Şeriləri ilə yaddaşlara ömürlük həkk olan Azərbaycanın xalq şairi Nəbi Xəzrinin bu gün anadan olmasının 100 ili tamam olur. O, 1924-cü il dekabrın 10-da Bakı şəhərinin Xırdalan kəndində dünyaya göz açıb. Nəbi uşaq yaşlarından vətənə, təbiətə böyük sevgi bəsləyib. Orta təhsil illərində də bu sevgisini dilə gətirərək “Mən şair olacam”,- deyib. İlk “Günəş” adlı şeirini 16 yaşında qələmə alan Nəbi Xəzri elə bu günəşlə də yaradıcılığına işıq salaraq Azərbaycan poeziyasına özünəməxsus töfələr verib.
-“Şairin ən böyük vəzifəsi onun yazdığı əsərlərdir. Bu onun həm talehidir, həm də vətənə xidməti. Mən şeir yazanda elə düşünmüşəm ki, sonuncu şeirimi yazıram. Bu sonuncu deyə -deyə sonuncu kitabım ərsəyə gəlib və elə yaradıcılığım da belə zəncirvari yol alıb”- deyən Nəbi Xəzri ədəbiyyatımızda Nizami, Füzuli, Nəsimi, Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sarı Aşıq və sair eşq şairlərimizin missiyasını XX əsrdə davam etdirən şairlərdən biri olub. Şairin poeziyasında “insan, təbiət, sevgi” vəhdət halındadır. O, Vətənin gözəl təbiətinə müraciət edərək şeirlərində dağ, dərə, çinar, kəhkəşan, çay və Xəzəri poetik simvola çevirib.
“Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin, insan qəlbinin, sevgisinin, insani inamın gözəlliyini gətirmişdir"- deyən ustad tənqidçi Məmməd Arif qeyd edib ki, “Nəbi Xəzrinin öz poetik aləmi - məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaratmışdır və ona sadiqdir”.
Doxsanıncı illərdə şairin yaradıcılığında həzin lirik şeirləri zamanın sərt küləklərinə görə yönünü dəyişir. Zamanla qarşı-qarşıya gələn şair ölkənin başının üstünü alan qara buludlara qarşı etirazını bildirir. Azərbaycanın gələcək taleyini düşünən Nəbi Xəzri “Qəm dəftəri”, “Zaman çıxsa məcrasından”, “Xəzan yarpaqları” kitablarında ölkədə baş verən hadisələrdən bəhs edərək dövrün sərt üzünə öz fikirlərini bildirib.
Kükrəyib qəzəbdən od tökür qışım,
Qolumdan bərk tutsun qardaşım gərək.
Qarışsa yad elə bircə qarışım,
Özüm də torpağa qarışam gərək.
Çəkin bu torpaqdan qara əlləri!
Çəkin Qarabağdan qara əlləri!
Nəbi Xəzri yaradıcılığında ölkəmizin tarixinin müxtəlif dövlərinə toxunaraq “Əfsanəli yuxular” poemasında, “Torpağa sancılan qılınc” pyesində Dədə Qorqud dastanının müxtəlif boylarından bəhrələnib.
Şairin yaradıcılığı deyəndə, ağıla ilk gələn onun şeirləri olsa da, o, şair olmaqla bərabər həm də, dramaturq, nasir və publisist idi. Onun “Kiçik təpə”, “Ana”, “Bacı”, “Ömür yoldaşı” poemaları, “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla Xatun”, pyesləri, “Heykəlsiz abidə”, “Miras” povestləri və sair əsərləri ona xas olan zərif, incə duyğuları özündə əks etdirərək şeirləri ilə bərabər eyni zirvədə yer tutur. Şair bu əsərlərində də yaşadığı dövrün həqiqətlərini qələmə alaraq hadisələrə ciddi mövqeyi ilə yanaşaraq həyatın sərt üzünü göstərməyə çalışıb.
Bir çox xarici ölkələrdə olan xalq şairi Nəbi Xəzri öz təəsüratlarını “Doqquz gün, doqquz gecə”, “Missisipi axan yerdə”, “Şimal qütbünün astanasında” və sair publisistik yazılarında yazıb.
Yaradıcılığına təmənnasız izlər qoyan ustadlarına bir sıra yazılar yazan görkəmli şair Xalq şairi Süleyman Rüstəmə həsr etdiyi bir yazısında qeyd edir: “Yadıma Fyodor Dostayevskinin müdrik sözləri düşür. O, öz nəsli adından deyir ki, biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq. Biz də Süleyman Rüstəm poeziyasından qidalanmışıq. O, bizim əlimizdən tutub, sənətin çətin, ağır, əzablı, əziyyətli, eyni zamanda, şərəfli yollarından inamla aparmışdır”.
Nəbi Xəzri fəaliyyəti müddətində Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio və Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət heyətinin sədri kimi bir çox vəzifələrdə olub. Yaradıcılığı və xidmətləri yüksək qiymətləndirilən görkəmli şair Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi fəxri adlarına layiq görülüb.
Bütün sevgisini, məhəbbətini xalqına adayan Xalq şairi Nəbi Xəzri 2007-ci il yanvar ayında Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Şairin yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “100 illik yubileyinin qeyd olunması haqqında” 9 sentyabr 2024-cü il tarixdə Sərəncam imzalayıb.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı