100 illik Naxçıvan musiqi mədəniyyətinin Rəşid Məmmədov zirvəsi

A- A A+

Qədim, ulu Naxçıvan. Bu torpağın hər daşında qayasında sirli bir tarix yaşayır. Bu tarixin ən vacib tərəflərindən olan mədəniyyət tariximiz qürur mənbəyimizdir. Naxçıvan mədəniyyətinin 100 illik tarixə söykənişi, onun yaranışı, intibahının yalnız bir səhifəsi hesab oluna bilər. Naxçıvanın özünəxas mədəniyyət üslubları zamanın heç bir siyasi küləyinə tabe olmamış, öz əhəmiyyətini qoruyub saxlamışdır. Bu gün Naxçıvan musiqi mədəniyyətində böyük bir inkişaf, intibah görünürsə, onun məntiqi tarixi söykənişləri də var.

Naxçıvan musiqi mədəniyyətində xüsusi xidmətləri olan sənət fədailəri çox olmuşdur. Bizim bugünkü məqsədimiz onların yaradıcılıq yoluna nəzər salmaq, bu insanların sənət yolu ilə yetişməkdə olan gəncliyimizi də maarifləndirməkdir.          Biz bugünkü yazımızda Naxçıvan musiqi mədəniyyətinin inkişafında danılmaz xidmətləri olmuş Rəşid Rza oğlu Məmmədovun keçdiyi sənət yolunun bəzi səhifələrini vərəqləməyə çalışacağıq. Bu gün Naxçıvan musiqi sənətində profesional tar ixtisasının yüksək zirvəyə qalxması məhz Rəşid Məmmədovun adı ilə bağlıdır. Rəşid Məmmədov 2 fevral 1936-cı ildə Naxçıvanın qədim məhəllələrinin biri “Sarvanlar” məhəlləsində dünyaya göz açmışdır. Çox nisgilli bir həyat bəxş etmişdir Tanrı Rəşid müəllimə. 8 yaşında olarkən atası Rza kişini, sonra isə anası Zərri xanımı itirmişdi. Bəlkə də, bu nisgil, bu itki onu dərdini ovutmaq üçün musiqiyə meyilləndirmişdi. Rəşid müəllimin özünün vaxtilə dediyi kimi, uşaqlıq və yeniyetməlik illəri ağır və keşməkeşli olmuşdu. Sonraki illər balaca Rəşidi musiqi sənətinə yönləndirmiş, bu sənətin sehrinə düşərək ömrünü birdəfəlik musiqiyə bağlamışdı. O ilk musiqi təhsilini əsası Üzeyir bəy tərəfindən qoyulan Naxçıvanın ilk uşaq musiqi məktəbinin tar sinfində almışdır. Burada dövrünün sayılıb, seçilən musiqiçilərindən gözəl muğam bilicisi Vahid Axundov və Yusif Əliyevdən tar alətinin ilk anlayışlarını öyrənmişdir. 1953-cü ildə həmin musiqi məktəbini fərqlənmə şəhadətnaməsi ilə bitirən balaca Rəşid elə həmin il Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsinin tar sinifinə qəbul olmuşdur. Burada Azərbaycan musiqisinin korifeylərindən sayılan Azərbaycanın ilk qadın bəstəkarlarından Ağabacı Rzayevadan ixtisas dərsi, Azərbaycan muğam sənətinin inkişafında xüsusi yeri və xidmətləri olan muğam bilicisi Əhməd Bakıxanovdan muğam sənətini, görkəmli bəstəkar Nəriman Məmmədovdan orkestrləşmə, Adil Gəray, Rəşid Əfəndiyev kimi görkəmli bəstəkarlardan orkestr dərsini, xalq musiqimizin əvəzsiz ustadı sayılan Kamil Əhmədovdan ansambl vərdişlərinin sirlərini öyrənmişdir. Ümumilikdə, buradakı təhsil gənc Rəşidin həyatında silinməz izlər buraxmışdır. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini də fərqlənmə diplomu ilə bitirən Rəşid Məmmədov sonraki təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirmiş, bu musiqi məbədini uğurla bitirərək doğma Naxçıvana ilk ixtisaslı kadr kimi qayıtmışdır. Həmin illər onun həyatında Naxçıvan musiqi mədəniyyətinin quruculuq illəri kimi daxil olmuşdu. Beləcə, Rəşid Məmmədov Naxçıvan musiqi mədəniyyətinə ixtisaslı, bilikli bir musiqiçi kimi qədəm qoymuş, özünün səmərəli fəaliyyətini Naxçıvan musiqisinin inkişafına həsr etmişdir.                                                                      

  Rəşid Məmmədov haqqında onun tələbəsi olmuş Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, ictimai xadim, bəstəkar, musiqişünas, pedaqoq Nazim Paşa oğlu Quliyevin 1998-ci ildə öz müəlliminə həsr etdiyi “Saçlar ağarmasın, neyləsin?” kitabında Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarının fikirləri öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Xalq artisti, professor Arif Məlikov: “Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Rəşid Məmmədova yaradıcılıq uğurları arzulayır, onun haqqında hazırlanan kitaba görə müəllif, tədqiqatçı Nazim Quliyevə isə uğurlu yol arzulayıram”.

Azərbaycan Respublikasının Xalq artisti, professor Ramiz Zöhrabov: “Bəstəkar Rəşid Məmmədovdan söz açarkən biz, ilk növbədə, onun çoxşaxəli fəaliyyətini qeyd etməliyik. O həm istedadlı bəstəkar, həm gözəl həm pedaqoq, həm tanınmış musiqiçi, ictimai xadim, həm bacarıqlı təşkilatçı, həm də Naxçıvanda ilk notlu xalq çalğı alətləri orkestrinin təməlini qoyan rəhbər və baş dirijor kimi geniş yaradıcılıq təxəyyülünə malikdir. Mən bir musiqişünas kimi onun bəstəkarlıq sahəsində yaradıcılığına müraciət etmək istərdim. O bir çox dram tamaşasına musiqi yazıb, ürəyə yatımlı mahnılar bəstələyib, xalq çalğı alətləri orkestrinin repertuarını zənginləşdirən əsərlər yaradıb və həmin əsərləri gözəl orkestrləşdirib.

Azərbaycan Respublikasının Əməkdar artisti Yaşar Səfərov:

Rəşid Məmmədovun Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olmuşdur. Belə ki, Rəşid Məmmədov bir çox istedadlı musiqiçilər yetirmişdir. Onun tələbələrinin səsi bu gün respublikamızın bir çox təhsil, mədəniyyət ocaqlarından gəlir. Rəşid Məmmədovun “Doğma Naxçıvan”, “Ürək pıçıldayır”, “Küsmə, ay qız”, “Baxma oğlan”, “Daşlara yazdım”, “Nişanlı qızlar” və bir çox mahnıları bu gün də dillər əzbəridir.

  Yuxarıda qeyd olunan fikirlər artıq oxucuda Rəşid Məmmədov portretini yaratdı desəm, yanılmaram. Əziz oxucu, bir az əvvələ qayıdaq:

 Rəşid Məmmədovun Naxçıvana qayıtdıqdan sonrakı fəaliyyəti  Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi ilə başlamışdır. Burada müəllim kimi çalışan Rəşid müəllim qarşısına vacib bir vəzifə qoyur: İstedadlı və ixtisaslı kadrlar yetirmək. Qısa zaman kəsiyində o həmin musiqi məktəbində Naxçıvanın ilk notlu xalq çalğı alətləri orkestrini yaradır. Öz səmərəli fəaliyyətini musiqi sənətimizin inkişafına həsr edən Rəşid Məmmədov yaratdığı orkestrlə muxtar respublikada keçirilən mühüm mədəni tədbirlərdə çıxışlar edir, orkestrin ifalarını geniş kütlə qarşısında nümayiş etdirir, musiqimizi böyük həvəslə təbliğ edir. Onun səmərəli fəaliyyəti nəzərə alınaraq məktəbə direktor təyin edilir. Bundan sonra Rəşid müəllim məktəbə rəhbərlik etməyə başladığı gündən qarşısına, əsasən, müəllim kollektivinin gücündən səmərəli istifadə edərək buranı gənc musiqiçilərin yetişib boya-başa çatdığı tədris ocağına çevirmək kimi nəcib bir vəzifə qoyur. Bu məqsədlə o, uzun müddət məktəbdə çalışan öz müəllimləri Yusif Əliyev, Vahid Axundov və sənət yoldaşları Məmməd Ələkbərov, Məmməd Məmmədov, Ənvər Hüseynovun bilik və bacarığından istifadə edərək musiqi mədəniyyətimizdə yeni-yeni uğurlara imza atır. Kollektivdə ciddi əmək intizamının tərəfdarı olan Rəşid Məmmədov digər müəllimlərə də nümunə olmağa çalışır, musiqi təhsilinin daha da keyfiyyətli olmasına xüsusi diqqət yetirirdi. Bu baxımdan o, hər bir müəllimin əməyinin nəticəsinə yüksək qiymət verər, həmin müəllimlərin yetirdiyi şagirdlərin daha geniş auditoriya qarşısında çıxış etmələrinə şərait yaradardı. Bütün bunlar gənc musiqiçilərdə böyük ruh yüksəkliyi yaradar, onları bu sənətə daha sıx cəlb edərdi. Bu gün Azərbaycanın bir çox istedadlı sənətkarlarının ilk sənət yolu məhz həmin dövrdən başlamışdır desəm, yanılmaram. Rəşid müəllim şagirdlərin texniki imkanlarını artırmaq məqsədilə Naxçıvanda ilk dəfə olaraq Səid Rüstəmovun “Tar məktəbi” dərsliyində verilən etüd və qammaların yuxarı sinif şagirdlərinə kütləvi şəkildə beş-altı, bəzən isə yeddi-səkkiz ştrixlə ifa olunmasını tədrisdə tədbiq etmişdir. O, “Melodik etüdlər” məcmuəsindən ayrı-ayrı nömrələri tədris proqramlarına daxil etmiş və istedadlı şagirdlərə öyrətməyə başlamışdır. Rəşid müəllim o dövrədək məktəbdə ifa olunmayan bir sıra Qərb və rus bəstəkarlarının əsərlərinin Azərbaycan milli musiqi alətləri tar və kamançada ifa edilməsinə nail olmuş, xüsusilə də J.Bizenin “Karmen” operasından “Vals”, “Antrakt”, Qlinikanın “İvan Susanin” operasından “Vals”, Şubertin “Sereneda”sı, Kyunin “Oriental” rəqsini Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Hacı Xanməmmədov, Adil Gəray, Tofiq Quliyevin əsərlərini ilk dəfə tədris proqramına daxil etmişdir.

Yüksək müəllimlik qabiliyyətinə malik olan Rəşid müəllimin yetirmələri Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, musiqişünas Nazim Quliyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının professoru Afət Novruzov, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tarizən Əkrəm Məmmədov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tağı Tağıyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov və adlarını qeyd etmədiyim bir çox tanınmış musiqiçilər bu gün də Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində yorulmadan fəaliyyət göstərirlər.

Gərgin əmək fəaliyyətinə baxmayaraq, Rəşid müəllim bir an da olsun, yaradıcılıq axtarışlarına ara vermirdi. Bir yaradıcı insan kimi formalaşmasında mühüm rol oynayan müəllimləri Əhməd Bakıxanov, Ağabacı Rzayeva, Rəşid Əfəndiyev, Kamil Əhmədov və başqalarından aldığı enerji ömrünün son günlərinədək Rəşid Məmmədovu yaradıcılıq işini davam etdirməyə sövq etmişdir. Təsadüfi deyil ki, bu gün onun zəngin yaradıcılıq irsi xatirələrdə yaşayır. Bu silsilədən Rəşid Məmmədovun Ulu Öndər Heydər Əliyevə, əmək qəhrəmanlarına həsr etdiyi iyirmi beşdən artıq mahnı, Cəlil Məmmədquluzadə adına Naxcıvan Dövlət Musiqili Dram Teatırında 19 tamaşaya yazılmış musiqi, iki tar və fortepiano üçün pyes, xor və xalq çalğı alətləri üçün mahnı, xalq çalğı alətləri ansamblı üçün “Süita” və sair əsərlərini göstərmək olar.                           

 Rəşid Məmmədov Naxçıvan musiqi təhsili sistemində təşəbbüskarlıq fəaliyyəti ilə də yadda qalmışdır. 1964-cü ildən başlayaraq Rəşid müəllim rayon mərkəzlərində musiqi məktəblərinin açılması məsələsini gündəmə gətirərək təkliflər irəli sürür. İlk növbədə, rayon mərkəzlərində Naxçıvan Musiqi Məktəbinin filialı yaradılır, sonra isə həmin məktəbin müstəqil məktəbə çevrilməsinə nail olunur. Beləliklə, 1965-ci ildə Ordubad Rayon Uşaq Musiqi Məktəbi yaradılır və bu məktəbdə ixtisaslı kadrların hazırlanmasında Rəşid Məmmədov bir başa iştirak edir. Bundan sonra 1967-ci ildə Culfa Rayon Uşaq Musiqi Məktəbi, 1968-ci ildə Bəhruz Kəngərli adına Şərur Rayon Uşaq İncəsənət Məktəbi, 1969-cu ildə Şahbuz Rayon Uşaq Musiqi Məktəbi yaradılmışdı. Bu məktəblərin hər birinin yaradılmasında Rəşid Məmmədovun çox böyük zəhməti olmuşdur.   

 Yaradılan məktəblərin ixtisaslı və təhsilli kadrlara böyük ehtiyacı var idi. Təyinatla Naxçıvana göndərilən gənc müəllimlər tələbatı tam ödəmədiyindən Naxçıvan Musiqi Məktəbini əla qiymətlərlə bitirmiş, yüksək ifaçılıq qabiliyyətinə malik məzunlar gənc olmalarına, heç bir müəllimlik təcrübəsinə malik olmamalarına baxmayaraq, yeni açılan musiqi məktəblərində və müxtəlif musiqi kurslarında uğurlu müəllimlik fəaliyyəti göstərirdilər.

Ürəyi Naxçıvan musiqi mədəniyyətinin inkişafı ilə döyünən və bütün bu çətinlikləri nəzərə alan Rəşid Məmmədov görürdü ki, Bakı şəhərində təhsilini davam etdirmək istəyən bir çox gənc musiqiçilər qarşıya çıxan müəyyən çətinliklər üzündən musiqi təhsillərini davam etdirə bilmirdilər. Buna görə də o, Naxçıvanda peşəkar ixtisaslı musiqiçi kadrların yetişdirilməsi zərurətini günün əsas tələblərindən biri kimi görürdü.

Əziz oxucu, Naxçıvan musiqi mədəniyyəti üçün maraqlı bir hadisəni xatırlatmaq yerinə düşər.

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 50 illik yubiley tədbirlərində iştirak edən ozamankı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və bir çox ziyalılar arasında görkəmli maestro Niyazi də var idi. Səhnədə Rəşid Məmmədovun rəhbərliyi ilə xalq çalğı alətləri orkestri Üzeyir bəyin “Koroğlu” operasından Üvertüranı ifa edirdi. Bir neçə xanəndədən sonra Rəşid müəllim orkestrin ifasını saxlayıb, üzünü zala tutur və maestro Niyazinin səhnəyə qalxaraq həmin əsərə dirijorluq etməsini xahiş edir. Təklifdən boyun qaçırmayan böyük Niyazi səhnəyə qalxır və əsəri başdan sonacan ifa edir. Bu hadisə həmin orkestrin gənc üzvləri və bütün tədbir iştirakçıları üçün ən yaddaqalan bir günə çevrilir. İfadan sonra Niyazi Rəşid müəllimi belə gözəl orkestr yaratdığı üçün təbrik edir və ona uğurlar arzulayır. Ömrünün sonuna kimi bu hadisə ən xoş xatirə kimi Rəşid müəllimin yaddaşına köç etmişdir.

Bu kimi tarixi hadisələr Naxçvan musiqi mədəniyyətinin inkişafında müstəsna rol oynayan orta ixtisas musiqi məktəbinin yaradılmasını şərtləndirir.

1974-cü ildə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə yaradılan bu təhsil ocağı muxtar respublika sakinlərinə bəxş etdiyi yadigarlardan biridir.

 Həmin zamanlar Azərbaycan Respublikasına rəhbərlik edən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə keçiriliən təntənəli yığıncağın bədii hissəsindən sonra gələn qonaqlarla birlikdə muxtar respublikanın mədəniyyət və incəsənət adamları ilə görüşən Ümummilli Lider Naxçıvanda mədəniyyət və incəsənət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə görüləcək işlər üçün təkliflər istəyir. Rəşid Məmmədov Naxçıvanda Orta İxtisas Musiqi Məktəbinin yaradılması təklifi ilə çıxış edir. Qonaqlar arasında olan dünyaşöhrətli dirijor-bəstəkar Niyazi belə bir məktəbin açılması Naxçıvan musiqi mədəniyyətinin məqsədyönlü inkişafında əsaslı zəmin yaradacağını qeyd edir. 

Ölkəmizin hər bir regionunun bütün sahələr üzrə inkişaf etdirilməsi naminə yorulmaz və fədakarlıq əzmi ilə çalışan Ümummilli Lider incəsənət xadimlərinin qeyd edilən təkliflərini nəzərə alaraq Naxçıvanda orta ixtisas musiqi məktəbinin yaradılması üçün müvafiq tapşırıqlar verir və beləliklə, 1975-ci ildə Naxçıvanda ilk orta ixtisas musiqi məktəbi fəaliyyətə başlayır. Bu gün yüzlərlə ixtisaslı musiqiçilərimiz var ki, onların hər biri Naxçıvan Musiqi məktəblərinin və Naxçıvan Musiqi Kollecinin yetirmələri olmuşlar. Sadaladığımız bütün faktlarda Rəşid müəllimin fədakarlığı qırmızı xətlə keçir. Sevindirici haldır ki, bu gün Rəşid Məmmədovun yolunu övladları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Ayxan Məmmədov, qızı Zərri Məmmədova və nəvəsi Günay Heydərova layiqincə davam etdirir

 Rəşid Məmmədovun əməyi yüksək qiymətləndirilərək o, 1973-cü ildə Naxcıvan MSSR Əməkdar mədəniyyət işçisi, 1999-cu ildə Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Resbublikasının Əməkdar incəsənət xadimi fəxri adına, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin mükafatına layiq görülmüşdür. Təəssüflə qeyd etməliyəm ki, həmin ilin iyun ayının 20-də Rəşid Məmmədov haqq dünyasına qovuşmuşdur.

Rəşid Məmmədov təpədən-dırnağacan yaradıcı, fədakar, işıqlı bir sənət insanı idi. O, Naxçıvan musiqi mədəniyyətində müstəsna xidmətlər göstərmiş pedaqoq, ictimai xadim, dirijor və bəstəkar kimi musiqi mədəniyyətimizin yaddaqalan səhifələrini yazmışdır. Onun bəstəkarlıq fəaliyyəti isə tamam geniş maraqlı bir mövzudur. 2026-cı ildə 90 illik yubileyi tamam olan sənətkarımız haqqında çalışacağıq ki, növbəti yazılarımızda yaradıcılığınıın bəstəkarlıq istiqamətindən geniş məlumat verək. Rəşid Məmmədov iki əsrin adamı idi. Onun yaradıcılığı və fəaliyyəti bütün dövrlərdə parlaq şəkildə təcəssüm olunmuşdur. O, dünənimizdən gəlir, bu günümüzdən keçir və sabahlarımıza, bizə doğru yol göstərir.

 Ruhun şad olsun, ustad!

Fətəli AXUNDZADƏ

Naxçıvan Musiqi Kollecinin direktor müavini

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: