Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi

A- A A+

Dünya miqyasında böyük şöhrət qazanan, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. Orta təhsil illərində rəssamlıq istedadı ilə seçilən rəssam məktəbi bitirdikdən sonra əvvəlcə, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, sonra Vasili İvanoviç Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Sərt realizm cərəyanının əsas yaradıcısı kimi tanınan Tahir Salahov Azərbaycan təsviri sənətinin yeniləşməsi və müasirləşməsi yolunda böyük xidmətlər göstərib. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, pedaqoji fəaliyyətlə məşğul olan Tahir Salahov sonralar Vasili İvanoviç Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda fəaliyyətinə davam edib. 1984-1992-ci illərdə isə həmin institutda kafedra müdiri vəzifəsində çalışıb. O, ustad müəllim kimi yeni nəsil rəssamların yetişib formalaşdırılmasına misilsiz xidmətlər göstərib.  

Görkəmli rəssam fəaliyyəti müddətində Azərbaycan rəssamlığında təsviri sənətin inkişafına töhvələr verərək Bəhruz Kəngərlidən sonrakı və Fərhad Xəlilovdan əvvəlki dövrün zirvəsinə yüksələn sənətkar olub. Tahir Salahovu hələ sovet hakimiyyəti illərində əsərlərində yaratdığı çətin həyat obrazlarına, təsvir etdiyi mövzuların gərginliyinə istinadən onu sərt realizm cərəyanının yaradıcısı adlandırıblar. O, təsviri sənətdə “surovıy realizm” - sərt realizm məktəbi yaradıb. Bununla rəssam həyatın yalnız nikbin meyillərini deyil, cəmiyyətin sərt üzünü, insanın və onu əhatə edən mühitin gərgin məqamlarını əsərlərində canlandırıb.

Qeyd edək ki, həmin dövrdə sovet rəssamlarından Pavel Nikonov, Viktor İvanov, Qeliy Korjev və başqaları da sərt üslubda orijinal rəsm əsərləri çəksələr də,  ancaq rəssamlıqda keçmiş ittifaq miqyasında sərt realizm sənət məktəbini yaratmaq Tahir Salahova məxsus olub.

Rəsm əsərlərində fikir, düşüncə, ideya, mövqe bildirmək missiyasını həyata keçirən Tahir Salahov peşəkar fəaliyyəti ilə 1979-1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olub. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olmaqla 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib.

Boyakarlıq sənətinin ecazkar dili ilə rəsm əsərində sadəcə cəlbedici mövzu və görüntü yaratmayan rəssam həm də əsərdə fəlsəfi məna yaratmağı bacaran mütəfəkkir olub. Mütəxəssislər qeyd edirlər ki, “onun bir-birindən fərqli mövzularda çəkilmiş əsərlərinə baxanda özünü sanki həmin əsərlərdə təsvir olunan mühitdə və ya aurada hiss edirsən”. Elə bu səbəbdən Tahir Salahovun çəkdiyi rəsm əsərləri qəlbə, düşüncəyə yol tapa, tamaşaçıya fəal təsir göstərə bilib. Onun  yaradıcılığında əsas üç rəngin harmoniyası aparıcı rol oynayıb - qara, qırmızı və ağ. Eyni zamanda rəssam əsərlərində digər rənglərdən yerli-yerində istifadə edib. Ancaq yaratdığı rəng effektləri onun sənəti üçün xarakterik olan qara, qırmızı və ağ rənglərin kölgəsində qalıb. Tahir Salahov uzun dövr ərzində əsərlərində qara rəngdən istifadə edərək birincilik qazanıb. O, dövrün ən aktual mövzusu Xəzər nefti, neftçi və fəhlə obrazlarını qara boya ilə kətan üzərində canlandırıb. Rəssam məşhur “Səhər eşalonu”, “Neftçi”, “Təmirçilər”, “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Qız qalası”, “Nardaran kəndi”, “Venetsiya, Böyük kanal”, “Babək” baletinə eskiz”, “Çikaqo”, “Parisin payız görkəmi”, “Firudin Şuşinskinin portreti” və sair kimi rəsm əsərlərində qara və ya tünd rənglərdən istifadə edib. Rəssam ağ və qaraya nisbətən qırmızı rəngdən çox az istifadə edib. O, “Neftçi”, məşhur  “Bəstəkar Dmitri Şostakoviçin portreti”, “Xalq şairi Rəsul Rzanın portreti”, “Fikrət Əmirovun portreti” və sair bir çox əsərlərində qırmızı rəngdən məharətlə istifadə edərək sərt cizgilərlə ciddi mətləbləri, ictimai fikirləri ifadə edib.

Xarci ölkələrdə olub, dünyanı gəzən görkəmli rəssam beynəlxalq mövzularda yaratdığı əsərləri ilə Azərbaycan xalqını digər ölkə xalqlarının həyat və yaşayışı ilə tanış edir. Bir çox xarici ölkələrin sərgilərində əsərləri ilə məşurlaşan Tahir Salahov biri-birindən nəfis əsərləri ilə Azərbaycanı ölkələr arasında tanıdıb. Əsərlərinin əksəriyyətində Xəzər effekti, bir cizgi Abşeron rəngi təsvir edən Tahir Salahov möhtəşəm bir Xəzər epopeyası və Abşeron dastanı yaradıb. Bunlara “Təmirçilər”, “İşdən qayıdarkən”, “Səhər eşelonu”, “Abşeron qadınları”, “Xəzərdə”, “Nardaran kəndi”, “Dənizdə buruqlar”, “Xəzərdə qayalar”, “Xəzərdə axşam”, “Eyvanda”, “Mərdəkan qalası”, “Xəzərdə tufan”, “Nardaranda küçə”, “Xəzərdə sahil” və sair rəsm əsərləri aiddir. Görkəmli rəssam rəsmlərində ağ rəngə üstünlük verərək qara rəngi daha qabarıq göstərməyə çalışıb.  Bunlara “Aydan rəsm çəkir”, “Köhnə Ramana”, “Xəzərdə qayalar”, “Odlar yurdu”  “Xəzər bu gün”, “Qız qalası”, “Bağ çiçəkləri” və sair əsərlərini aid edə bilərik.

Müstəqillik dövründə Tahir Salahov yaradıcılığında üstünlük təşkil edən sərt realizmi lirik-romantik ünsürlərə dəyişdirərək rəsmlərdə ağ, qara, qırmızı rəngləri ilə bərabər, yaşıl rəngdən də istifadə etməyə başlayıb.

Qüdrətli fırça ustası Tahir Salahov Azərbaycan və dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada, Fransada, Almaniyada, İspaniyada, Bolqarıstanda, Avstriyada və başqa ölkələrdə beynəlxalq akademiyaların, elmi və yaradıcılıq qurumlarının üzvü seçilib və yüksək mükafatlara layiq görülüb. Tahir Salahov uzun illər Azərbaycan və SSRİ Rəssamlar İttifaqına sədrlik edib. Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirib.  SSRİ və Azərbaycan Ali Sovetlərinin  deputatı olub. Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olub. Həmçinin 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər keçirilib.

Bənzərsiz sənət əsərləri ilə xalqın yaddaşında əbədi yer tutan görkəmli rəssam 2021-ci ilin may ayının 21-də vəfat edib, Bakı şəhərində Fəxri Xiyabanda dəfn olunub. Tahir Salahov yaratdığı əsərləri ilə əbədiyaşarlıq qazanaraq xatirələrdə hər daim xatırlanan sənətkara çevrilib.

O, əsrlər keçsə belə, Azərbaycan təsviri sənətini dünyada yaşadan əfsanə olaraq qalacaq.

 

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: