Naxçıvanda dağ cığırları əsasında piyada marşrutları yaradılır - FOTOLAR
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş satınalma müsabiqəsinin qalibi olmuş “MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) yaradılması üçün layihələndirmə işlərinə start verilib.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən NUHÇIXAN-a bildirilib ki, bu məqsədlə Şahbuz rayonunun Batabat yaylağına baş çəkilib. Dağ cığırları əsasında piyada marşrutlarının ilkin kəşfiyyatı, əlçatanlıqların, yol və yaxud cığır mövcudluqlarının araşdırılması aparılıb, həmin cığırlar üzrə yerləşdiriləcək istiqamət və məlumatverici nişanların siyahıları, sayları və boya nişanlarının yerləri müəyyən edilib. Dağ cığırları əsasında piyada marşrutlarının topoqrafik göstəricilərinə əsaslanan xəritələrin, dəqiq xəritələşdirməni təmin etmək üçün GPS yazılarının hazırlanması, eyni zamanda vəhşi təbiətə, bitki örtüyünə və su ehtiyatlarına potensial təsirlər də daxil olmaqla cığırların yaradılmasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, hündürlük dəyişiklikləri, ərazi növləri və mövcud ola biləcək hər hansı maneə və ya təhlükələr daxil olmaqla cığırların çətinlik səviyyəsi haqqında məlumatların toplanılması işləri görülüb.
Layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra növbəti mərhələdə nişanların quraşdırılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin elan edilməsi və gələcək il ərzində dağ cığırlarının nişanlanması prosesinin başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “hiking” şəhərdən kənar, təbiətdə uzun piyada gəzintilərə getmək fəaliyyətidir. “Hiking” adı altında xüsusilə dağ yürüşləri çox populyardır. Bu məqsədlə nəzərdə tutulmuş yollar bir çox hallarda əvvəlcədən məlum olur və bu yolları qısa müddət ərzində qət etmək mümkündür. Bir qayda olaraq “hiking”in başlanğıc və bitmə nöqtələri çox dəqiq təyin olunduğu üçün “hiking”lər təhlükəsizlik məqsədilə əsas marşrutdan demək olar ki, çıxmırlar.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrasını təmin etmək istiqamətində tədbirlər davam etdirilir.