Ordubadda “Beş manatlıq gəlin” komediyası oynanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında hazırladığı tamaşa rayon sakinlərinə təqdim olunub.
Ailə-məişət mövzusunda olan komediyada köhnə düşüncəli insanlarla yenilikçi gənclərin arasında gedən “düşüncə mübarizəsi” əks olunur. Tamaşaçıda gülüş doğuran məqamlar da məhz bu zaman ortaya çıxan satira dolu vəziyyətdən yaranır. Xalq teatrının təcrübəli və gənc aktyorları bu vəziyyətləri çox dolğun və ustalıqla tamaşaçılara təqdim edə bilirlər.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyevdir. Tamaşa Ordubad rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrının bu il yaradılmasının 10 illiyi tamam olur. Ötən illər ərzində xalq teatrı tamaşaçılara müxtəlif janrlarda maraqlı pyeslər təqdim ediblər.
Cavid Səfərli