən Rasim Ocaqov xidmətlərinə görə Azərbaycan SSR və Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti, və sair fəxri adlara layiq görülüb.

Kinematoqrafiya sahəsində böyük yaradıcılıq irsi yaradan Rasim Ocaqov 2006-cı il iyul ayının 11-də Bakı şəhərində vəfat edib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: