Teatr sənətini hamisi

A- A A+

“Naxçıvan Teatrı köklü əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan Tetarı böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənələri bu gün də qoruyub saxlayır... Mən “Ölülər” pyesinin tamaşasını ilk dəfə 13 yaşımda, Naxçıvan Dram Teatrında görmüşəm və o vaxtdan onun təsiri altındayam. Şeyx Nəsrullah, Keyfli İsgəndər və Şeyx Əhməd obrazları indi də gözümün qabağındadır”. Bu ifadələrin müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Bu dahi şəxsiyyət ölkə həyatının bütün sahələri ilə yanaşı teatrı da daim diqqətdə saxlayırdı. Azərbaycan teatrları sırasında Naxçıvan teatrı onun üçün xüsusi ilə doğma idi. Çünki, uşaqlıq və yeniyetməlik illərində bu teatrın tamaşalarına baxmaqla yanaşı, hətta Naxçıvan teatrının rejissor və aktyoru İbrahim Həmzəyevin dram dərnəyində fəal iştirak edirdi. Məhz elə bunun nəticəsi idi ki, sənəti və teatrı sevir, onun inkişafı üçün əlindən gələni əsirgəmirdi.

 1990-cı illərin əvvəlində Naxçıvanda yaşayan Heydər Əliyevin yanına bütün xalq gedir, onunla söhbət edirdi. Həmin illərdə çətinliklə üzləşən Naxçıvan teatrının bir neçə əməkdaşı da Ümummilli lideri görməyə gedirlər. O zaman görüşdə olan Behruz Haxverdiyev xatırlayır: “Heydər Əliyev birdən mənə baxdı. “Sən rəhmətlik Əyyub Haqverdiyevin oğlusan?",- dedi. Atam Xalq artisti idi, uzun illər Naxçıvan teatrında çalışmışdı. Məni təəccüb bürüdü. Bəli, dedim. "Hmm. Atana oxşayırsan. Sən bilirsən, mən yeniyetməliyimdə o vaxtki “Dom pioner”də, İbrahim Həmzəyevin dram dərnəyinə getmişəm. Atan da mənə və digər həvəskarlara yaxşı qrim edərdi”,- dedi. Heyrətlənməmək mümkün deyildi”.

 O zaman bir qrup deputat Naxçıvan teatrının gəlir gətirən sahə olmadığı üçün fəaliyyətinin dayandırılması ilə bağlı məsələ qaldırmışdı. Lakin həmin illərdə Ali Məclisin Sədri olan Heydər Əliyev Naxçıvan Teatrında Ü. Hacıbəyovun əsərlərindən ibarət “Ordan-burdan” tamaşasını izləyir və onunla birlikdə gələn adamlara oyun bitdikdən sonra deyir: “Görürsünüz, teatr nə deməkdir? Sizin saatlarla günün altında dayanıb dediyinizə çox vaxt adamlar qulaq asmır. Ancaq teatrda 1 saat 20 dəqiqə ərzində hər şey aydın oldu. Bu hadisələr hələ əsrin əvvəlində olub. Ancaq yenə aktualdır. Siz saatlarla bunu kiməsə başa sala bilməzdiniz. Ancaq aktyorlar göstərə və deyə bildilər. Ona görə də Naxçıvan Teatrı yaşamalıdır. İndiki vaxtda onun gəliri ola bilsin ki, yoxdur, ancaq təsiri milyonlara dəyər. Adamlara nəyisə izah etmək üçün ən yaxşı vasitə teatrdır. Onun yaşamasına hamımız kömək eləməliyik!” Beləliklə, 1883-cü ildə yaranan teatr ikinci dəfə məhz Heydər Əliyevin qətiyyəti, diqqəti və qayğısı ilə yenidən həyata vəsiqə aldı.

Naxçıvan teatrının əməkdaşları ilə görüşdə bildirmişi ki, elə tamaşa var ki, onu əzbər bilirəm. Hətta bəzilərinə 4-5 dəfə baxmışam. O zamanlar teatr ən maraqlı yer idi. Hətta mən yeniyetmə olanda İbrahim Həmzəyevin oynadığı rollara çox maraqla baxırdım. Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım. Bu mənə sonralar yaxşı təsir etdi.

Naxçıvan teatrı ulu öndər Heydər Əliyev üçün sənət məbədi deyil, həm də bir məktəb qədər dəyərli idi. Etiraf edək ki, onun diqqət və qayğısı həmişə Azərbaycan teatrı, kinosu və musiqisini geniş şəkildə əhatə edirdi. Bunun nəticəsində keçmiş Sovet İttifaqında Azərbaycandan olan sənət adamlarını çox yaxşı tanıyırdılar. Hər bir sahənin olduğu kimi Heydər Əliyev dühası teatr sənətinin də hamisi idi. Allah rəhmət eləsin.

Rza Xudiyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: