Bu gün Azərbaycanın xalq artisti Oqtay Kazımovun doğum günüdür

A- A A+

Azərbaycanda ilk rok operasının müəllifi, bəstəkar Oqtay Kazımov 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olub. Orta təhsilini Astarada başa vuran bəstəkar Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olur. O, musiqi məktəbində oxuduğu illərdə “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyir. Sonra təhsilinə Üzeyir Hacıbəyov adına Konservatoriyada davam edən Oqtay Kazımov bəstəkarlıq fakültəsində sevdiyi peşənin sirlərinə yiyələnir. Əmək fəaliyyətinə Sumqayıt musiqi texnikumunda müəllim olaraq başlayan bəstəkar sonra dərs hissə müdiri vəzifəsində çalışır. O, illərdə “Eksperiment” estrada orkestrini yaradır. Sonra fəaliyyətinə filormoniyada musiqi redaktoru olaraq davam edən Oqtay Kazımov eyni zamanda, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyir. Bu illər ərzində onun bəstələdiyi mahnılar uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer alır. Həmçinin bu mahnılar dövrün korifey müğənnilərinin - Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və sair ifalarında çox sevilir.

Görkəmli bəstəkarın xalq çalğı alətləri üçün konsertləri, Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Millətin oyaq gecəsi” vokal simfonik poeması, “Qarabağ rapsodiyası”, təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri – “Büllür sarayda”, “Qılınc və Qələm”, “Fitnə”, “Ümid”, “Ədirnə Fəthi”, “Şeyx Sənan”, “İtlər”, “Qızıl Toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli Dünya” operettaları dillər əzbəri olmuş və müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinin inkişafına töhfə verərək tarixi əhəmiyyət daşıyıb. Onun “Qaytar eşqimi”, “Həyat, sən nə qəribəsən”, “Əlvida”, “Tarla qızları” və bir çox mahnıları xalq tərəfindən ən çox dinlənilən mahnılar sırasındadır.

Uzun müddətli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar Oktay Kazımov “Əməkdar incəsənət xadimi”, “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan musiqisinin inkişafında xüsusi xidmətləri olan Xalq artisti Oqtay Kazımov 2010-cu il avqust ayının 9-da Bakı şəhərində vəfat edib.

Xatirəsi əziz tutulan Oqtay Kazımovun adı əbədiləşdirilərək Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə və Astara şəhərinin küçələrindən birinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: