Xalq artisti, aktrisa Leyla Bədirbəylinin bu gün doğum günüdür

A- A A+

Azərbaycan teatrının inkişafında xüsusi xidmətləri olan Leyla Bədirbəyli 1920-ci il yanvar ayının 8-də Bakı şəhərində anadan olub. Aktrisa uşaq yaşlarından rəqsə böyük maraq göstərib. Onda incəsənətə olan sevgi anası Bikə xanımın Əli Bayramov klubundakı qadınlar dərnəyinin rəqs bölməsinə yazdırması ilə yaranıb. Bu sevgi onu çox gənc yaşlarından səhnəyə çıxmasına səbəb olub. 15 yaşından Filarmoniyada solist kimi fəaliyyət göstərməyə başlayan Leyla ilk dəfə özünü kino aktrisası kimi operator Dziqa Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda sınayıb. İkinci çəkildiyi film isə ilk qadın rejissor Qəmər Salamzadənin çəkdiyi “Dəcəl dəstə” filmi olub. Sonra “Ayna”, “Bakının işıqları” filmlərində də çəkilib. 1941-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunan Leyla Bədirbəyli bununla da, Azərbaycan teatrının inkişafına töhvələr verməyə başlayıb. Onun teatrda ilk çıxışı Mirzə İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub. Bu uğurlu rolu ilə o, teatr səhnəsində bir çox tamaşalarda baş rollarda yer alıb. Leyla Bədirbəyli Aleksandr Ostrovskinin “Tufan”ında Klaşa, “Pəri cadu”da Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və sair digər rolları tamaşalarda ifa edib.

Aktrisa kinolarda həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların obrazlarını oynayıb. O, 50-yə yaxın bədii, televiziya və qısametrajlı bədii filmdə çəkilib. “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə yadda qalan aktrisa bu rola Üzeyir bəy Hacıbəylinin istəyi ilə seçilib. Filmdə Gülçöhrə obrazını uğurlu yaradan Leyla Bədirbəyli dünya ekranlarına çıxmaqla xalqlar arasında tanınıb. “Arşın mal alan” filminə görə yaradıcı qrup, o cümlədən aktrisa “Stalin” mükafatına layiq görülüb. Leyla Bədirbəylinin müxtəlif illərdə çəkilmiş - “Fətəli xan”da Tuti Bikə, “Koroğlu”da Nigar, “Onun böyük ürəyi”ndə Xalidə, “Kölgələr sürünür”də Leyla, “İntizar”da Ana, “Sevil” film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsüm, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə Fatma və sair filmlərdə maraqlı surətlər yaradaraq kütləvi tamaşaçı sevgisi qazanıb. Səhnə həyatında bir çox uğurlara imzalar atan Leyla Bədirbəylinin fəaliyyəti yüksək qiymətləndirilərək “Azərbaycan SSR Xalq artisti”, “SSRİ Xalq artisti”, Azərbaycan SSR Dövlət Mükafatları laureatı fəxri adlarına layiq görülüb.

 Ölkəmiz müstəqillik qazandıqdan sonra Leyla Bədirbəylinin milli teatr və kinodakı fəaliyyəti “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində işləyən istedadlı gənclərin inkişafı yoluna da işıq salıb. Azərbaycan incəsənətinə, mədəniyyətinə öz yaradıcılıq töhfəsini verən Leyla Bədirbəyli Azərbaycan kinosunun inkişafındakı fədakar xidmətinə görə dövlətimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub.

Milli kino sənətimizin bənzərsiz simalarından biri olan Leyla Bədirbəyli 1999-cu il noyabr ayının 23-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Görkəmli aktrisanın xatirəsini əziz tutan Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da “Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilməsi” haqqında Sərəncam imzalayıb.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: