Xalqının qəlbində “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və sair ifa etdiyi mahnıları ilə yaşayan Azərbaycanının görkəmli müğənnisi Rəşid Behbudov 1915-ci ildə dekabr ayının 14-də Tiflisdə anadan olub. Atası xanəndə Məcid Behbudovun sənətinə uşaq yaşlarından maraq göstərən Rəşid Behbudov ilk olaraq məktəb xorunda oxumağa başlayır. Sonra Dəmir Yolu Texnikumuna qəbul olan sənətkar təhsil aldığı dövrdə də tələbə özfəaliyyət orkestrində çalışır. Rəşid Behbudov hərbi xidmətini də Ordunun ansamblında fəaliyyət göstərərək yerinə yetirir. O, əsgəri xidmətini başa vurduqdan sonra Tiflisdə estrada qruplarından birinin solisti olaraq fəaliyyətinə davam edir. 1943-cü ildə Bakı kinostudiyasında “Arşın mal alan” filmində baş rola dəvət alan Rəşid Behbudov bu filmin ekranlaşması ilə tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük şöhrət qazanır. Görkəmli sənətkar fitri bacarığına görə Stalin mükafatına layiq görülür. Filmdə Əsgər rolunu oynayan Rəşid Behbudov ifa etdiyi mahnısı ilə tamaşaçılarını valeh edir. Bu hadisədən sonra Rəşid Behbudovun ifasını eşitmək onu sevənlərin ən böyük arzusuna çevrilir.
Əmək fəaliyyətinə uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olaraq davam edən Rəşid Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur. Bildirək ki, hazırda həmin teatr görkəmli xanəndənin adını daşıyır.
Görkəmli sənətkar bənzərsiz səsi və aktyorluq istedadı ilə Azərbaycan bəstəkarlarının əsərlərini həm ölkədə, həm də xarici ölkələrdə tanıdaraq sevdirib. Rəşid Behbudov sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə səfərdə olaraq geniş konsert proqramları ilə çıxış edib. O, Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazıb. Azərbaycan xalq mahnılarının populyarlaşmasında çox böyük xidmətləri olan Rəşid Behbudov mükəmməl ifasına görə dövrünün ən yüksək mükafatlarına - SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSRİ Dövlət mükafatı və laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSRİ-nin xalq artisti, Gürcüstan MSSRİ-nin əməkdar incəsənt xadimi fəxri adlarına layiq görülüb.
Azərbaycan musiqi tarixinin inkişafı və yüksəlişində xüsusi rolu olan Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Dahi sənətkar Bakı şəhərində Fəxri xiyabanda dəfn edilib.
Xalqının sevimli sənətkarı olan Rəşid Behbudov illər keçsə də, unudulmayıb. Dövlətimiz tərəfindən onun xatirəsi əziz tutularaq adı Bakı şəhərində yerləşən mərkəzi küçələrdən birinə verilib. 1991-ci il 19 oktyabrda dahi sənətkarın “80 illiyinin qeyd olunması haqqında” qərar qəbul edilib. 2016-cı ildə adını daşıdığı küçədə və mahnı teatırının qarşısında büstü qoyulub. Elə həmin ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi tərəfindən “Rəşid Behbudov” sürətli sərnişin gəmisi istifadəyə verilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı