Ah, bu uzun sevda yolu vurulurmu başa, könül!

A- A A+

Bu gün Azərbaycan poeziyasının ən gənc, ən istedadlı, ən nakam,  ömrünün baharında dilbərinin gözündən gilə-gilə tökülən, “Ah, mən gündən-günə  bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim?” – deyən Mikayıl Müşfiqin anım günüdür. Dərdini ömrünün qaranlıq macərasında gizlədən, səsi hıçqırıq, nəfəsi buz kəsmiş, hər ahı bir duman olub, öz yolunu kəsən Müşfiqin!

Həyat ondan küsənləri incidər, ömrünü kəsər. Yarım ömürlər ilə öz ömür yazısından bir çiçək belə dərə bilməyən Müşfiqim! İndi çəkdiyin papirosların xəfif dalğaları qocaltmış taleyini maviliklərdə boğur. Kirpiyindən çıxan tikanlar səni necə də tikanlar üstündə yuxuya aparıb?! Oyan daha bu gün qabarıb Xəzər, qalxıb tərlan ləpələr, qanadlarını açaraq bu tarixə acıyır… Oyan ki, həyat qayğını alıb ölümdən, keçmişi vurub yıxaq, dalğalardan üzə sağlam çıxaq. Oyan, ey Müşfiq! Ürkək baxışlarınla ruhumuzu dindir. Gilə-gilə saxladığımız göz yaşlarımızda sən oyanıb yuyunasan deyə, gözünə çəkdiyimiz baxışlarımızda gizlətdik səni!

Divardan asılan rəsmin çərçivədən çıxmaq çırpıntısı ilə səksənib durur. Susur Xəzər, susur Nargin, susur sükut! Sükutun dili yansın! Yandırır bizi köz kimi. Danışan, sadəcə, lal xatirələrdir. Sən gedəndən gözlər qapıda asılı qaldı. Gedənlər bilir, gedən qalandan necə getdi; bir gecənin içində, “yoldaş”dan dönüb, “vətəndaş” olub getdi.

Məhəbbəti yarım, səadəti sınıq, iztirabı üzündə, sözü dilində, qəmi saçında, hekayəsi gözündə yaşayan, dərdi ömrünün saralmış səhifələrində gizlənən, Müşfiq! Rəsimdən elə baxırsan ki, elə bil, Dilbərinin gözlərini də həbs edib həbsxanaya aparıb, bu gözlərin görünən tərəfindəki Müşfiq məhəbbətini soyundurub yerinə dərd yüklü qara tül asıblar. Fəqət bu gözlərin görünməyən tərəfində isə bir Müşfiq yaşayır… Bəli, yaşamaq, təbiətin ən məsum tərpənişlərini sezərək, həyatın sarsılmaz bir məntiq ilə axıb gedişini seyr edərək yaşamaq, hər kəsdən daha çox, daha mücadiləli yaşadığını, bir ana bir ömür qədər çox həyat doldurduğunu bilərək yaşamaq və xüsusilə bütün bunları danışacaq bir insanın var olduğunu düşünərək, onu gözləyərək yaşamaq!!!

Öz dibinə işıq salmayan şam kimi, göz yaşların da yanağını yox, qəlbini isladır. Közü-közə caladığın, papirosunun xısı belə rəsminə çökmüş “yarım qalan”, Müşfiq!!! Rəsul Rzaya “Söz, bir daha çəkməyəcəm”, – dediyin halda sözünə xilaf çıxan Müşfiq. Necə əhdə vəfa edə bilərdin ki? Gecə qaranlığa qərq olanları gündüz kim axtarar? Ümid bəzən “cəftəsinə əl dəyməyən qapı” kimi öz içində ölü tapılır. Dostların kitablarını kitabxanalarının məhrəm kölgəsində qoruyarkən, anaları Kərbala ətirli səccadələrində və gözlərindən ovuclarına tökülən dualarda gizlətdi səni. Bəzi dahilər dünyaya gözlərində ölüm gətirərək əbədi yaşam aparır. “Yel döyən oğlu Səba” səndə küləklərlə gəldiyin kimi dalğalara qarışıb ənginliklərdə elə hey “yaşam” pıçıldadın.

Bax elə indicə, elə bu an çırpınan Xəzərin lallaşan qayalarında fəryad qoparan Narginin Xəzərinə hayqırıram. O Xəzər ki odlu-alovlu, yandıqca yanan 29 illik ömür yolunu bir göz qırpımında söndürən, saçın kimi qıvrılan dalğalarında, xəyallarını öz ləpələrində rəssam tək oxşuyan, hər dalğası kişnəyən bir bəyaz at kimi  ömründən ömür aldı. O Xəzər ki günlərcə yağmurla, fırtınayla, soyuqla can alar, sonra bu qədər əziyyət çəkdirdiyinə peşman olmuş kimi lal bir maviliyə bürünər, vəfasız bir sevgili kimi bizə həmişə xəyanət edər, bizsə onu günahsızcasına bağışlayaraq bağrımıza basar, sevməkdən doymarıq. İndi yarımçıq şeirinin dağınıq sətirləri arasına boylanarkən sındırılmış qələminin kağızda yeri qaldığına şahidlik edir “Xəzər”!!!

Acımasız ucsuz-bucaqsız maviliklərə sürüklənən ölüm sisindən, arxasınca coşğun dənizi gətirərək sel olub dünyaya axan, fikri qanadlanıb uçmaq dilərkən, göy üzündən yerə yıxılan, Müşfiq.  O Müşfiq ki  ömrünün vərəqləri bir rəngdə qalmadı. O Müşfiq ki dalğalar əndamını həvəslə qucaqlayarkən qısqanclıqdan doğan hisslər cumub səni dalğaların əlindən almadı. Adı şövqlü, həvəsli mələk idi… Nə etdilər o mələyə?! Qanadlarını qırıb, qəlbinimi sıxdılar?! Hər çiyinə qonaraq şeir fısıldayan Müşfiqimin səsinimi batırdılar?!

Cismimizi oxşayan Günəş şüaları bir nöqtədən keçdikdən sonra başqa bir nöqtədə toplanar və yandırmağa başlayarsa, dirayətini davamlı artıran Müşfiq sevgisi də bizi sararaq hər an tutuşdurar. İllər keçdikcə sən bizdən uzaqlaşır, bizsə sənə daha da yaxınlaşırıq, Müşfiqim. Ən böyük acıya belə üzündəki təbəssümü qoruyaraq təhəmmül edən Müşfiq xəyalı bizi illər keçsə də, tərk etməyəcək.  Darğın zaman gülüstanını bustana, həyatını ölüm körpüsünə kükrədərək başlamadan bitən həyat qissənin izlərini Dilbərinin sən qoxan hisslərinə bürüyüb. Dünyaya çalğısız bir əyləncə kimi gəlib, yelkənsiz gəmi kimi Xəzərə qucaq açaraq başlamadan bitən həyat qissən bizə mehman olan Dilbərin baxışları ilə bunu deyir: Ah, bu uzun sevda yolu vurulurmu başa, könül!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: