Özbəkistanda Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı povest və hekayələrdən ibarət kitab nəşr olunub.
NUHÇIXAN xəbər verir ki, 316 səhifəlik kitaba müəllifin “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “Quzu”, “Pirverdinin xoruzu”, ümumiyyətlə, 26 hekayəsi daxil edilib.
Nəşrin ideya müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı “Ön söz” yazıb.
Azərbaycan xalqının yaxın dostu, tanınmış şair, kitabın özbəkcəyə tərcüməçisi, mərhum Osman Qoşqar “Cəlil Məmmədquluzadə” adlı məqaləsində dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında özbək oxucularına geniş məlumat verib.
Kitabın məsul redaktoru, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayev “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” yazısında “Molla Nəsrəddin” məktəbinin, Mirzə Cəlil satirasının Türküstanın ictimai-ədəbi mühitindəki təsirindən bəhs edən maraqlı məsələlərə toxunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında 17 yanvar 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq özbək dilində nəşr olunmuş “Poçt qutusu” kitabı mütəfəkkirin ədəbi irsinə böyük töhfədir.