“Euronews”da Naxçıvanın qış turizmi tanıdılıb - FOTOLAR

A- A A+

Naxçıvanın qış turizmi potensialı son illərdə dünya mediasında tez-tez işıqlandırılır və bu da regionun turizm potensialının qlobal səviyyədə tanınmasına şərait yaradır. Bölgənin zəngin tarixi-mədəni irsi, müasir turizm infrastrukturu, təbii gözəllikləri xüsusilə qış idman növləri üçün əlverişli şəraiti beynəlxalq media vasitəsilə turistlərə çatdırılır. Beləliklə, Naxçıvan təkcə yaxın coğrafiya üçün deyil dünyanın müxtəlif yerlərindən olan səyahətçilər üçün də cəlbedici və maraqlı bir turizm məkanına çevrilir.

Turizm və səyahət sahəsində ixtisaslaşmış platformalar əsəsən Naxçıvanın Ağbulaq İstirahət Mərkəzini və digər mənzərəli bölgələrini tez-tez vurğulayır, buranın mükəmməl imkanlar təqdim etdiyini bildirirlər.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin 2024-cü il üzrə Fəaliyyət Planına əsasən Naxçıvan Muxtar Respublikasının onlayn marketinq kanalları vasitəsilə təqdimatının gücləndirilməsi, muxtar respublika haqqında materialların yerli və xarici KİV-də təqdim olunacaq promo materialların məzmununa inteqrasiya edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və Azərbaycan Turizm Bürosunun birgə əməkdaşlığı ilə Naxçıvanın qış turizmi potensialının təbliğ olunması məqsədilə nüfuzlu beynəlxalq media platformalarından biri olan “Euronews” saytında Azərbaycanın turizm potensialına həsr olunmuş məqalədə Naxçıvan haqqında məlumata da xüsusi yer verilib.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, “A winter’s tale in Azerbaijan: From thrilling slopes to serene forest trails” başlığı altında yerləşdirilən məqalədə “Nakhchivan: remote and untouched winter beauty” yarımbaşlıqla qədim diyarımızın unikal təbii gözəllikləri və müasir turizm imkanları haqqında məlumat əks olunub. Məlumatda deyilir: Gözlərdən uzaq və toxunulmamış qış gözəlliyi olan Naxçıvan zəngin irslə dolu bir qış təcrübəsi təqdim edir. Bu zəngin irs səfərlərinə başlamaq üçün Naxçıvan və ya orta əsr Ordubad şəhəri ideal başlanğıc nöqtələridir.

Bildirilir ki, Kiçik Qafqaz Dağlarına ev sahibliyi edən Naxçıvanın Şahbuz rayonunda dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən Ağbulaq kəndində yaradılan Ağbulaq İstirahət Mərkəzi Azərbaycanın ən yeni xizək kurortudur. Bu kurort həm yeni başlayanlar, həm də təcrübəli xizəkçilər üçün idealdır. Burada xizək təlimi zonası, ailəvi əyləncə, uşaq parkları və hotel mövcuddur.

Məlumatda Şahbuz rayonunun digər bir turistik məkanı olan Kükü kəndi və Gurbulaq şəlaləsi haqqında da danışılıb. Kükü kəndinin il boyu səyahət və təbiətsevərləri cəlb etdiyi vurğulanıb. Xüsüsilə, kəndin qış mənzərələrinə diqqət yetirilib və bildirilib ki, ümumilikdə daha sakit bir qış istirahəti axtaran yürüş sevənlər üçün Naxçıvan gizli bir cənnətdir.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təbliğat sahəsində apardığı işlər, ölkə və dünya mediası ilə birgə əməkdaşlığı nəticəsində Naxçıvan haqqında məlumatların tez-tez paylaşılması, beynəlxalq turizm bazarlarında regionun tanınmasına, turizm agentliklərinin Naxçıvanla əməkdaşlıq etməsinə və qlobal turizm xəritəsində daha çox yer tutmasına şərait yaradacaq. Bu isə öz növbəsində Naxçıvana daha çox turistin cəlb olunmasına yol açacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: